BolgeXeber.Com » Analitika » Vəzifəsini itirən məmurlar niyə dərhal xəstələnir? - Ortada biabır olmaq və cəza almaq təhlükəsi var...

Vəzifəsini itirən məmurlar niyə dərhal xəstələnir? - Ortada biabır olmaq və cəza almaq təhlükəsi var...

20-11-2018, 11:53
Oxunub: 6 277 Vəzifəsini itirən məmurlar niyə dərhal xəstələnir? - Ortada biabır olmaq və cəza almaq təhlükəsi var...Uzun müddətdir Türkiyədəki “Amerikan Hastahanesi”ndə müalicə alan sabiq vergilər naziri Fazil Məmmədov oktyabrın 16-da Azərbaycana qayıdıb

Modern.az-ın Gəncədəki mənbədən əldə etdiyi məlumata görə, F.Məmmədov Azərbaycana qayıdan kimi, oktyabrın 16-sı gecə ilə Gəncə Beynəlxalq Hospitalına yatırılıb.

Sabiq nazirin qış aylarında Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında olacağı bildirilir. Mənbə qeyd edir ki, Türkiyədəki həkimlər F.Məmmədovun ölümlə üzləşdiyi ağır xəstəlikdən sonra səhhətinin tam normallaşması üçün Azərbaycanda reabilitasiya keçməsini məsləhət görüblər.

Eks-nazir bu səbəbdən də mütəmadi olaraq səhhəti ilə bağlı müalicə aldığı şəxsi xəstəxanasına üz tutub. Əldə etdiyimiz daha bir məlumata görə, həkimlər yaşaması üçün F.Məmmədova spirtli içki yasağı qoyublar.

Xatırladaq ki, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınmışdı. F.Məmmədov 2018-ci ilin iyununda Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O, “American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarətində olub.

Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı. Sabiq nazir Türkiyədə olarkən, səhhətinin nisbətən stabilləşdiyi dövrlərdə məşhur “Çırağan Palace”da da dincəlib.

“Yeni Müsavat” isə xatırladır ki, bu, vəzifəsini itirən ilk nazirin xəstələnməsi xəbəri deyil. Daha öncə də yüksək vəzifəsini itirmiş nazirlərin, məmurların dərhal müalicə üçün xarici ölkələrə, ya da elə yerli xəstəxanalara - hərçənd ki, bu nümunə olduqca azdır - müraciət etməsi halları geniş yayılıb. Ya da türməyə düşən məmurların dərhal xəstələnməsi, müalicə üçün xəstəxanaya köçürülmə müraciətini də zaman-zaman izləmişik. İlkin rəylər belədir ki, bu, bir çox hallarda psixoloji gərginliyin nəticəsidir. Yəni tibbi rəylərə əsasən, gərginlik bir çox xəstəlik ocaqlarını tətikləyir və nəticədə uzun illər gərgin şəraitdə çalışan məmurun sağlamlığında daha öncə özünü göstərən problemlər birdən-birə partlayış kimi üzə çıxır.

Eks-nəqliyyat naziri Ziya Məmmədovun, sosial müdafiə naziri Səlim Müslümovun səhhətində də buna bənzər hallar yaşanıb. Həbsə düşən məmurların dərhal həkimə müraciəti isə sözügedən şəraitə adaptasiya ola bilməməsi ilə bağlıdır. Amma daha böyük fakt isə Azərbaycanda məmurların vəzifəsini itirməsi ilə həyatlarındakı bütün imtiyazları eyni zamanda itirməsidir. Çünki məmur bilir ki, kreslosu ilə vidalaşıbsa, yüksək həyat standartlarına da dərhal əlvida deyir.

Amma siyasi analitiklərə görə, sabiq məmurlar bəzən iz itirmək, diqqəti özündən yayındırmaq, başqalarının ona acıması üçün xəstəlik “arqumentindən” istifadə edir. Amma məsələnin psixoloji-sosial, yəni elmi izahı da var. Sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, insanın vəzifəsini itirməsi ilə xəstələnməsi, əməliyyata ehtiyac duyması arasında bir əlaqə var. Müsahibimiz tanışları arasında vəzifəsini itirən kifayət qədər insanlar olduğunu xatırlatdı: “Onların vəzifəsini itirməyini belə izləmişəm. 1997-ci ildə mənim də kifayət qədər böyük vəzifəm vardı. Mən o vəzifəni itirdim. Amma vecimə də olmadı. O baxımdan durumu həm praktik, həm də nəzəri cəhətdən izah edə bilərəm. Bu, hər bir insanın üstünlük verdiyi dəyərlərdən asılıdır. Bəzi insanlar daha çox elə dəyərlərə üstünlük verir ki, o, maddiyyatla, şöhrətlə bağlıdır. Onun psixologiyasında cinayət tərkibli nəsə varsa, vəzifəsini itirəndə böyük gərginlik keçirirlər. Həyata maddi məqamlarla bağlı olan, əməllərində cinayət tərkibi olan insanlar vəzifələrini itirəndə qorxu və stress yaşayırlar. Onlar düşünürlər ki, bir azdan yoxlama ola və nələrsə üzə çıxa bilər. Ortada biabır olmaq və cəza almaq təhlükəsi olur. Bir çoxu da pul itirdiklərinə görə gərginlik keçirirlər. Çünki bəzi məmurlar işlərini itirməmək üçün öncədən çoxlarına pul verirlər. Ortada pul da itib batır. Bu, insanın fəaliyyətinin növündən, psixologiyasından, həyata baxışlarından asılıdır. Elə insan var ki, çox təbii qarşılayır”.

Müsahibimiz xatırlatdı ki, zamanında Milli Məclisdə böyük vəzifə sahibi idi. Ə.Qəşəmoğlu vəzifəsini itirdiyi zaman bundan sonra daha çox elmi, bədii fəaliyyətlə məşğul olacağının sevincini yaşadığını dedi: “Çünki həmin vəzifədə olanda nə elmi, nə də bədii fəaliyyətlə məşğul ola bilirdim. Vəzifədə olanda da deyirdim ki, görəsən, nə zaman bu işdən canım qurtulacaq. Bu məmurların çoxunun fəaliyyətində də cinayət tərkibli məqamlar çox olur. Ona görə də bu kimi hallar baş verir. Başqa ölkələrdə də insanlar işdən çıxırlar. Amma buna bizdəki kimi faciəvi yanaşılmır, sakit qarşılayırlar” .