BolgeXeber.Com » Ölkə » Şəhid qızını vurub öldürən oğluna görə 52 min rüşvət veribmiş - FOTO

Şəhid qızını vurub öldürən oğluna görə 52 min rüşvət veribmiş - FOTO

8-02-2019, 17:13
Oxunub: 2 968 Şəhid qızını vurub öldürən oğluna görə 52 min rüşvət veribmiş - FOTOBakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və külli miqdarda rüşvət almaqda təqsirləndirilən 1988-ci il təvəllüdlü Elnur Babayevin məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar Mikayılovun icraatında olan prosesdə E.Babayev özünü təqsirli bildiyini deyib.

Onun dələduzluğu başqa bir ictimai rezonans doğuran cinayət işi ilə bağlıdır. Belə ki, 2017-ci ilin noyabr ayında iş adamı, “Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun 17 yaşlı oğlu Rəhim Rəhimov şəhid qızı Könül Əkbərovanı idarə etdiyi 90 FO 007 nömrəsi “Jeep Grand Cherokee” markalı avtomobillə vurub öldürmüşdü.

Şəhid qızını vurub öldürən oğluna görə 52 min rüşvət veribmiş - FOTO


Qəzadan sonra R.Rəhimov 1 ay azadlıqda qalmışdı, onun yerinə isə ailənin sürücüsü Əmrulla Şahbazov cinayəti boynuna götürmüşdü. Daha sonra şəhidin ailəsi məsələni ictimailəşdirdiyi üçün cinayət işi Səbail RPİ-nin müstəntiqi Vüqar Abbasovdan alındı və V.Abbasov vəzifəsindən qovuldu. Bu gün təqsirləndirilən Elnur Babayev də müstəntiqin qeyri-rəsmi köməkçisi olub.

İndi isə məlum olub ki, iş adamı Akif Rəhimov sürücülük vəsiqəsi olmadan maşın idarə edən oğlunu həbsdən yayındırmaq üçün şəhid qızı, mərhum Könül Əkbərovanın sərxoş olması barədə saxta ekpertiza rəyi almaq istəyib və ona bu vədi verən Elnur Babayevə 52 min 500 manat verib.

E.Babayev ekspertiza rəyi üçün 10 min manat, müstəntiq Vüqar Abbasov vasitəsilə işi həll etmək, saxta şahidlər tapmaq və R.Rəhimov yox, sürücü Əmrulla Şahbazovun təqsirləndirilən şəxs kimi tanınması üçün Akif Rəhimovdan 42 min 500 manat alıb. Hazırda müstəntiq V.Abbasovun ölkədən qaçdığı bildirilir.

Lakin işin ictimailəşməsi və nəzarətin güclənməsi E.Babayevin vədlərini yerinə yetirməyə imkan verməyib. E.Babayev pulu Akif Rəhimovun qardaşı Məmməd Rəhimova məxsus “Yeganə” şadlıq sarayında alıb.

Qeyd edək ki, Rəhim Rəhimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilsə də, cəmi 9 ay həbsdə qaldıqdan sonra məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməklə azadlığa buraxılıb.