BolgeXeber.Com » Media » Azərbaycan efirinin ciddi problemi: uşaqlar böyüklərlə birgə tamaşaçı sırasında əyləşir - ARAŞDIRMA

Azərbaycan efirinin ciddi problemi: uşaqlar böyüklərlə birgə tamaşaçı sırasında əyləşir - ARAŞDIRMA

27-10-2018, 16:58
Oxunub: 3 665 Azərbaycan efirinin ciddi problemi: uşaqlar böyüklərlə birgə tamaşaçı sırasında əyləşir - ARAŞDIRMATürkiyə və Rusiya TV efirindən fərqli olaraq, bu gün Azərbaycan efirində uşaqlar böyüklərlə birgə tamaşaçı sırasında əyləşir

Gündəlik efirdə daha çox şou və sosial məzmunlu verilişlərin yayımlanmasını nəzərə alınsa, uşaqların yaşa uyğun olmayan verilişdə iştirakı ciddi problemdir. Burada müzakirə və təqdim olunan mövzu, şoular uşaqlara şüuraltı təsir edir, onların gələcək həyatı üçün təhlükə də yarada bilər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin nümayəndəsi Seymur Məmmədov “Report”a bildirib ki, uşaqların TV verilişlərində, xüsusilə aidiyyəti olmayan proqramlarda iştirakı yolverilməzidir: “Medianın əsas vəzifəsindən biri uşaq hüquqlarının müdafiəsi olsa da, bəzən verilişin yüksək reytinqi naminə uşaq problemlərindən istifadə edib müzakirə aparılır. Amma uşaqların həssas olduğu nəzərə alınmalıdır, cəmiyyətdə psixolojı təsirə, travmaya tez məruz qalırlar. Hesab edirik ki, bu məsələlər MTRŞ-in diqqətindən kənarda qalmır. Komitə daim monitorinq aparır və mənfi hallar aşkar olunduqda, dərhal aidiyyəti televiziya kanalına və Milli Televiziya və Radio Şurasına müraciət ünvanlanır, məsələ də həllini tapır”.

Seymur Məmmədov qeyd edib ki, uşağın sağlamlıq və inkişafına ziyan vuran informasiyadan qorunması ilə bağlı qanun layihəsi artıq Milli Məclisin müzakirəsinə göndərilib: “Qanunun məqsədi uşaqların informasiyaya təhlükəsiz çıxışını təmin etmək, həm KİV-də, həm də internetdə onların qarşılaşa biləcəyi sağlamlığa zidd informasiyadan qorumaqdır. Qanunda əsas anlayışlarla yanaşı ailə institutunu nüfuzdan salan informasiyadan da söz açılır. Belə ki, ailə dəyərlərini inkar edən, nikah, valideynlik kimi sosial institutları aşağılayan, onların əhəmiyyətini heçə endirən informasiyanın yayılmasına yol verilməməsi kimi müddəalar yer alıb. Bu baxımdan komitə hesab edir ki, qanun qəbul olunduğu təqdirdə uşaqların televiziya verilişlərində iştirakı məsələsi daha çox diqqət mərkəzində saxlanılacaq. Əsas məsələlərdən biri KİV-də və internet informasiya ehtiyatlarında yayılan bütün növ informasiyanın uşaqların yaş kateqoriyasına uyğun işarələnməsidir. Qanun qəbul olunduqda informasiya məhsullarının 6, 12, 16 və 18 yaş kateqoriyasına bölünməsi qeyd edilib. Bu yaş kateqoriyaları uşaqların aidiyyəti televiziya verilişlərində iştirakını qanunla tənzimləyir”.


Psixoloq Könül Telmanqızı yetkinlik yaşına çatan bir uşağın ailə-məişət xarakterli hər hansı verilişə qatılmasını düzgün hesab etmir: “Ailədaxili münaqişədə böyüyən uşağın hansısa ailə məsələsini müzakirə olunduğu verilişdə iştirakı onun psixologiyasına mənfi təsir göstərə bilər. Əgər uşaq ailədə baş verən problemlərdən travma alıbsa, deməli bunu beynindən tam atmayıb. Körpəlikdə yaşanan problemi uşaq psixoloq yanında dəf etməyibsə, bu travma onda dərin iz qoyur. Bu zaman uşağın psixologiyasında qarışıqlıq əmələ gəlir. Bu da yetkinlik yaşındakı uşağın psixoloji sağlamlığı üçün ziyandır. Şou və ailə-məişət mövzusunda olan verilişlərin uşaq üçün heç bir müsbət təsiri yoxdur.”

Psixoloq hesab edir ki, uşaqların maarifləndirici verilişlərdə iştirakı onlar üçün heç bir problem yarada bilməz: “Yaxşı olardı ki, yetkinlik yaşında olan uşaqlar vətənpərvərliyi təbliğ edən verilişlərdə tamaşaçı kimi iştirak etsinlər. Bu cür verilişlər onların psixologiyasına yaxşı təsir edir. Bu zaman uşaqlar gələcəkdə qarşılarına qoyduqları məqsəddə qətiyyətli olurlar. Uşağın maarifləndirici verilişdə iştirakı onun psixologiyasına heç bir mənfi təsir göstərmir. Verilişlər debat formatında təqdim olunarsa, bu zaman məqsəd üçün mübarizə aparmaq onların psixologiyasına müsbət təsir edir”.

Elçin Əlibəyli

Azərbaycan Media Akademiyasının rəhbəri, aparıcı Elçin Əlibəyli uşaqların onlara aid olmayan verilişlərdə tamaşaçı qismində iştirakını yolverilməz hal kimi dəyərləndirir: “Bu həm uşaq əməyinin istismarı, həm də müxtəlif yaş qrupların psixikasına təsir baxımdan qadağan olunmalıdır. Uşaqlar yalnız onlara aid proqramlarda və yaş qrupu nəzərə alınmaqla iştirak edə bilərlər. Bu sistem məsələn Kukla və Gənc Tamaşaçılar teatrlarında düzgün qurulub. Azyaşlı uşaqların belə uşaq proqramında iştirakı dəqiq uşaq psixologiyası və qavrama dərəcəsinə görə müəyyən edilməlidir. İntellektual və ya uşaq əyləncə verilişlərində məhz yaş göstəricisi nəzərə alınmaqla uşaqların tamaşaçı qismində cəlb olunması mütləq tələbdir. Digər verilişlər - sosial və ya böyüklər üçün şoularda uşaqların iştirakı onların mənəvi dünyasına mənfi təsir edə, psixikasını zədələyə, sağalmaz travma buraxa bilər. Sosial verişdə qaldırılan problemlər, səslənən ittihamlar və şou proqramda zarafat və ya hərəkətlərin birbaşa orada oturaraq montaj olunmamış halda tamaşa etməsi uşaqlar üçün yolverilməzdir.

Uşaqların haradasa iştirak etməsi, hətta məktəb və bağçadan ekskursiyaya, gəzintiyə aparılması birbaşa valideynlərə bildirilmək yolu ilə həyata keçirilə bilər. Televiziyalara isə ümumiyyətlə uşaqların gəlişi nəinki valideyn icazəsi ilə, onun birbaşa iştirakı ilə olmalıdır. Lakin valideyn uşağın efirdə görünməsi üçün hər şeyə əl atır. Bu nə mərəzdir, anlamaq çətindir. Bunun üçün hətta pul ödəyirlər. Təəssüflə deməliyəm ki, yerli telekanallarda uşaq verilişlərində uşaqların iştirakı açıq rüşvət yolu ilə aparılır. Qiymət 200-500 manat arasında dəyişir. Ancaq bundan da dəhşətlisi odur ki, uşaqlar mələk və sair obrazda toylarda içkili insanların qarşısında pul müqabilində çıxış edirlər. Bu daha acınacaqlı və eybəcər mənzərədir”.

Elçin Əlibəyli uşaqların onlara aid olmayan verilişdə iştirakının qarşısını almaq üçün qanunvericilikdə heç bir maddənin qeyd olunmadığını bildirir: “Yayım haqqında qanuna görə uşaq psixikasına təsir edə biləcək verilişlər saat 23:00-dan sonra yayımlana bilər. Amma onların verilişlərdə iştirakını tənzimləyəcək heç bir normativ sənəd yoxdur. Bu məsələ ictimailəşdirilməli, AQUPDK və MTRŞ-lə birgə müvafiq tədbirlər görülməli, televiziyalara bununla bağlı müvafiq sənəd təqdim olunmalıdır. Yalnız bundan sonra əməl etməyən yayımçı və ya istehsalçı şirkət cəzalana bilər”.