BolgeXeber.Com » Müsahibə-Reportaj » “Uşaq futbolundakı durum rəzalətdir” - Samir Abasov

“Uşaq futbolundakı durum rəzalətdir” - Samir Abasov

16-11-2018, 17:02
Oxunub: 3 993 “Uşaq futbolundakı durum rəzalətdir” - Samir Abasov“Zirə”nin baş məşqçisi Samir Abasov futbolinfo.az saytına müsahibə verib

“Qafqazinfo” həmin müsahibəni ixtisarla təqdim edir:

- Komandanın son pillədə olması sizə əsəb verir, yoxsa motivasiya?

- Bizi qızışdırır, daha yaxşı olmasını istəyirik. Oyunumuzdakı inkişaf ümid verir, çətin olsa da, son pillədən qurtulmaq üçün çalışırıq.

- Sizin “Zirə”də əvəz etdiyiniz Ayxan Abbasov, sizin tərk etdiyiniz “Sumqayıt”...

- Heç nə dəyişməyib – bir Abbasov getdi, o biri gəldi. Ayxana da uğurlar, Sumqayıtda iş görmək üçün normal şərait var. Amma bu dəqiqə məni öz komandam düşündürür.

- 8 komandadan 7-nin baş məşqçisi yerlidi, amma lider əcnəbi…

- Çempion olsa, deməli, Roberto Bordin daha güclüdü. Amma indi bu barədə danışmaq tezdi. Qışdan sonra komandalarda çox dəyişiklik gözlənilir. Əmin olun ki, Bordinə çox çətin olacaq. “Keşlə”, “Sumqayıt” məşqçisini dəyişib, “Qarabağ” avrokubokla vidalaşandan sonra diqqətini çempionata yönəldəcək və hər şey fərqli olacaq.

- Son turda yerli məşqçilərə bir az ümid verdiz. Göstərdiz ki, Bordini də dayandırmaq olar.

- Həmin heç-heçə belə müzakirə olunmamalıdı. “Sumqayıt”da olarkən daha yaxşı oynadığımız ardıcıl matçlar olub. Bordinə nəyisə sübut etmək istəmirdim, sadəcə, yaxşı oyunlarımızın davamını gətirdik.

- Bordin İtaliya futbolu oynadır, yoxsa onun müdafiə taktikasının da özəlliyi var?

- Bordin gələndə müsahibələrində oyun sisteminə kimi çox şeydən danışmışdı. Hücum futbolundan bəhs edirdi. Doğrusu, indi başqa mənzərədi, dediklərinin təsdiqini görmürəm. Bordinin hansı üslubu tətbiq etdiyini deyə bilməyəcəm, lakin “Yuventus”un, “Napoli”nin timsalında hətta İtaliya klubları da bu gün daha çox hücum futbolu oynayır. “Neftçi” ilk pillədədisə, deməli, hələlik məşqçisi lazım olanı edir.

- Növbəti qırmızı vərəqəni nə vaxt alacaqsız? Köməkçilərinuz də sizin kimi olmağa başlayıb.

- Son oyunda köməkçimin niyə qovulduğunu başa düşmədim. Dediklərinə görə etiraza görə olub. Bilmirəm kim kimə etiraz edirdi? Həmin oyunda hakimlərdən razı deyildim. Əminliklə deyirəm ki, “Neftçi” ilə matçda hakim ipi əlindən buraxmışdı. Bizdən oyun ərzində heç bir futbolçunun qırmızı vərəqə almaması, ağır olayların ortaya çıxmaması özü də xoşbəxtlik idi. Özümün qırmızı vərəqə almayacağıma zəmanət yodu, ancaq bunun nə vaxt olacağını da bilmirəm.

- Bunun üçün sizi hakimlər hirsləndirməlidir, yoxsa öz futbolçularınız?

- Hakimlər bizə “çox sağ ol” deməlidi ki, onları formada saxlayırıq. “Sumqayıt”da da belə idi: hakimlərin formada qalmasına çox kömək edirik. Meydanda çox qaçırıq və onların da hərəkət etməsinə səbəb oluruq. Hakimlərin böyüməsində həddindən arıtq rolumuz var.

- Bəs, onları formadan salan kimdi?

- Onu mən deməyim. Eşitdiyimə görə bizim oyunlara gələndə qaçmaqdan bezdiklərini deyirlər.

- Sadiq Quliyevi bağışlamısız?

- Komandadadı. Yaşlı oyunçularımız ağız açdı və onların sözü yerə düşməsin deyə belə etdik.

- Səhvi çox böyük idi?

- Məncə, hə. Kiminləsə dalaşmaq, intizamı pozmaq… Sadiqin hərəkəti mənə çox pis təsir edir. Sənin işə yanaşman peşəkara yaraşmır. Mənə həddindən çox təsir etdi.

- Azərbaycanda yeni nəsil futbolçu niyə yetişmir?

- Hər həftə Bakıda, rayonlarda uşaq futbol liqalarını izləyirəm. Oğlum oynadığı üçün də buna məcburam. Özünüz o yarışları izləyin, bütün suallara cavab tapacaqsız. Rəzalətdi. Şərait yoxdu, məşqçilərin özünü aparması çox pisdi. Həddindən artıq istedadlı uşaqlar var, amma məşqçilərin, referilərin nələr etdiyini bir görsəz… Qubada görmüşəm – dizə kimi palçıqda uşaqlara futbol oynadırlar. Sonu daha pis olacaq.

- “Səbail”ə texniki məğlubiyyətiniz yada düşəndə kimə hirslənirsiz?

- Yaddan çıxıb. Həmin vaxt xala çox ehtiyac olsaydı, baş sındırardım, amma təzə gəlmişdim. Hər şeyi axarına buraxdıq, heç yadıma da düşmür.

- Amma sanki onlara qarşı bir az incikliyiniz var.

- Məni bircə o sual düşündürür ki, oyun başlayana kimi rəqibin bundan xəbəri var idimi? Bizim rəqibdə belə şey olsaydı və mən bilsəydim, milyon faiz əmin olun ki, özüm deyərdim. Deyərdim ki, səhvi düzəldin. Onların bilib-bilmədiyinə əmin deyiləm, bəlkə heç bilmirmişlər. Deməyə borcları yoxdu, amma yenə… Mən olsam, deyərdim.

- Nazim Süleymanovun gedişiylə bağlı açıqlamaları ilə tanışsız?

- Səhhətinə görə getdiyi deyildi. Məncə, insan niyə gəldiyini də, niyə getdiyini də açıq deməlidi. 10-15 il keçəndən sonra hansısa sözü niyə demədiyini düşünüb başına vurmamaq üçün indi danışmalısan. Şəxsən mən beləyəm, deyəcəyim sözü saxlamıram.

- “Sumqayıt”da kimdən incidiniz?

- Klub siyasətindən. “Sumqayıt” hazır komanda idi, çox şey yaratmaq, inkişaf etdirmək olardı. 2-3 dəyişiklik edib, sabit komanda qurmaq mümkün idi. Adı belində olan qurum idi. Klub siyasətini dəyişmək lazım idi.

- İndiki “qara zolaq”dan əvvəlki komandanda da gördünüz. Mövsümün sonluğundakı uğursuz oyunların səbəbini hələ də bilmirsiz?

- Əlimdə fakt olmadığından əmin deyiləm, amma nələrisə bilirəm. Yer tutmamağımızı kənardakılar istədi və nail oldular. Günahımız həddindən artıq çox oldu. Əminəm ki, həmin 5 oyunda biz komanda çəklində komanda deyildik. Bəzi oyunçular komandadan erkən qopmuşdu. Həmin oyunçular sonradan komandadan birdəfəlik qopdular, bəlkə qalanı da var.

- Özünüzü məğlub hesab etmədiniz?

- Yox. “Sumqayıt”da gördüyüm iş göz qabağında idi. Təkbaşına gücüm çatmadığına heyfsilənirəm.

- “Zirə”də eyni aqibətlə üzləşə bilərsiz?

- Yox, burada vəziyyət tam başqadı. “Zirə”də işləmək gözlədiyimdən də rahatdı.

- Zirədən kənarda oynamaq nəticələrə təsir göstərir?

- Çox. Təmir olmasaydı, ev oyunlarımızı öz stadionumuzda keçirsəydik, nəticələr daha yaxşı olacaqdı.

- İdeal seçdiyiniz məşqçi var?

- Azərbaycanı deməyək, birinin adını çəksəm, qalanları inciyəcək. Əcnəbilərdən Sari və Kloppa rəğbətim var.