BolgeXeber.Com » Gündəm » Şirvan-Sabirabad yolu bir müddət bağlı qalacaq

Şirvan-Sabirabad yolu bir müddət bağlı qalacaq

31-07-2010, 11:00
Oxunub: 7 218
Səbəb Kür çayı üzərində körpünün uçmasıdır

Hacıqabul-Bəhrəmtəpə yolunun 8-ci kilometrində, Kür çayı üzərindəki uçan körpü ilə bağlı Rusiyadan mütəxəssis dəvət olunacaq.

Bu barədə “Bolgexeber” ın Mil-Muğan bürosuna 34 saylı Yol İstismar İdarəsinin rəis müavini Nizami Məmmədov məlumat verib. Onun bildirdiyinə görə, Daxili İşlər və Nəqliyyat nazirliyinin birgə qərarına əsasən, uçan körpüyə rəy alınmaq üçün Rusiyadan mütəxəssis dəvət olunacaq. Rəy məlum olana qədər isə körpü avtomobillərin hərəkəti üçün bağlı qalacaq.

N. Məmmədov hazırda avtomobillərin hərəkəti üçün alternativ yollardan istifadə olunduğunu deyib: “Sürücülərdən xahiş olunur ki, Sabirabad rayonu istiqamətinə getmək üçün Hacıqabul-Padarçöl yolundan, İmişli və Saatlı rayonlarına getmək üçün isə Salyan-Biləsuvar yolundan istifadə etsinlər”.

Qeyd edək ki, Hacıqabul-Bəhrəmtəpə yolunun 8-ci kilometrində, Kür çayı üzərindəki körpünün üstündəki dəmir-beton plitələrin uçması nəticəsində yolda avtomobillərin hərəkəti hər iki istiqamətdə dayandırılıb.