BolgeXeber.Com » Müsahibə-Reportaj » QHT rəhbəri Gömrük Komitəsindən 10 min tələb edir

QHT rəhbəri Gömrük Komitəsindən 10 min tələb edir

29-03-2011, 19:00
Oxunub: 5 784
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynov Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevdən 10 min manat təzminat tələb edir.

Bunu Bolgexeber.com-a açıqlamasında RATİ sədri Emin Hüseynov bildirib. O, qeyd edib ki, Dövlət Gömrük Komitəsinin hərəkətlərinin qanunsuz hesab olunması, ayrı seçkiliyin qadağan olunması, maddi və mənəvi dəyərin səbəbinə dair iddia ərizəsi verib:
“Ərizəyə görə, mən iddia edirəm ki, əsas cavabdeh qurum olan Gömrük Komitəsi fevralın 1-də komitə işçiləri tərəfindən mənə qarşı olan qanunsuz addımlara məhkəmədə hüquqi qiymət verilsin, eyni zamanda məndən müsadirə olunan əşyalar geri qaytarılsın, bu hərəkətlər nəticəsində mənə dəymiş maddi və mənəvi zərər ödənilsin. İddia ərizəmdə 3 min manat maddi, 7 min manat isə mənəvi zərər olmaqla ümumilikdə 10 min manat təzminat tələb etmişəm”.

E. Hüseynov bildirib ki, qaldırdığı iddiada 3 dövlət qurumunun adı qeyd olunub: “Bunlardan ikinci cavabdeh qurum Ədliyyə Nazirliyidir. Mənim qənaətimə görə, Ədliyyə Nazirliyinin ekspertiza şöbəsi mənə məxsus olan əmlakları bilərəkdən heç nə əsaslandırmadan yüksək qiymətlərlə qiymətləndirib. Mən tələb edirəm ki, Dövlət Gömrük Komitəsinin işçilərinin hərəkətləri qanunsuzdur, amma Ədliyyə Nazirliyi bu iş üzrə xüsusi ekspertiza rəyi hazırlayıb. Həmin rəyə görə, mənim Dubaydan Bakıdakı qiymətlərdən ən azı iki dəfə ucuz aldığım əşyalar Bakı qiymətləri ilə hesablanıb. Üstəlik işlənmiş əşyaları da təzə adı ilə qiymətləndiriblər. Dünyanın heç bir yerində belə bir hal yoxdur. Amma Azərbaycanda bu mümkün oldu. Ədliyyə nazirliyinin özünü müstəqil ekspert adlandıran işçisi bu qiymətləndirməni edib” .

Jurnalist üçüncü cavabdeh qurumun isə Maliyyə Nazirliyi olduğunu deyib: “Qanunvericiliyə uyğun olaraq, dövlət qurumunun hərəkətləri nəticəsində dəymiş maddi və mənəvi zərər tələb ediriksə, pul təzminatı qoyuruqsa o dövlət büdcəsindən tutularaq ödəniləcək. Bu məbləğ mənə ödəniləcəksə, bunu Maliyyə Nazirliyi icra edəcək. Ona görə də, cavabdeh qurumlara onların da adı salınacaq.

RATİ sədri iddia ərizəsində geri çəkilməyəcəyini bildirib: “Dövlət Gömrük Komitəsinin özbaşınalığı tək mənə yox, eləcə də çoxsaylı sərnişinlərə qarşı edilmiş qanunsuzluqdur. Mən bu məsələdə geri çəkilməyəcək, axırınadək mübarizə aparıb, öz hüquqlarımı tələb edəcəyəm” .