BolgeXeber.Com » Xəbərlər » Bakıda ölümcül virus yayıldı: BDU-ya 600 balla qəbul olan 18 yaşlı qız öldü - YENİLƏNİB - FOTO

Bakıda ölümcül virus yayıldı: BDU-ya 600 balla qəbul olan 18 yaşlı qız öldü - YENİLƏNİB - FOTO

8-02-2019, 14:08
Oxunub: 2 213 Bakıda ölümcül virus yayıldı: BDU-ya 600 balla qəbul olan 18 yaşlı qız öldü - YENİLƏNİB - FOTOBirinci kurs tələbəsinin qripdən dünyasını dəyişməsi ilə bağlı yayılmış xəbər sosial şəbəkələrdə müzakirələrə səbəb olub

Ailəsi 18 yaşlı Nərdanə Şirvan qızı Tağızadəyə ilkin olaraq H1N1 virusu dioqnozunun qoyulduğunu bildirib. Daha sonra ailəyə deyilib ki, Nərdanədə heyvanlardan keçən leptospiroz bakteriyası aşkarlanıb. 

Epidemiologiya Mərkəzindən mərhumun evinə gedən nümayəndələr bildiriblər ki, daha 5 nəfər bu yoluxucu bakteriyadan dünyasını dəyişib və Nərdanənin onlarla təmasının olub-olmaması araşdırılmalıdır.

Maraqlısı budur ki, Nərdanə yanvarın 29-da vəfat etsə də, onun sözügedən bakteriyaya yoluxub-yoluxmaması ilə bağlı dəqiq bir nəticə yoxdur.

Bolgexeber.com bildirir ki, "Bakı Medical Plaza"dan qafqazinfo-ya bildirilib ki, xəstə klinikaya daxil olan zaman vəziyyəti ağır olub:

"Xəstə skeptik şok diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəliyinin 20-ci günü olduğundan və bu müddət ərzində müxtəlif xəstəxanalara aparıldığından vəziyyəti ağır idi. Bu səbəbdən mexaniki tənəffüs aparatına qoşulub. 

İlkin diaqnoz kimi H1N1 qripi qoyulsa da, sonradan kəskin tənəffüs, ürək və qaraciyər çatışmazlıqları diaqnozu müəyyən olunub". 

Klinikadan qeyd ediblər ki, xəstələr qəbul olunan zaman onlardan bir çox analizlər götürülür:

"Qaraciyər çatışmazlığı olduğu üçün biz leptospiroz bakteriyasından da şübhələndik və öz laboratoriyamızda analizin cavabı müsbət çıxdı. Ancaq nəticənin daha dəqiq olması üçün analiz Taun Əleyhinə Stansiyanın laboratoriyasına aparılmalı idi. Xəstə vəfat etdiyindən artıq biz analizi göndərmədik. Nərdanə Tağızadə bizim klinikada 1 sutka yatıb". 

Səhiyyə Nazirliyindən isə qafqazinfo-ya bildirilib ki, Nərdanə Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan laborator müayinələr nəticəsində öz təsdiqini tapmayıb:

"Bu infeksiya haqqında məlumat daxil olan kimi, mərhumun evində bütün lazımi müayinələr aparılıb. Leptospiroz çox nadir rast gəlinən bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları, çirklənmiş ətraf mühit vasitəsilə yayılır. İnsandan insana keçmir. Aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr nəticəsində xəstəlik təsdiqini tapmayıb". 

Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb. 

Bakı Dövlət Universitetinin tarix fakültəsindən qafqazinfo-ya bildirilib ki, Nərdanə xəstəlik müddətində imtahanların ikisində iştirak edib:

"Nərdanə Tağızadə, həqiqətən də, 600-ə yaxın bal toplamışdı. İmtahanların ikisində iştirak edib. Daha sonra rəhmətə getdiyini öyrəndik. Xəstəliyinə kimi dərslərə yüksək davamiyyətli tələbələrdən olub.

Xəstəliyinin yoluxucu olduğu ilə bağlı məlumatımız yoxdur".

----------
11:10

Bakıda birinci kurs tələbəsi olan qız dünyasını dəyişib.

Qızın anası İlhamə İgidova baku.ws-ə bildirib ki, övladı virusa yoluxubmuş. Onun sözlərinə görə, 18 yaşlı qızı Nərdanə Şirvan qızı Tağızadə yanvarın 29-da vəfat edib.

Belə ki, qızın vəziyyəti yanvarın 25-də pisləşib və onu Respublika Klinik Xəstəxanasına, daha sonra "Bakı Medical Plaza"ya yerləşdiriblər. Həkimlərin səyinə baxmayaraq, Nərdanənin həyatını xilas etmək mümkün olmayıb.

Həkimlər qızın valideynlərinə deyiblər ki, Nərdanə Tağızadə leptospirosis virusuna tutulubmuş: "Əvvəlcə dedilər qız H1N1 virusuna tutulub. Sonradan dedilər ki, qıza heyvanlardan leptospiroz virusu keçib. Lakin ölüm kağızında rəsmi olaraq yazdılar ki, onun dünyasını dəyişməsinə səbəb ağciyər və ürək çatışmazlığıdır".

İlhamə İgidova deyir ki, qızın ölümündən sonra evlərinə Epidemiologiya Mərkəzindən həkimlər gəlib və bildiriblər ki, Nərdanə Tağızadədən başqa, bu virusdan daha 5 nəfər vəfat edib: "Dedilər ki, araşdırmaq lazımdır ki, Nərdanə ilə həmin 5 nəfərin əlaqəsi olub, ya yox. Bu virus, əsasən, heyvanlardan insana keçir".

Dünyasını dəyişən Nərdanə Tağızadə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə 600 balla daxil olub. Xəstələndən sonra bir müddət müalicə alıb və imtahanlarını verib. Yanvarın 25-də isə vəziyyəti daha da pisləşib və xəstəxanaya aparılıb.