BolgeXeber.Com » Siyasət » Rusiyanın Avstriyadakı 20 illik casusu ələ keçdi

Rusiyanın Avstriyadakı 20 illik casusu ələ keçdi

9-11-2018, 17:18
Oxunub: 2 743 Rusiyanın Avstriyadakı 20 illik casusu ələ keçdiAvstriya xüsusi xidmət orqanları ölkə ordusunun polkovnikini həbs ediblər.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Avstriya Müdafiə Nazirliyi yayıb. Həbs edilən polkovnikin 20 il müddətində Rusiya lehinə casusluqda ittiham edildiyi bildirilib.

Avstriya mətbuatı həbs edilən 70 yaşlı polkovnikin hazırda ehtiyatda olduğunu açıqlayıb. Onun 1990-cı illərdə Rusiya hərbi kəşfiyyatına miqrasiya böhranı, Avstriya hərbi aviasiyası və artilleriya sistemləri haqqında məlumat verdiyi bəlli olub. Bunun qarşılığında isə Zalsburqdan olan hərbçi 300 min avro qazanıb.

Avstriyalı hərbçinin Rusiya hərbi kəşfiyyatından Yuri adlı şəxslə iki həftədən bir əlaqə qurduğu və ona məxfi məlumatlar verdiyi müəyyən olunub.

Artıq Avstriya Müdafiə naziri Mario Kunasek də məsələ ilə bağlı açıqlama yayıb. O, neytral ölkədə casusluq fəaliyyətinin qəbuledilməz olduğunu bildirib:

“Soyuq müharibədən sonra da Avstriya casusluğun hədəfinə çevrilib. Bu, təhlükəsizlik şəbəkəsinin nə dərəcədə vacib olduğunu göstərir”.

Qeyd edək ki, son illər Rusiya ilə Avstriya arasında münasibətlər çox istiləşmişdi.