BolgeXeber.Com » İqtisadiyyat » Daş karxanalarının fəaliyyətinin müasir texnologiyalar əsasında qurulması üçün tədbirlər genişləndirilir

Daş karxanalarının fəaliyyətinin müasir texnologiyalar əsasında qurulması üçün tədbirlər genişləndirilir

8-11-2018, 14:22
Oxunub: 2 370 Daş karxanalarının fəaliyyətinin müasir texnologiyalar əsasında qurulması üçün tədbirlər genişləndirilir Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə bu gün “Daş karxanalarında müasir idarəetmə və ekoloji tələblərin tətbiqi” mövzusuna həsr edilmiş "dəyirmi masa" keçirib

Bolgexeber.com xəbər verir ki, tədbirdə iki qurumun nümayəndələri, Bakı şəhərindən və bölgələrdən olan daş karxanasının sahibləri, media nümayəndələri iştirak ediblər.

Dəyirmi masanın keçirilməsində məqsəd daş karxanalarının qanunvericilik prinsipi əsasında qurulması, fəaliyyətinin genişləndirilməsi, müasir idarəetməyə əsasən texnoloji yeniliklərin tətbiqi, o cümlədən ekoloji tələblərin yerinə yetirilməsi ilə bağlı müzakirələrin aparılması və tövsiyələrin verilməsidir: Eyni zamanda belə növ fəaliyyətlə məşğul olan sahibkarların maarifləndirilməsi, həm idaretmə, həm də ekoloji baxımdan iş prinsipinin səmərəli qurulması üçün iki qurum arasında birgə layihələrin icrası da əsas vəzifələrdəndir.

Tədbiri giriş nitqi ilə açan ƏMDK-nın sədr müavini Rüstəm Şahbazov bildirib ki, Prezident İlham Əliyev müəssisələrin müasir korporativ idarəetmə mexanizmi əsasında fəaliyyət göstərməsi, o cümlədən torpaqların təyinatı üzrə səmərəli istifadə olunması istiqamətində müvafiq fərmanlar imzalayır, tapşrıqlar verir: "Komitə də verilən tapşırıqlara uyğun olaraq bu sahələrdə monitorinqlər həyata keçirir. Belə monitorinqlərdən biri daş karxanalarında aparılır. Həmin müəssisələrdə istifadə olunan avadanlıqların mövcud texniki vəziyyəti təhlil edilir, onların fəaliyyətinin mövcud norma və standartlara uyğunluğu müəyyən olunur.

Məlum olub ki, istifadə edilən avadanlıqların əksər hissəsi keçmiş sovetlər dövründə istismara verildiyindən hazırda həmin qurğular müasir norma və qaydalara cavab vermir. Bu zaman karxana istifadəçilərinə yeni və müasir tələblərə cavab verən texnologiyalarla işləmələri və bu istiqamətdə fəaliyyətlərində idarəetmə üsullarının təkmilləşdirməsi tövsiyə edilir. Həmin avadanlıqlar barədə, onların həm idarəetmə, həm də ekoloji baxımdan iş prinsipinin səmərəli qurulması haqqında məlumatlar verilir".

Onun sözlərinə görə, istifadə edilən avadanlıqların təhlil edilməsi ilə bağlı Bakı şəhərində, eləcə də respublikanın ayrı-ayrı bölgələrində yerləşən daş karxanalarında monitorinqlər aparılıb: "Qanunauyğun şəkildə həmin sahibkarların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində də mühüm tədbirlər görülür. Nəzərə alsaq ki, belə karxanalar tikinti sahəsi üçün tələb edilən xammalın ödənilməsini təmin edir, bu onların yeni texnologiyalarla qurulmasını zəruri edir. Fəaliyyətin genişləndirilməsi isə yeni iş yerlərinin yaradılmasına, sahibkarların gəlirlilik potensialının artmasına, iqtisadi göstəricilərin müsbət olmasına imkan verəcək. Aparılan monitorinqlərdə bəzi karxanaların təyinatına uyğun istifadə edilmədiyi də aşkarlanır. Kənd təsərrüfatı torpaqları belə fəaliyyət növünə cəlb edilir. Bu kimi karxanaların fəaliyyəti nəticəsində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin üst münbit qatı korlanır, yararlılıq dərəcəsi azalır. Həmin torpaqların rekultivasiya (bərpa) edilərək əvvəlki vəziyyətinə gətirilməsi böyük vəsaitlər tələb etdiyindən dövlətə və vətəndaşlara, həmçinin kənd təsərrüfatının inkişafına ciddi ziyan dəyir. Belə halların yaranmaması üçün nəzarət tədbirləri ilə yanaşı təbliğat işlərinin də mühüm əhəmiyyəti var".

Daha sonra çıxış edən ETSN-nin Mineral Xammal, Analitik Elmi və Tədqiqatlar Mərkəzinin direktoru Mürsəl Əliyev tədbirin əhəmiyyətindən danışıb. O, bildirib ki, bu kimi maarifləndirmə işləri daş karxanası sahiblərinə fəaliyyətini ekoloji prinsiplər əsasında qurmağa çağırış edir. Müasir avadanlıqlarla təchiz olunmayan karxanaların fəaliyyəti ətraf mühitə də böyük ziyan vurur. Hava qatı zərərli tozlarla örtülür, oksigen çatışmazlığı yaranır, o cümlədən torpaqların üst münbit qatı korlanır.

Tədbirdə ƏMDK-nın nümayəndəsinin daş karxanalarının idarəetmə baxımdan mövcud vəziyyətini əks etdirən təqdimatı olub. Təqdimatda karxanaların fəaliyyət prosesində istifadə olunan avadanlıqların fotoşəkilləri nümayiş edilib. Bildirilib ki, yeni texnologiyaların tətbiqi sahibkarların fəaliyyətində məhsuldarlığı artıracaq. Bununla onlar az vaxtla daha çox qazanc əldə edə bilərlər. Həmçinin idarəetmənin səmərəli təşkili, təmizləyici qurğuların istifadəyə verilməsi ekoloji vəziyyətin yaxşılaşmasına imkan verir.

Daha sonra ETSN-nin nümayəndəsinin ekoloji problemlərin həll edilməsində müasir texnologiyaların rolundan bəhs edən təqdimatı olub. Bildirilib ki, belə avadanlıqların cəlb edilməsi ətrafa yayılan tullantıların azalmasına, insan sağlamlığı üçün zərərli hesab edilən kimyəvi qazların hava qatında yığılmamasına imkan verir. Tənzimləyici qurğuların tətbiqi həmin kimyəvi qazların filterizasiyasına şərait yaradır. Tədbir çərçivəsində karxana sahiblərinin fəaliyyətinin idarəetmə və ekoloji tələblər əsasında qurulması üçün bir sıra tövsiyələr verilib. Torpağın münbit qatının korlanmaması üçün nə kimi işlərin görülməli olduğu, rekultivasiya tədbirlərinin düzgün istiqamətdə aparılması, hansı texnologiyaların daha əlverişli olması barədə karxana sahibləri məlumatlanıb. Ənənəvi texnologiyadan müasir idarəetmə mexanizminə keçidin vacibliyi vurğulanıb. Eləcə də ekoloji cəhətdən təbiətə ziyan vurulmaması üçün yeni texnologiyalar, onların istifadə qaydaları haqqında geniş məlumat verilib. Sonda tədbir iştirakçılarının sualları hər iki qurumun nümayəndələri tərəfindən cavablandırılıb.
Daş karxanalarının fəaliyyətinin müasir texnologiyalar əsasında qurulması üçün tədbirlər genişləndirilir
Daş karxanalarının fəaliyyətinin müasir texnologiyalar əsasında qurulması üçün tədbirlər genişləndirilir
Daş karxanalarının fəaliyyətinin müasir texnologiyalar əsasında qurulması üçün tədbirlər genişləndirilir