loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

“1 yaşdan 80 yaşadək tamaşaçılarımız olub”-Fəridə Aslanova

“1 yaşdan 80 yaşadək tamaşaçılarımız olub”-Fəridə AslanovaTeatr deyəndə ilk ağla gələn səhnə olur

Daha sonra səhnədəki personajlar, obrazları canlandıran aktyorların performans və bacarığı, tamaşaçı alqışından doğan anşlaq. Bəzən insan özünü obrazların arasında və problemlərinin tənqidini tamaşalarda tapır.

Ötən əsrin 90-cı illərindən sonra ölkəmizdə sanki teatrlara maraq azalmışdı. Hətta bu əsrin əvvəllərində gənclərdən teatrlar haqda soruşanda nəyin ki cavab vermək, hətta bir neçə teatrın adını çəkməkdə çətinlik çəkirdilər. Bir zamanlar başdan-ayağa sovet psixologiyasına bürünmüş səhnələrdə insanlar müasirlik axtarışında idi. Amma tamaşaçının bu axtarışı çox sürmədi. Yenidən tamaşaçı cəlb etməyi qarşısına məqsəd qoyan teatrlar müasirliyin nəbzini tutmağı bacardılar və aktual mövzuları ilə səhnəyə çıxdılar. Teatrın yolu süqutdan qayıdıb yeni dövrə qədəm qoydu. Artıq Azərbaycanda Teatrlar yeni afişalarla tamaşaçı zövqünü oxşamaq rəqabətinə girib. Bu rəqabət meydanında Azərbaycan Dövlət Musiqili Teatrı da var. Bu teatr haqqında isə biz danışmayaq. Teatrın mətbuat katibi Fəridə Aslanova danışsın. Azadinform onunla elədiyi söhbəti – müsahibəni təqdim edir:

– Son 6 ayda tamaşaçıların ümumi sayı nə qədər olub?

– Bizim teatrın da biletləri digər teatrlar kimi şəhərin mərkəzləşmiş kassalarında satıldığından bu sualınıza cavab verməyə çətinlik çəkirəm. Təbii ki, hər tamaşada dəvət olunmuş tamaşaçılarımız da olur. Bütün bunları nəzarətdə saxlamaq və konkret rəqəm söyləmək mənim üçün qeyri-mümkündür.

– Musiqili Teatra daha çox hansı yaşda tamaşaçı gəlir?

– Musiqili Teatrda həftənin azı 3 günü (cümə, şənbə, bazar) 2 və daha artıq tamaşa nümayiş olunur. Bu baxımdan Musiqili Teatr müxtəlif yaş qruplarında olan insanların zövqlərini nəzərə alaraq, müxtəlif forma və məzmunlu tamaşalar hazırlayır. Bəzən vaxtaşırı apardığımız kiçik müşahidələr zamanı maraqlı nəticələr meydana çıxır – ən kiçik tamaşaçımız 1 yaş 9 aylıq, ən yaşlısı isə təqribən 70-80 yaşdan yuxarı olub. Bağçalar, orta və ali təhsil müəssisələri, idarə və təşkilatlar qrup şəklində tamaşalarımızı izləməyə gəlirlər.

– Teatrınız hansı həvəsləndirici tədbirlər həyata keçirir ki, tamaşalar anşlaqla keçsin?

– Musiqili Teatr tamaşaçıları teatra cəlb etmək üçün müasir dövrün tələblərinə uyğun şəkildə addımlar atmağa çalışır və buna müvəffəqiyyətlə nail oluruq. Sosial şəbəkələrdə – ”Facebook”, ”İnstaqram” səhifələrimizdə, teatrımızın “musiqiliteatr.az” rəsmi saytında davamlı olaraq tamaşalar barədə anonslar, şəkillər, videolar, maraqlı məlumatlar paylaşırıq.

Hətta teatrımızda çalışan aktyorlarımızın ad günlərində onlara ünvanladığımız təbriklərlə yanaşı, oynadığı rollardan görüntülər və səhnə fəaliyyəti haqqında geniş məlumatlar veririk. Televiziyalarla, qəzet və jurnallarla, saytlarla sıx əməkdaşlıq edirik. Tamaşalarımızın premyeralarında media nümayəndələrinə rəsmi dəvətnamələr göndəririk.

Musiqili Teatr həmişə öz ənənəsinə sadiq qalaraq təqdim olunacaq tamaşaların 4 aylıq repertuar planını öncədən müəyyənləşdirir və elan edir. Repertuar öncədən bəlli olduğuna görə də bu barədə müxtəlif informasiya vasitələri ilə reklam və anons etmək də çətin olmur, bukletlər hazırlanır və əhalinin sıx olduğu məkanlarda paylanılır.

– Qastrol səfərləri təşkil olunurmu və hansı regionlara?

– Söhbət qastrol səfərlərdən düşmüşkən deyim ki, teatrımız adətən ildə bir neçə dəfə həm başqa ölkələrə, həm də bölgələrimizə qastrol səfərləri təşkil edir. Müxtəlif beynəlxalq və yerli festivallarda çıxış edir.

Yola saldığımız 108-ci teatr mövsümü Dövlət Musiqili Teatrı üçün uğurlu və əlamətdar hadisələrlə zəngin olub. İl boyu Musiqili Teatrda bir çox beynəlxalq və respublika əhəmiyyətli tədbirlər keçirilib. Bir sıra tamaşaların premyeraları olub, aktyorlar beynəlxalq müsabiqələrdə yüksək səviyyədə iştirak ediblər, müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıblar. Nümayiş etdirdiyimiz tamaşalar müxtəlif ölkələrin teatr xadimlərinin, səfirlərinin və onların nümayəndələrinin, həmçinin ölkəmizin tanınmış ictimai-siyasi xadimlərinin, sənət adamlarının çox böyük marağına səbəb olub. Məsələn, Musiqili Teatr dünyanın təqribən 20 ölkəsinin teatrlarının qatıldığı İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında “Ər və arvad” komediyasını təqdim edib və çox böyük maraq və coşquyla qarşılanıb. Keçən il isə 36-cı Beynəlxalq Fəcr Teatr Festivalında Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev ekspert kimi iştirak edib. Təbriz Teatrının rəhbəri, aktyor və rejissor Babək Nəhreyn 2017 və 2018-ci illərin Novruz Bayramı günlərində 2 il ardıcıl konsert proqramı ilə bizim səhnədə çıxış edib, Bakıda keçirilən İran Mədəniyyəti Günləri çərçivəsində Titovak Teatrının aktyorlarının iştirakı ilə “İlahi Komediya. Cəhənnəm” tamaşasının nümayiş etdirib.

Ötən il teatrımız “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Sumqayıt Dövlət Dram Teatrının səhnəsində məşhur özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” iki hissəli komediyasını təqdim edərək mükafata layiq görülüb.

– Hansı yeni tamaşalar oynanılır və nəzərdə tutulur?

– Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü şərəfinə təqdim etdiyimiz “Nuri-didə Ceyhun” (Ə.Əmirli) tamaşasında Azərbaycan səhnəsində ilk dəfə Ceyhun Hacıbəyli obrazının canlandırılması, “Qodonun intizarında” (F.Qarayev, S.Bekket) absurd tamaşasının premyerasının nümayişi teatr aləmində çox böyük əks-səda doğurub.

Bir çox yeniliklərə imza atan teatrımız bu il “Bağdadda bir gün” (E.Sabitoğlu, V.Kolmanovski) tamaşasının premyerası ilə repertuarında uğurlu səhnə əsərlərinin sayını artırıb. “Balaca şahzadə” (A.S. Ekzüperi), “Çarəsiz sərnişinlər” (S.Stratiyev), “Buratino” (A.Tolstoy, A.Rıbnikov) tamaşalarının ciddi məşqləri gedir. Ötən teatr mövsümündə ssenarisi və quruluşu teatrın əməkdaşı Sevda Məmmədovaya məxsus olan “Əsarətdən cəsarətə” adlı tamaşası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Cəzaçəkmiş qadınların cəmiyyətə qayıdışı” İctimai Birliyinin təşkilatçılığı ilə təşkil olunan müsabiqədə qalib gəlib və Quba və Qusar rayonunda gənclər qarşısında nümayiş olunub. Narkomaniya əleyhinə təbliğat vasitəsi olaraq bu tamaşa orta məktəblərin yuxarı sinif şagirdləri və gənclər üçün nəzərdə tutulub.

Xatırladım ki, hər zaman öz repertuarında uşaq tamaşalarına xüsusi yer verən Musiqili Teatr Yeni il bayramına görə uşaqların tətil günlərində balaca tamaşaçılarımızın görüşünə Azərbaycan xalq nağılı “Cırtdan”ın motivləri əsasında gənc rejissor Ayla Osmanovanın quruluşunda “Cırtdanın sərgüzəştləri” nağıl-pyesi ilə gələcək. Teatrımız Yeni ilin ilk günlərini övladları ilə xoş ovqatla və yaddaqalan keçirmək istəyənləri 2018-ci ilin dekabrın 28-dən başlayaraq 2019-cu il yanvarın 6-a qədər davam edəcək bayram şənliklərinə dəvət edir. Qiyməti 8 manat olan biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, “iticket.az” saytından əldə etmək olar.
Bolgexeber.com
Bölmə: Müsahibə-Reportaj | 06 dekabr 2018 16:14 | Baxış sayı: 98





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: