BolgeXeber.Com » Gündəm » Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

18-03-2011, 19:35
Oxunub: 6 111
Azərbaycan Prezidenti İlham Əliyev Novruz Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!


Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayıram.
Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Ulu Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.

Baharın Azərbaycan torpağına builki gəlişi dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümünə yubiley hazırlıqları ilə üst-üstə düşür. Əsrlərin sınağından çıxmış Novruz bayramının artıq dövlət səviyyəsində keçirilməsi məhz istiqlal yolunda qazandığımız nailiyyətlərdəndir. Suverenlik şəraitində özünün iyirminci baharını yaşayan respublikamız Novruz günlərində Beynəlxalq muğam festivalı çərçivəsində ayrı-ayrı ölkələrdən gəlmiş muğam tədqiqatçılarını, xanəndələri və çoxsaylı qonaqları qəbul edir. Xalqımızın əbədi və təkrarsız sənət incisi muğam baharın insanlarda inam hissini və yaradıcılıq şövqünü artıran yeniləşdirici ab-havası ilə yaxından səsləşir.

Dünya azərbaycanlılarına Novruz bayramı salamlarımı yetirir, azərbaycançılıq məfkurəsi ətrafında onların daha sıx birləşəcəklərinə inamımı ifadə edirəm. Vətənimizin müstəqilliyi və ərazi bütövlüyünün qorunması naminə canlarından keçmiş Azərbaycan övladlarının xatirəsi bu əziz günlərdə bir daha ehtiramla yad olunur. Ümidvaram ki, Azərbaycanın müstəqil ölkə olaraq qazandığı zəfərlər şəhidlərimizin ruhunu şad edəcəkdir.
Hər evə, hər ailəyə, hər bir Azərbaycan vətəndaşına bayram ovqatı və sevinc arzu edirəm."

AzərTAc