BolgeXeber.Com » Sosial » Sayğaclar: yeni tikililərin köhnə dərdi

Sayğaclar: yeni tikililərin köhnə dərdi

3-12-2018, 13:48
Oxunub: 3 177 Sayğaclar: yeni tikililərin köhnə dərdiBu gün paytaxtın bütün ərazilərində çoxmərtəbəli binalar inşa edilir

Bu binaların inşa edilməsi bir tərəfdən rahatlıq yaratsa da, digər tərəfdən özü ilə birlikdə problemlər də gətirib. Yeni tikililərdə ev sahibi olan bir qrup sakin isə deyir ki, pul verib ev alıblar, amma elə bil kirayədə yaşayırlar. Bu isə məsələnin bir başqa tərəfi.

Müxtəlif tikinti şirkətləri (MTK) tərəfindən inşa edilən binalarda yaşayan sakinləri birləşdirən problemlərdən biri də sayğac məsələsidir. Sakinlərin sözlərinə görə, bir binada işıq, su, qaz sayğaclarına görə mənzil sahiblərindən 800 manat alınırsa, bir başqa binada bu qiymət 850, hətta 1000 manat belə ola bilir.

Təbii ki, burada sual doğuran məqam fərqli qiymətlərin səbəbidir. Sayğaclar funksiyalarına, növlərinə görə fərqli ola bilər. Bəs görəsən, bütün bu fərqlər nəzər alınmaqla, sayğacların rəsmi qiymətləri nə qədərdir?

Bu gün MTK-lar rəsmi qurumlara müraciət edərkən texniki şərt əsasında sayğacları hansı qiymətə alır? Müqavilədə bu göstərilirmi? MTK-lar sayğacların keyfiyyət-kəmiyyət fərqində bina sakinlərinə seçim hüququ tanıyırmı? Nəhayət, sayğacları alan MTK-lar bunu bina sakinlərinə hansı qiymətə satır?

Məsələ ilə bağlı oxu.az “Azərsu” ASC ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının sözlərinə görə, MTK-lar onlara rəsmi müraciət edir və verilən texniki şərtə uyğun şəkildə işlər görürlər:

“Bu gün yeni tikilən binalarda su, qaz, elektrik xətlərinin çəkilməsi MTK-lar tərəfindən həyata keçirilmir. Onlar verilmiş texniki şərtlərə uyğun olaraq standartlara uyğun şəkildə binanın daxili paylayıcı su və kanalizasiya xətlərini, ehtiyat su anbarlarını inşa edirlər.

Eyni zamanda, texniki şərtin tələblərinə uyğun olaraq həmin binalara “Azərsu” ASC-nin laboratoriyasında yoxlanılmış və ölkə daxilində istifadəsinə icazə verilən sayğaclar quraşdırılır. Hazırda yeni tikilən çoxmənzilli binalara yalnız smart-kart tipli su sayğacların quraşdırılmasını nəzərdə tutan texniki şərt verilir”.

A.Cəbrayıllı onu da qeyd edib ki, “Azərsu” ASC tərəfdən smart su sayğaclarının birinin qiyməti quraşdırılma xərcləri daxil olmaqla, 247 manat 23 qəpiyə başa gəlir:

“Bu gün yeni tikililərdə yalnız yeni nəsil su sayğaclarından istifadə edilir. Yəni “Azərsu” ASC ilə MTK-lar arasında müqavilə bağlandıqdan sonra bir sayğaca görə bizim hesaba 247 manat 23 qəpik ödəniş olunur və sayğaclar quraşdırılıb təhvil verilir. Qurum hər hansı sakindən sayğac pulu tələb etmir. Bu prosedurun digər hissəsi birbaşa MTK-lar və bina sakinləri arasında tənzimlənir.

MTK sayğacın pulunu satdığı mənzilin qiymətinə daxil edir və ya sakinlərdən toplayır, sayğacların qiymətlərini neçədən hesablayır, buna görə “Azərsu” ASC heç bir məsuliyyət daşımır”.

A.Cəbrayıllı onu da deyib ki, MTK-lar sayğacı müstəqil şəkildə də quraşdıra bilər. Bir şərtlə ki, həmin sayğaclar laboratoriyadan keçməlidir və onun düzgün işləməsinə rəy verilməlidir.

“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayevin sözlərinə görə, hər bir MTK sahibi qaz təminatından danışarkən inşa etdiyi binalardakı mənzilləri vətəndaşlara bütün kommunikasiya xətlərini, o cümlədən qaz kəmərlərini çəkildikdən, sayğaclar quraşdırdıqdan, binanın istismara qəbul olunması barədə müvafiq qurumların rəyini “Azəriqaz” İB-yə təqdim edib qazın açılmasının təmin olunmasından sonra satmalıdır:

“Reallıqda isə MTK-lar, təəssüf ki, bəzi normalara riayət etmir. Bir çoxu üzərinə düşən vəzifələri yerinə yetirmədən, günahı rəsmi qurumların üzərinə atır. Təbii olaraq da ortaya qaz xətlərinin çəkilməsi, sayğacların quraşdırılması ilə bağlı bir sıra problemlər çıxır. MTK sahibləri bu problemlərin həllindən yayınmaq, sayğacları sakinlərə şişirdilmiş qiymətlərlə satmalarına haqq qazandırmaq üçün süni şəkildə diqqəti yayındırmağa çalışır, bir çox hallarda isə sayğacların baha qiymətlərə satılmasının guya “Azəriqaz” İB tərəfindən tələb kimi qoyulduğunu iddia edir.

Çox təəssüf ki, bu cür qeyri-sağlam iddialar mövcuddur. Bir daha bəyan edirik ki, “Azəriqaz” İB qazın satışı ilə məşğul olan bir qurum olaraq, bütün sənədləri qaydasında olan, müvafiq qurumların rəylərini və istismara qəbul aktlarını almış, xarici və daxili qaz kəmərlərinin tikinti pasportlarını, quraşdırılmış məişət qaz sayğaclarının mənzillər üzrə siyahısını və s. zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında maraqlıdır.

Bu binalara qaz açılmasının təmin olunması, sayğacların verilməsi ilə bağlı müqavilələr isə hüquqi şəxs olaraq MTK-larla bağlanır. “Azəriqaz” İB bina sakinləri ilə bu istiqamətdə danışıqlar aparmır, birbaşa MTK rəsmiləri ilə müqavilə imzalanır”.

Öz növbəsində “Azərişıq” ASC-nin idarə rəisi Vahid Hüseynovun sözlərinə görə, MTK-lar onlarla əməkdaşlıq üçün müraciət etdikdə, sadəcə, sayğacların quraşdırılmasında iştirak edirlər. Subyekt olaraq abunəçilərlə deyil, birbaşa MTK-larda müqavilə bağlayırlar:

“MTK-lar binaya elektrik xətlərinin çəkilməsini lisenziyası olan istənilən şirkətə tapşıra bilərlər. Biz buna müdaxilə etmirik. Texniki cəhətdən tələblərin standartlara uyğun şəkildə yerinə yetirilməsini Enerji Məsələlərinin Tənzimlənməsi Agentliyindən olan mütəxəssislər yoxlayır. Bu istiqamətdə çox ciddi nəzarət var və hətta yeni tələblər də hazırlanır.

Yalnız bizim quruma aid olan deyil, ölkə daxilində istifadəsinə icazə verilən bütün sayğaclara ilk olaraq Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən lisenziya verilir və komitənin möhürü olur. Daha sonra bizim quruma aid olan sayğaclar komitədən alınır və hər biri modelinə, növünə uyğun olaraq fərdi qaydada kodlaşdırma əsasında yoxlamadan keçirilir.

Biz istəsək belə, komitə tərəfindən istifadəsinə icazə verilməyən heç bir sayğacın tətbiqini apara bilmərik. Eyni zamanda, sabah lisenziya verilmiş hər hansı sayğacda problem yaranarsa, buna bizim qədər komitə də məsuliyyət daşıyır”.

Qurum rəsmisi bildirib ki, adi sayğaclar 74, smart sayğaclar isə rəsmi olaraq 281 manata satılır:

“Biz müqavilə əsasında rəsmi satış qiymətlərinə cavabdehik. MTK-ların bu sayğacları abunəçilərə hansı qiymətə satması ilə bağlı heç bir məsuliyyətimiz yoxdur”.

Məsələ ilə bağlı bir neçə tikinti şirkəti ilə əlaqə saxlasaq da, bu barədə heç bir informasiya verə bilməyəcəklərini bildiriblər.