BolgeXeber.Com » Sosial » "Bu da insanların zəhərlənməsinə gətirib çıxarır" - PROBLEM

"Bu da insanların zəhərlənməsinə gətirib çıxarır" - PROBLEM

23-10-2018, 15:58
Oxunub: 3 026 "Bu da insanların zəhərlənməsinə gətirib çıxarır" - PROBLEMYediyimiz digər ət və ət məhsullarına nəzarət həyata keçirilir.

- Ay bala, balıq "sveji”dirmi?
- Görmürsən xala, hamısı dipdiridir.
- Yox e, deyirəm balıq "sveji”dirmi? Diriliyinə qalsa, mən də diriyəm...

Bu, balıq satanla təxminən 60 yaşlı bir xalanın dialoqudur. Artıq balıq mövsümü başladığından insanlartın bir çoxu balıq almaq üçün bazarlara üz tutub. Biz də bazarlara yollanıb satışın necə həyata keçirildiyini, gigiyenik baxımdan qaydalara riayət olunub-olunmadığını öyrənməyə çalışdıq. Təəssüf ki, qarşılaşdığımız mənzərə heç də ürəkaçan deyil. Nəinki bazarlarda, hətta istənilən yerdə, küçənin ortasında da balıq satanlar vardı. Təbii ki, həmin balıqların insan sağlamlığı üçün hansı təhlükələri daşıdığı bilinmir.

Yediyimiz digər ət və ət məhsullarına nəzarət həyata keçirilir. Son dövrlər ətlərin kəsiminə, satıldığı yerlərə, kəsimdən əvvəl heyvanlara baytarlar tərəfindən ciddi nəzarət olunur. Bəs balıqlar belə yoxlanışdan keçirmir? Və ya balıqların yoxlanışdan sonra satılması üçün konkret bir bazar olmasına ehtiyac varmı? Müşahidələrimizə əsasən deyə bilərik ki, balıqların satışı çox pərakəndə şəkildə həyata keçirilir. Balıq satanlar söhbətimizdə iddia etdilər ki, çaydan tutub, birbaşa bazara gətirib, "sveji, sveji” satırlar.

Məlumat üçün qeyd edək ki, son dövrlərə qədər ölkəmizdə balıq bazarı olmayıb. Lakin 2017-ci ilin sentyabr ayında Pirallahı rayonunda ancaq balığın satışı ilə məşğul olan bazar istifadəyə verilib. Buna baxmayaraq, həmin bazar əlçatanlıq baxımından əlverişli deyil. Çünki Pirallahıdan uzaq məsafədə olan biri gedib həmin yerdən balıq almır. Bu gün müxtəlif ərazilərdə balıq bazarlarına və satışdan əvvəl balıqların yoxlanılmasına ehtiyac olub-olmadığını öyrənməyə çalışdıq.

Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun Hidrobiologiya Laboratoriyasının müdiri Adil Əliyev deyir ki, mütləq şəkildə satışdan əvvəl hər bir balıq yoxlanışdan keçməlidir: "Bu məsələni həll etmək üçün ilk növbədə bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislərlə danışıqlar aparmaq lazımdır. Çünki balıq satışında ciddi boşluqlar var. Balıqların ovlanması və satışa çıxarılmasına ciddi nəzarət etmək lazımdır. Bütün heyvanlarda olduğu kimi, balıqların da üzərində parazitlər var. Mütləq şəkildə satışdan əvvəl hər bir balıq yoxlanışdan keçməlidir. Balıqları baytar yox, parazitoloqlar, xüsusilə balıq parazitləri sahəsində ixtisaslaşmış şəxslər yoxlamalıdırlar. Yalnız yoxlanışdan keçdikdən sonra balıqlar satışa çıxarılmalıdır. İribuynuzlu heyvanlar və quşlarda bu prosesə ciddi nəzarət edilir. Amma təəssüf ki, bu təcrübə balıq sahəsində yoxdur. Yəni indiyə qədər balıqların satışdan əvvəl yoxlanması təcrübəsi ölkəmizdə həyata keçirilməyib. Bir ara quş qripinin yayılması ilə bu istiqamətdə yoxlanışlara diqqət artdı. Düzdür, hələ ki balıqlarla bağlı nə isə bir problem, insana keçəcək xəstəlik qeydə alınmayıb. Amma yenə də yaxşı olardı ki, satışdan əvvəl yoxlanışdan keçirilsin”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov təəssüflə qeyd edir ki, hazırda balıqların satışı kortəbii şəraitdə həyata keçirilir: "Bu sahədə bəzi problemlər yaşanır. Bir çox, xüsusilə də dənizkənarı ölkələrdə balıq bazarları mövcuddur. Lakin təəssüflər olsun ki, biz də həmin bazarlardan yoxdur. Və balıqlar yoxlanışdan keçmədən kortəbii şəkildə əhaliyə satılır. Hazırda ən yaxşı balıq satışı "Yaşıl bazar”da həyata keçirilir. Buza qoyulmuş şəkildə, soyuducularda saxlanılır. Amma başqa yerlərdə zənbillər içərisində satılır. Bu da insanların zəhərlənməsinə gətirib çıxarır. Məsləhət görərdim, ki haradan gəldi balıq alınmasın. Tələbatı formalaşdıran əhalidir. Balıq bazarlarının təşkil olunmasına da bələdiyyələr nəzarət etməlidir”.

Azərbaycan Ekologiya Standartlarının Monitorinqi Fondunun müdiri Rauf Soltanov vurğulayır ki, qeyri-neft sektoru içərisində ən gəlirli sahələrdən biri kimi balıqçılığa dövlət səviyyəsində nəzarət edilməlidir: "Xəzər dənizi balıqçılığın inkişaf etməsi üçün olduqca əlverişli şəraitə malikdir. Demək olar ki, burada çoxlu balıq növləri var. Həmin balıqların tutulması, onların qablaşdırılması, qida üçün istifadə edilməsi müəyyən normalar daxilində həyata keçirilməlidir. Bu baxımdan dənizdən tutulan balıqların yoxlanışı və vahid mərkəzdən satışı dünya standartlarına uyğun edilməlidir. Amma təəssüflər olsun ki, nə ölkəmizdə, nə də Xəzəryanı digər bölgələrdə balığın tutulması ilə əlaqədar hüquqi normativ sənədlər olmasına baxmayaraq, buna riayət olunmur. Qeyd edim ki, xüsusilə Lənkəran bölgəsində yaşayanlar daha çox balıqla qidalandığı üçün, əhalinin 40-50 faizində qurd xəstəlikləri olur. Bu, balığın tutulması və satışı prosesinə nəzarətin olmaması ilə əlaqədardır. Balıq əslində çox təhlükəli bir canlıdır. Balıq ilbizlə qidalanır və ilbiz də demək olar ki, bir çox xəstəliklərin daşıyıcısıdır. Balıqlar ilbizlə qidalandıqda, onların bədənində xəstəlik törədən mikroorqanizmlər yaranır. Əhali də balığı yeyəndə, istər-istəməz həmin xəstəliklərə yoluxur. Düşünürəm ki, balıqların tutulmasına və satışına dövlət səviyyəsində nəzarət edilməlidir. Bu gün balıqçılığın inkişaf etdirilməsi ən mühüm məsələlərdən biridir. Çünki bu, kifayət qədər gəlirli sahədir”. \\kaspi.az\\