BolgeXeber.Com » Xəbərlər » Bu gün Dövlət Bayrağı Günüdür

Bu gün Dövlət Bayrağı Günüdür

9-11-2018, 10:11
Oxunub: 1 720 Bu gün Dövlət Bayrağı Günüdür100 yaşlı, üçrəngli, ay-ulduzlu bayrağımız

Bu gün-noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. Ölkəmizin üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. 1920-ci ilin 28 aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut edib və Azərbaycan üçrəngli bayrağı da dəyişdirilərək qırmızı sovet bayrağı ilə əvəzlənib.

Tarixçi-professor Nəsiman Yaqublunun araşdırmalarında bildirilir ki, Xalq Cümhuriyyəti 1918-ci ildə mayın 28-də yarandıqdan sonra onun əsas rəmzi olan bayraq haqqında həmin ilin iyun ayının 21-də müvafiq qərar verilib. Həmin qərarda deyilirdi ki, üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin. Həmin dövrdə bayrağımız Osmanlı Türkiyəsinin bayrağı ilə eynilik təşkil edirdi. Fərq yalnız onda idi ki, Osmanlı Türkiyəsinin bayrağındakı hilal ayın qarşısındakı ulduz beş guşədən, Azərbaycan Cümhuriyyətinin bayrağında isə səkkiz guşədən ibarət idi.

İlk bayrağımız haqqında verilən qərar da (yəni eynən Osmanlı Türkiyəsində olduğu kimi) bir çox səbəblərlə izah edilir. Biz bununla türk xalqı olaraq böyük bir mədəniyyət sisteminə əsaslandığımızı sübut edirdik.

1918-ci ilin noyabrın 9-da qırmızı rəngli bayrağın yerinə üçrəngli bayrağın yaradılması haqqında Rəsulzadənin və onun başçılıq etdiyi Azərbaycan Milli Şurasının təklifi ilə qərar qəbul edildi. Bayraqdakı rənglərin təsviri və düzülüşü isə Rəsulzadənin “Açıq söz” qəzetindəki məqaləsindən götürüldü. Bu dəyərləri özündə birləşdirən (türkləşmək, islamlaşmaq, avropalaşmaq) üçlük düsturunu böyük bir şüara çevirən türk dünyasının böyük mütəfəkkiri, Rusiya və Türkiyə universitetlərində təhsil almış Əli bəy Hüseynzadədir.

Həmin üçrəngli dövlət bayrağımız ilk dəfə olaraq 1918-ci ilin noyabrın 17-də Bakıda Dəniz Vağzalında ingilis generalı Tomsonun qarşılanma mərasimində qaldırılıb.

1920-ci ilin 27 aprelindən-bolşevik Rusiyasının Xalq Cümhuriyyətini süqut etdirdiyi gündən üçrəngli bayrağımız qadağan edildi. Azərbaycanın üçrəngli bayrağı Sovet İttifaqı dövründə gizli olaraq insanlarımız tərəfindən yaşadılıb, qorunub və saxlanılıb.

1920-1930-cu illərdə,1950-ci illərdə (Qız Qalasında C.Hilaloğlu,Ç.Abdullayevin fədakarlıqlar edib bayrağımızı dağlandırması), sonradan 1980-ci illərdə bu bayrağı sevib yaşadanlar oldu. 1988-ci ildə başlayan xalq hərəkatı dövründə ilk dəfə olaraq bayrağımızı tikib, hazırlayıb və meydana gətirilməsini təmin edən insanlar-Şahverdiyeva Sura, Şahverdiyeva Arzu (Sura xanımın qızı) və Yaşar Türkazər olub. Məhz üçrəngli bayrağımız 1980-ci illərin sonunda müstəqillik uğrunda mübarizə başlayandan sonra xalqımızın mübarizə simvoluna çevrildi. 1990-cı ilin 17 noyabrında Naxçıvan Ali Məclisinin deputatı Heydər Əliyevin təklifi ilə Ali Məclisi üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqda qərar verib. 1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Sovetinin qərarı ilə üçrəngli və ay-ulduzlu bayraq Azərbaycanın dövlət bayrağı elan edildi.

Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur.