BolgeXeber.Com » Siyasət » Universitet rektoru həbs olundu

Universitet rektoru həbs olundu

17-03-2011, 17:05
Oxunub: 5 974
Azərbaycan hakimiyyətinin başlatdığı korrupsiya və rüşvətxorluğa qarşı mübarizə kampaniyasının hökumətin Milli Məclisdəki hesabatından dərhal sonra güc strukturları vasitəsi ilə həyata keçirilməsinə qərar verilib.

Bolgexeber-in məlumatına görə, martın 15-dən etibarən, ölkə rəhbərliyinin tapşırıq və göstərişlərinə riayət etməyən qurumların yoxlanılması və vəzifəli şəxslərinin həbs olunması əməliyyatlarına başlanılıb. Artıq dünən belə bir səs-küylü əməliyyatlardan biri Moskva Dövlət Açıq Universitetinin Bakı filialında həyata keçirilib. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Korrupsiya cinayətləri üzrə mübarizə idarəsinin keçirdiyi əməliyyat nəticəsində, sözügedən universitetin rektoru Muğan Salahov, prorektor Ramazan Hüseynov və kassir Nemət Həsənov həbs ediliblər. Keçirilən əməliyyatın tam təfərrüatı bəlli olmasa da, Universitetdən bildiriblər ki, hər üç şəxsə qarşı Cinayət Məcəlləsinin bir neçə, o cümlədən vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda özgə əmlakını ələ keçirməklə törədilən dələduzluq, mənimsəmə və israf etmə maddələri ilə cinayət işi başlanılıb. Hər üç şəxsin hazırda xalq arasında «Banditizm» kimi tanınan, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı deyilir.

Xatırladaq ki, indiyədək cəmiyyətdə Moskva Dövlət Açıq Universitetinin Bakı filialının hakimiyyət içərisində güclü himayəçilərinin olduğuna və bu səbəbdən də təhsil müəssisəsinin fəaliyyətini istədiyi kimi qurduğuna dair fikirlər var idi.