BolgeXeber.Com » Xəbərlər » Nəsimi rayonunda törədilmiş qətlin üstü “isti izlər”lə açılıb

Nəsimi rayonunda törədilmiş qətlin üstü “isti izlər”lə açılıb

7-11-2018, 18:50
Oxunub: 2 818 Nəsimi rayonunda törədilmiş qətlin üstü “isti izlər”lə açılıbNəsimi rayonunda törədilmiş qətlin üstü paytaxtın hüquq-mühafizə orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində “isti izlər”lə açılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun Bolgexeber.com-a daxil olan birgə məlumatında bildirilir ki, noyabrın 6-da paytaxtın Nəsimi rayonunun Ə.Hüseynzadə küçəsi, 81 saylı ünvanda baş vermiş yanğın saat 09:30 radələrində söndürüldükdən sonra həmin evdə yaşamış 1941-ci il təvəllüdlü Tamilla Axundovanın üzərində bıçaq xəsarəti olan yanmış cəsədi aşkarlanıb. Bu barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında Bakı Şəhər, Nəsimi Rayon prokurorluqlarının və rayon polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin olunub.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin T.Axundovanın nəvəsi, 1994-cü il təvəllüdlü Eldar Əfəndiyev tərəfindən tamah niyyəti ilə törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə Bakı Şəhər Prokurorluğunda zəruri istintaq tədbirləri davam etdirilir.