BolgeXeber.Com » Şou-Biznes » Nazpəri İlhaməyə məktub yazdı

Nazpəri İlhaməyə məktub yazdı

5-03-2013, 12:30
Oxunub: 6 256 Xalq artisti Nazpəri Dostəliyeva digər xalq artisti İlhamə Quliyeva arasında baş verən qalmaqalla bağlı məktub yazıb. Məktubu olduğu kimi təqdim edirik:

“Hörmətli redaksiya.
Çox təəssüf hissi ilə qeyd edirəm ki, oxucularımızın vaxtını bu cür işlərlə alırıq. Ancaq məcburiyyət qarşısında qaldığımdan, İlhamənin Sizə və digər kütləvi informasiya vasitələrinə ünvanladığı müraciətlə - açıq məktubla- əlaqədar Sizin və oxucularınızın nəzərinə aşağıdakıları çatdırıram:

1. İlhamə elə müraciətinin birinci cümləsində qeyd edir ki, guya adını belə qeyd etməyi özünə rəva görmədiyi möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına Azərbaycanın istənilən vətəndaşı yox, ancaq o və onun kimiləri müraciət edə bilər. Qəribə məntiqdir. Həmin vaxtı o yaddan çıxarıb ki, hələ hakimiyyətə gəldiyi ilk gündən İlham Əliyev cənabları özünün qeyd etdiyi kimi o, bütün Azərbaycanlıların Prezidentidir, daha İlhamənin qeyd etdiyi kimi onun və onun kimilərinin yox.

2. Daha sonra İlhamə qeyd edir ki, guya mən onu hansısa verilişdə parodiya və tərbiyəsizlik edərək, təhqir etmişəm. Onun və hörmətli oxucularımızın nəzərinə çatdırıram ki, mən müğənniyəm, parodist yox. Qaldı ki, onun mənim ünvanıma səsləndirdiyi tərbiyəsiz sözünə (oxucularımızdan və Sizdən bu sözü işlətdiyimə görə üzr istəyirəm), həmin sözün kütləvi informasiya vasitələrində işlətməyin özü zənnimcə tərbiyəsizlikdir. Şərti olaraq onu şərəfləndirib parodiya etdiyimi qəbul etsək belə. Birincisi, parodiya bütün sivil dünyada heç vaxtı təhqir kimi qəbul olunmur. İkincisi, isə mənim onu parodiya etməyim onun üçün böyük şərəf olmazmı? Üçüncüsü isə, parodiya həmişə konkret hərəkətlərə, davranışa istinadən edilir. Əgər İlhamə onun kimsə tərəfindən parodiya ediləcəyindən narahatdırsa, niyə öz yaşına, dövlətimizin ona verdiyi titullara uyğun hərəkətlər etmir ki, sonra da parodiya olunmaqdan qorxsun.

3. Guya ki, “Solo” verilişində həm ifamda qüsurlarım olub, həm də onun ünvanına özünün qeyd etdiyi kimi, təhqiramiz ifadələr işlətmişəm. Bu da İlhamənin növbəti, gülməli və ağ yalanıdır. Həmin verilişin video yazısı həm məndə, həm də telestudiyada var. Orada nə mənim ifamda nəsə bir qüsur olub, nə də ümumiyyətlə onun adı çəkilib.

4. İlhamə sonra da qeyd edir ki, guya mən kiməm, hansı bəstəkar mənə mahnı bəstələyib. Məni dünyada tanıtdıran da bəstəkar Siyavuş Kərimi olub. Axırıncının nəzərinə çatdırıram ki, mən də onun kim Azərbaycanın xalq artistiyəm, həmin adı onun kimi mənə də möhtərəm Prezidentimiz verib. Əgər İlhamə fikirləşirsə ki, o Azərbaycanda axırıncı xalq artisti aldına layiq görülən olmalıdır, bu onun öz problemidir. O ki, qaldı Siyavuş Kərimiyə, mənim bütün professional bəstərkarlar kimi ona da böyük hörmətim var. Ancaq bircə faktı İlhamənin nəzərinə çatdırıram ki, mən 90-cı illərdə Almaniyanın Frankfurt və digər şəhərlərində, habelə Moskva şəhərinin “Ostankino” konsert salonunda solo konsertlər verərkən, Ramiz Mirişlinin, Cahangir Cahangirovun, Tofiq Quliyevin, Tahir Əkbərin, Cabbar Musayevin mahnılarını ifa etmişəm. Daha sonra Rauf Hacıyevin mahnılarını ifa etdiyim vaxtlar Siyavuş Kərimi ilə tanış olmuşam. Artıq o vaxtlar mən həm Rspublikamızda, həm də onun sərhədlərindən kənarda sevilmiş və seçilmiş sənətkarlardan idim. Qaldı ki, qurban məsələsinə, İlhamə hər şeyi öz arşınıyla ölçür. Hesab edirəm ki, bu məsələdə artıq komentariyaya ehtiyac yoxdur.

5. İlhamə daha sonra qeyd edir ki, guya mən “Etiraf” verilişində “hopstop” oynamışam. Sözün düzü mən başa düşə bilmirəm ki, bu yalanların bir həddi yoxdur? Axı bütün xalqın gözü qarşısında baş verən hadisələrə necə belə yalanlar qoşmaq olar. İlhamə belə hərəkətləri ilə bütün xalqı aşağılayır, yoxsa…..O ki qaldı məni növbəti dəfə polisi orqanları ilə hədə – qorxu gəlməsinə, mən bu barədə kütləvi informasiya vasitələrinə qədərincə açıqlama vermişəm və hal – hazırda da, mənim müraciətlərim əsasında müvafiq orqanlar tərəfindən araşdırmalar aparılır.

6. İlhamə daha sonra mənim oğlumun toyundan bəhs edərək qeyd edir ki, guya mən onu oğlumun toyuna çağırmışam ki, süfrəmizin başında əyləşsin, o da imtina edib. Əvvəla belə bir hadisə olmayıb. Əgər olsaydı, ya dəvətnaməni nümayiş etdirərdi, ya da telefon zəngini. Mən ümumiyyətlə onun telefon nömrəsini də bilmirəm və heç vaxt da bilmək istəməmişəm. Çünki, biz tamamilə başqa-başqa adamlarıq. O ki, qaldı, guya mənim toy dəvətimi rədd etməsinə, bunun özü də bir mədəniyyət göstəricisidir. Sadəcə olaraq onun və hörmətli oxucularımızın nəzərinə çatdırıram ki, İlhamənin qeyd etdiyi toyun ağsaqqalı, böyük sənətkarımız, professor Arif Babayev, ağbircəyi isə xalq artisti Flora xanım Kərimova olub. Onlardan başqa toyda hörmətli Fidan və Xuraman Qasımovalar, muğan ustadımız Ağaxan Abdullayev, Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Mənsum İbrahimov, Aygün Bəylər və başqaları, yəni demək olar ki, bütün sənət adamları iştirak ediblər. Orada İhaməyə və onun kimilərinə dəvət nə yada düşüb, nə də belə bir arzu olub.

7. Daha sonra İlhamə özünün qeyd etdiyi kimi “Dünya sülh səfiri”, “Cenevrədə BMT-nin idarə heyətinin üzvü”, “Vətən mükafatı laureatı”, “Dünya Azərbaycanlıları Konqresi birliyinin mədəniyyət akademiyasının prezidenti” kimi mövcud olmayan “titullarını” sadalayır. Başa düşülən deyil. Görəsən, mövcud olmayan “dünya sülh səfiri” titulunu ona kim layiq görüb, mövcud olmayan idarə heyətinə onu kim seçib və ya təyin edib, mövcud olmayan laureat adını ona kim və nə vaxt verib? O ki, qaldı “Dünya Azərbaycanlıları Konqresi birliyinin mədəniyyət akademiyasının prezidenti” məsələsinə, bu məsələ bir dəfə də , axırıncının təqdimatı ilə məhkəmə baxışı vaxtı araşdırılıb və məlum olub ki, dünyada nə elə bir akademiya var, nə də onun prezidenti. Lap şərti olaraq belə bir akademiyanın mövcudluğunu qəbul edə bilsək də, Azərbaycan Dövlət Universitetinin 2-ci kursundan qüsuruna görə xaric edilən İlhamə hər hansı bir akademiyaya necə prezidentlik edə bilər? Qaldı ki, guya hamının onun əlindən öpdüyünü, mənim isə bundan imtina etməyim məsələsinə (illər boyu onun can atdığı da elə budur), o nə Roma Papasıdır, nə də ki, Ali Dini Lider. Belə olan halda əgər kimlərsə, özünə rəva bilərək onun əlindən öpürsə, bu onların şəxsi işidir.

Hörmətli redaksiya.

Mənə öz fikirlərimi oxucularınızla bölüşdürməyə imkan yaratdığınız üçün həm Sizə, həm də bu günlərdə mənə mənəvi dayaq olmuş digər kütləvi informasiya vasitələrinə, millət vəkillərinə, digər vəzifəli şəxslərə və bütün sadə insanlara öz minnətdarlığımı bildirirəm".

Hörmətlə,

Nazpəri Dostəliyeva


Publika.az