BolgeXeber.Com » Xəbərlər » Nazirliyə restoranları məhkəməsiz bağlamaq səlahiyyəti verildi

Nazirliyə restoranları məhkəməsiz bağlamaq səlahiyyəti verildi

30-11-2018, 11:14
Oxunub: 2 596 Nazirliyə restoranları məhkəməsiz bağlamaq səlahiyyəti verildiEkologiya və Təbii Sərvətlər Nazirliyi: “Artıq bir neçə restoranda da müvafiq qurğular quraşdırılıb”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) yeni səlahiyyət verilib. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” fərmanda dəyişiklik edilməsi haqqında yeni fərman imzalayıb.

Əsasnaməyə əsasən nazirliyin ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə təsərrüfat və başqa fəaliyyətlərin məhdudlaşdırılması və ya bu fəaliyyətə xitam verilməsi haqqında vəsatət qaldırmaq hüququ olub. Dəyişikliyə əsasən artıq ETSN məhkəməyə müraciət etmədən ekoloji tələblərin pozulması ilə əlaqədar müəssisələrdə, qurğu və obyektlərdə təsərrüfat və başqa fəaliyyətlərin dayandırılması və ya qadağan edilməsi barədə qərar qəbul edə biləcək.

Qeyd edək ki, bu hüquq artıq ETSN-in təmizlik qurğuları quraşdırmayan şadlıq sarayları və restoranların fəaliyyətini dayandırmaq və qadağan etmək barədə birbaşa qərar qəbul etməyə imkan verəcək. İndiyə qədər nazirlik bununla bağlı məhkəməyə müraciət edirdi. Məhkəmə prosesi isə bir müddət çəkdiyi üçün proses uzanırdı.

Hazırda nazirliyin şikayəti əsasında işi məhkəmədə olan bir neçə restoran var ki, onların da taleyi sual altına düşüb.

Ötən həftə açıqlanan rəsmi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən vaxtdan 6 ay keçməsinə baxmayaraq, yalnız 90 obyektdə təmizləyici qurğu quraşdırılıb. Nazirlikdən “Yeni Müsavat”a bildirilmişdi ki, 150-yə yaxın ictimai-iaşə obyekti heç bir iş görmədiyinə görə ətraflarından analiz götürülüb və atmosferə buraxdığı zərərli maddənin normadan artıq olduğu müəyyənləşdirilib. Ötən həftə qeyd olunmuşdu ki, monitorinqlərin başlanıldığı tarixdən indiyədək xəbərdarlıqlara məhəl qoymayaraq təmizləyici qurğu quraşdırmayan 64 obyekt cərimə olunub, cəriməni ödəməyən iaşə obyektlərinin fəaliyyətinin dayandırılması istiqamətində iş aparılır: “20 iaşə obyektinin - ”Yeddi Gözəl", “Sonalar sonası”, “Gilavar”, “Oazis”, “Çanaqqala”, “Şahzadə”, “Şəlalə”, “Meqa Palas”, “Kəndimiz”, “Çıraq”, “Qabırğa” və digərlərinin bağlanması üçün sənədlər məhkəməyə göndərilib. Hazırda daha 15 iaşə obyektinin -"Topqapı", “Ankara”, “Mübarək”, “Eliza”, “Cratos Hall”, “Qızıl balıq”, “Şır-şır”, “Meşəbəyi” və digərlərinin fəaliyyətinin dayandırılması üçün sənədlər məhkəməyə hazırlanır. Həmin iaşə obyektlərinin sahiblərinin diqqətinə çatdırmaq istərdik ki, məhkəmənin qərarı əsasında fəaliyyətləri dayandırılacaq obyektlərin yenidən fəaliyyət göstərməsi müvafiq prosedurlar baxımından heç də asan və tez olmayacaq. Onların fəaliyyətlərinin bərpasına nazirlik tərəfindən aparılacaq monitorinqlərin və müsbət rəyin nəticəsindən asılı olaraq razılıq veriləcək", - deyə nazirliyin məlumatında qeyd olunurdu.

Bəs bu restoranların taleyi necə olacaq?

Əvvəlcə restoranların bəziləri ilə əlaqə saxlayıb, mövcud vəziyyətləri ilə bağlı məlumat almağa çalışdıq. Əlaqə saxladığımız restoranlardan bildirildi ki, ölkə başçısının tapşırığından məlumatlıdırlar və qısa zaman ərzində müvafiq qurğuların quraşdırılması istiqamətində işlərini yekunlaşdıracaqlar.

Məsələ ilə bağlı məlumat almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə də əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, hazırkı vəziyyətdə müvafiq təmizləyici qurğunu quraşdıran restoranların sayında artım var:

“Lakin konkret rəqəmi hələ ki açıqlaya bilməyəcəyik. Çünki hazırda bu istiqamət üzrə işlər aparılır, yeni siyahı hazırlanır. Həmin siyahı hazır olduqdan sonra ictimaiyyətə geniş məlumat verəcəyik”. Prezidentin yeni fərmanına gəlincə isə nazirlikdən bildirilib ki, onlar üzərilərinə düşən məsuliyyəti dərk edirlər və bu istiqamətdə də lazımi işləri aparmaqda davam edirlər. Nazirlikdən bildirilib ki, yaxın günlərdə ümumi proses, aparılan son işlər və restoranlardakı vəziyyətlə bağlı ictimaiyyətə geniş açıqlama verəcəklər”.