BolgeXeber.Com » Mədəniyyət » "Keçmişdə əxlaqsızlıqlar efirdə yox idi"

"Keçmişdə əxlaqsızlıqlar efirdə yox idi"

1-02-2019, 16:54
Oxunub: 4 340 "Keçmişdə əxlaqsızlıqlar efirdə yox idi""Bizim mədəni halımız” silsiləsindən görkəmli Azərbaycan bəstəkarı Eldar Mansurovla müsahibə

“Bizim mədəni halımız” silsiləsindən Azərbaycanın görkəmli bəstəkarlarından biri, belə demək mümkünsə, mədəniyyət platformamızın “son mogikan”larından biri olan Eldar Mansurovla müsahibəni təqdim edirik:
- Eldar bəy, siz Azərbaycanda rok operanın yaradıcılarından birisiniz. Rok opera nədir və niyə siz özünüzün rok operanızı səhnəyə çıxara bilmədiniz?
- Rok ayrıca bir janrdır və səhnəyə qoymaq üçün böyük maliyyə lazımdır. Yəni, böyük texniki şəraitlərin yaradılmasına ehtiyac var. Çünki rok ifaçıları mikrofonla oxuyurlarsa, rok operada qulaqa taxılan xırda mikrofonlara ehtiyac var, həmin mikrafonlar uzaqdan idarəetmə pultu ilə idarə olunurlar. O vaxtı düşünürdüm ki, rok operanı səhnəyə qoyacağam. İndi səhnəyə qoya bilməməyimin səbəbi texniki imkanların olmamasıdır.

Texniki imkanlar üçün yaxşı sponsora və maliyyəyə ehtiyac var. Səhnə elə qurulmalıdır ki, səhnədə 20 adam varsa, hamısı xor şəklində mikrofonla oxuya bilsin. Bu baxımdan əsərlər yazılsa da, səhnəyə çıxarıla bilmir.
Klassik operada isə mikrofona ehtiyac yoxdur. Orada sənəyə çıxıb, orkestrlə oxuyursan.
- Hazırda bu janrda sizin davamçılarınız varmı?
- Bəzi yoldaşlar var ki, onlar rok opera yazırlar. Bu yaxınlarda dostum Rizvan Sədirxanov “Səyyah Sindibad” adlı rok-operası yazmışdı. Əslində indiki vaxtda bu sahələr böyük çətinlik tələb etmir.
- Sovet illərindəki kimi, indi gözəl, professional bəstəkarlar yetişmir. Olanlar əsasən Sovetlər dönəmində yetişənlərdir. Peşəkar, ölməz əsərlər yarada bilən, məsələn, sizin kimi bəstəkarların yetişməsinə nə mane olur?
- İncəsənətin bir çox sahələrində o vaxtın dəyərlərilə indiki dəyərlərin müqayisə belə etmək mümkün deyil. Bilirsiniz, demokratiya və müstəqillik xaos demək deyil. 90-cı ilin əvvəllərində yerindən durana, bu sahəyə dəxli olmayan insanlara “ulduz” adı verildi və sonra onların qabağında dayana bilmədilər. İndi də mənim kimi adamların üstünə gəlirlər ki, musiqimiz batır, biz nə edək?
Mən də onlara cavab verirəm ki, siz özünüz o vaxtı onlara “ulduz” adı qoymusunuz. İndi mən necə kömək edim sizə?! Yerindən duran bəstəkarlıq edir, şeir yazır. Keçmiş filmlərimizə baxın. Görün, indiki zamanda o aktyorların səviyyəsində bir aktyor varmı?! Aktyorun oynadığı rolda o vaxtkı mədəniyyətlə indiki mədəniyyət eyni deyil. İndi küçə söyüşləri ilə danışırlar. Keçmişdə əxlaqsızlıqlar efirdə yox idi.

Əslində cəmiyyətdə hər cür insan var. O vaxtı efirdə göstərilən maarrifləndirici idi, Hətta valideynlər də uşaqlarını tərbiyəli etməyə çalışırdı. Ancaq indi hər yerdə tərbiyəsizlik hökm sürür. Bu gün Azərbaycanın 3-5 nəfər tanınmış adamları var. Lakin getdiyin hansısa yerdə o şəxsi tanımırlar. Üzünə baxıb deyirlər ki, Sən kimsən?!...
İndiki gənclərin həyat tərzi telefondan, planşetdən ibarətdir. Teatra, kinoya
gedənlərin sayı çox azdır. O vaxtı bizim marağımızda olan amillər indiki
gənclərin marağından çox uzaqdır.
- Müşahidələr göstərir ki, Azərbaycan musiqi mühiti xüsusən də professianal klassik musiqi janrı Qərbdən, hətta Şərqin bir sıra ölkələrindən də geri qalmaqdadır. Bunun səbəbləri barədə nə deyə bilərsiniz? Azərbaycanın musiqi məktəbində geriləməsi nəylə əlaqədardır?
30-40 il bundan qabaqkı Azərbaycanın klassik musiqiçiləri Fikrət Əmirov, Qara Qarayev, Cahangir Cahangirov və başqa bəstəkarların əsərlərindən sonra ortalığa çıxarılası yeni bir əsər yoxdur. Çünki ölkədə sənətin səviyyəsini öldürüblər.
-Ümumiyyətlə, cəmiyyətimizdə operaya maraq var?
Operaya marağın yaranması bu işin başında duran şəxslərdən asılıdır. Onlar elə etməlidirlər ki, insanlarda operaya maraq oyansın. Sovet dövründə operanın qiyməti bahalı idi. İndi operanın qiyməti iki restoranın puludur. Bu pula kim yazacaq?!
Baxın, bizim bugünkü güzgümüz televiziyadır. Televiziyamıza və cəmiyyətimizə nəzər yetirin. Televiziyada göstərilənlər cəmiyyətin səviyyəsindən xəbər verir. İndiki şəraitdə cəmiyyətdə səviyyə çox aşağıdır.
- Halbuki televiziya rəhbərləri bildirirlər ki, cəmiyyətin tələb etdiyini onlara veririk...
- Yox, bu fikirlə razı deyiləm. Televiziyalar müəyyən qurumlardır və onların
başında oturan adamlar televiziya işinə cavabdehdirlər. Açıq deyim ki, mən sarı mətbuatı bəyənmirəm. Çünki kimin evində nə məsələ varsa, mətbuatda yayımlanır. Evdə baş verən evin içində qalmalıdır. Yəni, cəmiyyətə sənət adamlarının ibrətamiz tərəflərini tanıtmaq lazımdır.
Siz elə bilirsiniz ki, Nizaminin, Fizulinin, İmadəddin Nəsiminin problemləri olmayıb, adi insan kimi yaşamayıblar? Şübhəsiz ki, onların da ailələrində problemlər yaşanıb. Halbuki biz onlardan danışanda yalnız yaradıcılıqlarından bəhs edirik.

Mətbuat və televiziya işçilərinin əksəriyyəti çalışır ki, sənət adamlarının pis
tərəflərini yazsınlar. Çünki camaatı artıq buna öyrədiblər. Cəmiyyətə nə verirsənsə, onu da oxuyur.
Cəmiyyətin maraq dairəsinin düzgün formalaşmamasında televiziyalarımız, sarı mətbuatımız günahkardır. Mənim elə bir səlahiyyətim olsaydı, elə verilişlərin, elə məqalələrin üstündən xətt çəkərdim və yayımlanmasına icazə verməzdim.
Müstəqillik ağzımıza gələni danışmaq deyil axı. Müstəqillik Milli Parkda tumu çırtlayıb qabığını yerə atmaqdan, kafe-restoranlarda yüksək tonla gülməkdən, qışqıra-qışqıra danışmaqdan ibarət deyil. İnsanların çoxu özünü mədəni aparmır. Bu vəziyyət cəmiyyətimizin ən böyük bəlasıdır.
-Müsahibələrinizin birində demişdiz ki, bu gün bəstəkarlıq hörmətdən
düşüb. Bu fikir sizdə nəyə əsasən formalaşıb?
- Bakıda tikilən evlərə diqqət edin. Bakının arxitekturası demək olar ki, yoxdur. Çünki şəhərin planı ilə məşğul olan adamların bu sahəyə aiddiyyatı yoxdur. Kim harda gəldi pul verib, ev tikdirir. Sənət də belədir. Musiqi ilə musiqiçi, poeziya ilə ədəbiyyatdan başı çıxan məşğul olmalıdır. Hər sahənin öz peşəkarı olmalıdır.
- Həm professional, həm də şəxsi anlamda Sovet dönəmi ilə bağlı nə deyə bilərsiniz?
- İndiki dövr kimi, Sovet dövrünün də yaxşı və pis tərəfləri vardı. Biz çalışmalıyıq ki, pis cəhətlərimizdən daha çox yaxşı cəhətlərimizi inkişaf etdirək. O dövrlərdən fərqli olaraq, indiki dövrdə ara mahnılarına daha çox qiymət verilir. Bu tip mahnılar efirdən düşmür. Yəni, dəyərlər dəyişilib. Bu barədə fikirlərimi dəfələrlə demişəm, amma mənə qulaq asan yoxdur.
- Eldar bəy, tələbələriniz var?
- Xeyr, hal-hazırda tələbələrim yoxdur.
- Siz Azərbaycan musiqisinin sözün həqiqi mənasında korifeylərindən birisiniz. Hazırda özünüzü unudulmuş adam olaraq hiss edirsinizmi?
- Özümü o qədər də unudulmuş insan hesab etmirəm. Çünki hələ ki, televeziyalara çağırırlar, müsahibə alırlar. Bu müraciətlər kəsiləndən sonra özümü unudulmuş sayacağam.
Amma hərdən özümü unudulmuş sayıram. Məsələn, hansısa idarəyə gedəndə orda hansısa gənc kadr tanımır və kim olduğumu soruşur. Özümü təqdim etsəm belə, yenə tanımır. Belə olanda üzümü çevirib gedirəm və birdə o idarəyə getmirəm.
-Dövlətin sizə olan münasibətində dəyişiklik olubmu?
- Mənə möhtərəm prezidentimiz Prezident təqaüdü, fəxri ad, ev verib. Mən niyə dövlətdən narazı olmalıyam? Sağ olsunlar ki, məni sayıblar, mənim yaradıcılığıma qiymət veriblər. Heydər Əliyev fondu və şəxsən Mehriban xanım Əliyeva mənə yaradıcılığımda və bir sıra layihələriminn ərsəyə gəlməsində hər zaman dəstək olub. Mən onlara hər zaman minnətdarlığımı bildirirəm.
- Siz az öncə qeyd etdiniz ki, verilişlərə çox getmirsiniz və çox müsahibə vermirsiniz. Ola bilərmi ki, unudulmağınızın səbəbi bunlar olar?
- Bu günkü jurnalistika edədir ki, mən bir şey danışıram, onlar isə başqa şey yazırlar. Yəni mən nəyisə yaxşı mənada deyirəm, amma onlar mənim dediklərimi başqa tərəfə yozurlar. Elə hallar olur ki, jurnalist zəng edir mənə deyir ki, filankəs sizin haqqınızda belə dedi. Mən deyirəm o, siz dediyiniz həmin sözü deyə bilməz. Amma jurnalist israr edir ki, diktafonda qulaq asın. Mən də uşaq deyiləm. Bilirəm ki, mənim haqqımda nə isə deyən adamı çaşdırıb dedirdiblər. Sonra da elan edirlər ki, filankəs Eldar Mansurov haqqında belə söz dedi. Bəs Eldar Mansurovun cavabı nə olacaq? Mən də deyirəm kim nə deyibsə, sağ olsun, zaman hər şeyi öz yerinə qoyar.
Hərdən yanıma cavanlar gəlirlər, söhbət əsnasında başa düşürəm ki, bunlar rus dilini bilmirlər. Soruşanda da ki, hansı dili bilirsiz, deyirlər ingilis dilini. Deyirəm ki, rus dilini öyrənmək lazımdır. Çünki Azərbaycanda bütün ədəbiyyat, təhsil kitablarının hamısı rus dilindən Azərbaycan dilinə çevirilib.

Siz elə bilirsiniz Drayzerin əsərlərini ingilis dilindən Azərbaycan dilinə tərcümə ediblər? Xeyir o əsələr də ingilis dilindən rus dilinə, rus dilindən də Azərbaycan dilinə tərcümə edilib. Mən elə düşünürəm ki, tam savadlı olmaq üçün rus dilini bilmək çox vacibdir. Bir baxın, Üzeyir bəy Peterburqda təhsil alıb, Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev bir çox tanınmış rəssamlarımız da Moskvada rus dilində təhsil alıblar və sonradan böyük sənətkarlar olub məşhurlaşıblar.
Bizim cəmiyyətdə bir sıra adamlar Rusiyanı imperiya adlandırıb, rus dilindən imtina etməyə çağırırlar. Yəni qədim Roma, Osman və digər imperiyalar olmayıb? Biz o quruluşlardan yaxşı şeyləri götürməliyik. Çünki həmin dövrlərdə mədəniyyət, şəhər salma və bir çox cəhətlər cəmiyyətin inkişafına səbəb olub.
-Bəs Azərbaycan incəsənətində irəli getmək üçün hansısa, işıq yolu var?
- İşıqyolu həmişə var. Amma inkişafla bağlı problemin həll olunmasında təhsildən çox şey asılıdır. Çünki cəmiyyətə düzgün təhsil verilməlidir. Bakı konservatoriyasında vaxti ilə Cövdət Hacıyev və Qara Qarayev kimi şəxsiyyətlər bəstəkarlıq kafedrasında onlarla peşəkar bəstəkarlar yetişdiriblər. Bu gün də tanıdığınız bir çox məşhur bəstəkarlar məhz onların tələbələridirlər.
Mən müasir nəsilə dərs verən müəllimlərin çoxunu tanıyıram. Amma onları
nə Cövdət Hacıyevlə, nə də Qara Qarayevlə müqayisə edə bilmərəm. Çünki onların arasında göylə yer boyda fərq var.
Bir məqamı da qeyd edim ki, bir zamanlar şəhərdə “Bakılı qədeş”in heykəlini düzəltdilər. Bu qədeş də başında “aerodrom” papaq, əlində təsbeh, ayağında başmaq və ayağın da divara söykənmiş halda təsvir edilmişdi. Mən başa düşə bilmirəm, xaricilər o heykələ baxıb təbii olaraq deyəcəklər ki, bu Azərbaycan “çuşka”sıdır? Belə çıxır ki, xarici turistləri şəhərimizə cəlb etmək üçün millətimizi ələ salan heykəlciklər qoyulmalıdır?
Azərbaycanı dünyaya tanıtdıran bu qədər ziyalılar, korifeylər olub, heykəllər
onlara qoyulmalıdır.
- Siz peşəkar musuqiçi ailəsində böyümüsünüz. Atanız, Azərbaycanın məşhur tarzənı, mərhum Bəhram Mansurovun özəl həyatından nə deyə bilərsiniz? Uşaqlıq xatirələrinizdəki Bəhram Mansurovu oxucularımıza necə anlada bilrsiniz?
-Yaşa dolduqca atam və anam üçün cox darıxıram, onların yanımda olmağını istəyirəm. Çünki hərdən ürəyim dolur və dərdləşməyə, məsləhət almağa adam tapa bilmirəm. Həmin anda ata-ananı istəyirsən, amma onlar da yoxdur. Nə vaxtsa, mən də gedib onlara qovuşacam.
Çox adam cavan vaxtları elə bilir ki, ata-ana həmişə yanında olacaq. Amma
müəyyən bir dövrdən sonra ata-ana olmur. Sonradan başımıza döyürük. Atam da, anam da həmişə mənim ürəyimdədirlər.

Artıq neçə illərdir ki, mən “Allah rəhmət eləsin”ə işləyirəm. Çünki sağ adama da rəhmət var. Mənim atam artıq 40 ilə yaxındır ki, həyatda yoxdur. Elə indinin özündə də yaşlı və orta nəsil adamlarla atamdan söhbət düşəndə “Allah atana rəhmət eləsin” deyirlər. Mən də bu ənənəni öz övladlarım üçün saxlamaq istəyirəm. Yəni sabah mən də olmayanda mənim övladlarımı görənlər desinlər ki, Allah atanıza rəhmət eləsin.
- Qayıdaq pəşə sahənizə. İndiki mahnıların nə sözləri, nə də musiqisi əvvəlki mahnılar kimi yaddaşlarda qalmır. Bunun səbəbi nədir?
- Əvvəllər musiqidə melodiya var idi. İndi nə isə yazırlar və deyirlər ki, musiqidir.
- Əvvəlki kinoların mahnılarına hələ də qulaq asılır. Amma indiki serialların mahnıları heç yadda qa qalmır.
- Guya Azərbaycanda seriallar çəkilir. O aktyorlar kimlərdir? O musiqini, mövzunu hardan tapırlar? “Arşın mal alan”a, “Məşdi İbad”a baxan yoxdur. Hamı bizim mənasız seraillara və Türkiyənin seriallarına baxırlar. Düşünürəm ki, özümüzün yaxşılarını dəyərləndirməliyik.