BolgeXeber.Com » Bölgə » “Relax”da bayram tədbiri keçirildi-FOTO

“Relax”da bayram tədbiri keçirildi-FOTO

26-03-2011, 12:00
Oxunub: 7 624



























































Rayon ağsaqqalları, millət vəkili və müxtəlif məmurlar bu tədbirdə bir araya gəldilər

Novruz bayramı tədbirləri Azərbaycan dövlət səviyyəsində olmaqla həm paytaxt, həm də rayonlarda qeyd olunub. Xalqımızın bayram vaxtlarında xeyriyyəçilik etmək, imkanlı şəxslərin ziyafətlər təşkil etməsi kimi adətləri də unudulmayıb. Belə tədbirlərdən biri yaxın günlərdə Lerikin iri turizm obyektlərindən biri olan “Relax” İsirahət Mərkəzində baş tutub. “Relax” rəhbərliyinin təşəbbüsü ilə keçirilən musiqili bayram tədbirində yerli sadə vətəndaşların, rayon ağsaqqalarının iştirakı təmin edilib.

Bölgəyə ezam olunan Bolgexeber.com-un əməkdaşının sözlərinə görə, “Relax”ın bayram tədbirinə bölgənin ictimai fəal şəxsləri, iş adamları, elm-mədəniyyət xadimləri, Lerik rayon Turizm və Mədəniyyət Şöbəsinin rəhbərliyi, bir çox yerli dövlət strukturlarının nümayəndələri və eləcə də millət vəkili İqbal Məmmədov qatılıb.

Tədbiri açan “Relax” İstirahət Mərkəzinin rəhbəri Çingiz Məmmədov qonaqları Novruz bayramı münasibəti ilə təbrik edərək, bu bayramın Azərbaycan xalqının milli-mənəvi tarixində və milli birliyin formalaşmasında oynadığı əhəmiyyətli rolundan bəhs edib. Onun sözlərinə görə, bütün Türk dünyasında təntənə ilə qeyd olunan bu bayramı ildən-ilə daha təntənə ilə qeyd etməli və bayram mərasimlərində köməyə ehtiyacı olan, maddi sıxıntı içində yaşayan vətəndaşlar üçün xeyriyyə aksiyaları təşkil edilməlidir.

Millət vəkili İqbal Məmmədov öz növbəsində bu tədbirin keçirilməsini əlamətdar hadisə kimi qeyd edərək vurğulayıb ki, Azərbaycan xalqının rifahı naminə, birliyin və yardımlaşmanın təmin edilməsi çox vacibdir. Millət vəkilinin sözlərinə görə, Lerik sakinləri Azərbaycanın bütövlüyü naminə əsl vətəndaş sədaqəti göstərirlər və daim dövlət başçısının siyasətinə dəstək nümayiş etdirirlər. Rayonun problemlərinə də toxunan İqbal Məmmədov bildirib ki, son zamanlar dövlət səviyyəsində həyata keçirilən tədbirlər çərçivəsində bütün bölgələrdə əhalinin vəziyyətinin yaxşılaşması və işsizlik problemlərinin aradan qaldırılması nəzərdə tutulur.

Çıxış edən digər qonaqlar da bu tədbirin təşkilinə görə “Relax” rəhbərliyinə minnətdarlıqlarını bildirərək qeyd ediblər ki, insanların əhəmiyyətli günlərdə bir araya gəlməsi üçün bu cür tədbirlərin təşkili, xüsusən də iş adamlarının bu sahədə fəallığı xüsusi əhəmiyyət kəsb edir. Tədbirdə iştirak edən Kosa və Keçəl də qonaqlar üçün qaravəlli nümayiş etdiriblər. Həmçinin, müxtəlif müğənnilərin ifasında musiqi nömrələri də bayram tədbirinə rəng qatıb.