BolgeXeber.Com » İdman » “Neftçi”nin legionerinin futbola satıcı və fəhləlikdən gəldiyi müəyyənləşib

“Neftçi”nin legionerinin futbola satıcı və fəhləlikdən gəldiyi müəyyənləşib

6-12-2018, 15:37
Oxunub: 3 766 “Neftçi”nin legionerinin futbola satıcı və fəhləlikdən gəldiyi müəyyənləşib“Neftçi”nin braziliyalı futbolçusu Dario Junior ölkəsinin tvebrasil.com.br saytına müsahibəsində karyerası ilə bağlı maraqlı bir məqama aydınlıq gətirib.

Oxu.Az xəbər verir ki, 27 yaşlı cinah hücumçusu əvvəlcə Azərbaycan Premyer Liqasının XIII turunun “Sabah”la görüşündən (2:1) danışıb.

O, 73 dəqiqə oynadığı bu görüş və çempionluq istəkləri barədə bunları bildirib:

“Biz fasiləyə iki top üstünlüklə yollana bildik. Ancaq bir oyunçumuz (cinah müdafiəçisi Tural Axundovu nəzərdə tutur – S.M.) qırmızı vərəqə aldığından, paltardəyişmə otağına bir nəfər azlıqda yollandıq. İkinci hissədə hər iki komandanın heyətində dəyişikliklər oldu və rəqib fərqi azaltdı. İndi II pillədəki əsas rəqibimizdən beş xal öndəyik.

Əsas rəqibimiz ötən cümə axşamı “Sportinq”ə Avropa Liqasında 1:6 hesabı ilə uduzmuş “Qarabağ”dır. Bu mənfi nəticə onlara təsir etməyib. Çünki onlar da son turda 5:1 hesabı ilə qalib gəldilər. Əsas rəqibimiz də bizim kimi çempion olmaq istəyir. Azərbaycan çempionu olmaq üçün qarşıdakı oyunlarımızın əksərində mümkün qədər qalib gəlib əsas rəqibimizlə aradakı fərqi qorumalıyıq”.

Daha sonra Dario futbola gəlişindən danışıb:

“18 yaşımda valideynlərimdən ultimatum aldım. Ya futbolda müvəffəqiyyət qazanmalı, ya da daimi iş tapmalı idim. Əvvəl bir supermarketdə işləmişdim, daha sonra tikintidə işləməyə başlamışdım. Bundan sonra isə “Unian San Juan” klubunda futbol oynamışdım. Ancaq dünyanın məşhur klublarından olan “Korintians”ın oyunçusu olduqdan sonra ailənin istəyini yerinə yetirə bildim”.

Qeyd edək ki, tam adı Dario Frederiko da Silva olan futbolçu ilk dəfə ölkəmizə 2015-ci ildə gəlib. Onun Azərbaycandakı ilk klubu hazırda I divizionda çıxış edən “Kəpəz” olub.