BolgeXeber.Com » Gündəm » Məmurların məhkəməsi başlayır

Məmurların məhkəməsi başlayır

28-03-2011, 16:15
Oxunub: 5 742
Yusif Abdurahmanov və Eldəniz Qəhrəmanovun məhkəmə prosesi martın 30-na təyin olunub

Martın 30-da Şəki Şəhər İcra Hakimiyyəti başçısının keçmiş müavini Eldəniz Qəhrəmanovla icra hakimiyyətinin keçmiş şöbə müdiri, şəhərin sabiq baş memarı Yusif Abdurahmanovun məhkəmə istintaqı başlayacaq. Məlumatı işə baxan hakim Kamran Süleymanovun köməkçisi Əfqan İsmayılov verib.

Dövlət ittihamçısı Anar Məmmədov, təqsirləndirilənlərin vəkilləri Rəna Məmmədova və Rəşad Mirmehdizadədir.

Martın 18-də keçirilmiş hazırlıq iclası haqqında məlumat verərkən Ə.İsmayılov prosesə zərərçəkən tərəfin də qatıldığını deyib: “Elfanə Səlimova və anası Nailə Səlimova məhkəmədəydilər. Onların heç bir nümayəndəsi yoxdur. Anası bildirdi ki, qızının nümayəndəsi özü olacaq”.

Eldəniz Qəhrəmanov və Yusif Abdurahmanova qarşı Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə iş başlanıb. Onlar fevralın 3-də Şəkidə baş vermiş intihar hadisəsindən sonra həbs olunublar. Həmin gün Şəki şəhərindəki mağazasının məhkəmə hökmü olmadan sökülməsinə etiraz edən Hikmət Səlimov Kiş çayının üzərindəki körpüdən özünü ataraq intihar edib.

Fevralın 7-də Respublika Prokurorluğu rəsmi məlumat yayaraq bunları bildirib: “Şəki Şəhər İcra Hakimiyyəti başçısının 29 mart 2003-cü il sərəncamı ilə şəhər sakini Elfanə Səlimovaya ayrılan 30 kvadratmetr ərazidə onun atası Hikmət Səlimov icazəsiz mağaza və talvar inşa etdirib və orada qanunsuz küçə ticarəti aparıb. Həmin ərazidə qanunsuz ticarətlə məşğul olması ilə əlaqədar Şəki şəhər bələdiyyəsi Hikmət Səlimova 13 dekabr 2010-cu ildə rəsmi xəbərdarlıq edib, o, inzibati xəta törətməkdə təqsirli bilinərək 20 manat cərimələnib.

3 fevral 2011-ci ildə saat 10-da Şəki Şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini Eldəniz Qəhrəmanov, icra hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri, şəhərin baş memarı Yusif Abdurahmanov xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar kənara çıxan hərəkətlər ediblər, Elfanə Səlimovaya ayrılmış ərazidə, şəhərin Fuad Abdurahmanov küçəsində inşa edilmiş mağazaya gəliblər, məhkəmə qərarı olmadan mağazanın və mağaza qarşısında tikilmiş açıq talvarın sökülməsi üçün qanunsuz göstərişlər veriblər, həmin tikililərin bir hissəsinin traktor-ekskavatorla uçurulub-dağıdılmasına nail olublar, bununla da fiziki şəxsin konstitusiya ilə nəzərdə tutulan hüquq və azadlıqlarını pozublar”.