BolgeXeber.Com » Dünya » İnsan yerinə robot əsgərlər vuruşacaq...

İnsan yerinə robot əsgərlər vuruşacaq...

9-02-2019, 12:22
Oxunub: 3 742 İnsan yerinə robot əsgərlər vuruşacaq...Dünya divləri artıq bu yolu seçiblər - detallar və bilmədiklərimiz

Son illər dünyada robot əsgərlərin sayı artmaqdadır. Böyük dövlətlər məişətin bir çox sahələrində istifadə olunan robotlardan indi də hərbi sahədə istifadə etməyə başlayıblar.

“Yeni Müsavat” bu sahədəki son yeniliklər və atılan addımlarla bağlı detalları təqdim edir.

O detallara keçmədən öncə isə “robot” sözünün mənşəyi barədə. Qeyd edək ki, “robot” sözünü ilk dəfə çex yazıçı Karel Capek “R.U.R.” pyesində, 1920-ci ildə işlətmişdi. Bu pyes 1920-ci illərdə Çexoslovakiyada, ABŞ-da, İngiltərədə səhnəyə qoyulmuşdu. Həmin pyesdə robotlar insan orqanlarını əmələ gətirən maddələrin kimyəvi əvəzedicilərindən yaradılmışdı. Robotlar öz yaradıcılarından hər şeyi öyrənib onlar kimi davranmalı idilər. Amma robotlar öz yaradıcılarından zorakılığı da öyrənirlər və insana qarşı zorakı üsyana qalxırlar.
İnsan yerinə robot əsgərlər vuruşacaq...

Pyes optimist, romantik sonluqla bitir: kişi robotla qadın robot bir-birinə aşiq olur və Yer üzündə məskən salırlar. Karel Capek “robot” sözünün yaradıcısı kimi dünyada məşhurlaşandan sonra o, Oxford İngilis dili Lüğəti idarəsinə məktub yazaraq, bu sözün yaradıcısının özü deyil, qardaşı Josef Capek olduğunu demişdi. Karel Capek sonralar bir Çex qəzetində bu pyes haqda yazdığı məqalədə isə sözün təfərrüatını vermişdi; əvvəlcə bu sözü “labori” kimi yazmaq istəyib, onu da Latın sözü “labor”-dan (əmək) götürübmüş. Sonra bu sözdən xoşu gəlməyib, “labori”nin çox kitabdangəlmə söz təsiri bağışladığını düşünüb. Onda qardaşından məsləhət istəyib, qardaşı da onu “robot” adlandırmasını məsləhət görüb. Çex dilində “robot” sözü “ağır, sıxıcı əmək” deməkdir.

Keçək onun tarixinə. Müharibə zamanı robotlardan istifadə ilk dəfə İkinci Dünya müharibəsi zamanı Almaniya Respublikası tərəfindən həyata keçirilib. İkinci Dünya müharibəsi zamanı 1942-ci ildə müharibə zamanı almanlar tərəfində “Golyat (Goliath)” adlı kiçik tanka bənzər robotdan istifadə edilir. Bu robot məhz tək istifadə üçün nəzərdə tutulmuş “özünü öldürmə robotu” kimi də qeyd olunur.

“Golyat”-dan sonra 1945-ci ildə Amerikada “Predator UAN ” insansız təyyarə yaradıldı. Bu robotun yaradılmasında məqsəd isə müharibə zamanı yuxarıdan düşmənlərin yerləşdiyi zonaları çəkərək əlaqələndirildiyi peykə ötürməklə dislokasiyanın təsbit edilməsindən ibarət idi. Lakin bundan 60 il sonra artıq robotu inkişaf etdirərək daha da təhlükəli üzərinə mərmilər (füze) yerləşdirməklə Əfqanıstandakı müharibələr zamanı Usame Bin Ladenin yerini təsbit edib atəş açmağa məqsədlənmişdi.

İnsan yerinə robot əsgərlər vuruşacaq...

Rusiya və Britaniya ordularının əsgər robot sevdası

2016-cı ildə xəbər verildi ki, Rusiya ordusu robotların əsgər qismində orduda tətbiqinə başlayıb. Yaxın 10 ildə rus ordusunun 30 faiz canlı qüvvəsini Rusiya istehsalı olan robotlar əvəz edəcək. Bu xəbər 2055-ci ildə süni intellektin insana qarşı aparacağı müharibədən danışan elmi-fantastik filmləri və bədii əsərləri haqlı çıxarır. Bir sıra elmi-fantastik filmlərdə yaxın 40 ildə insanın robotlar üzərində nəzarəti itirəcəyindən, muxtariyyəti olan robot əsgərlərin insana qarşı savaşacağından danışılır. Robotların hərbdə tətbiqi əleyhinə çıxışlar edən nəzəriyyəçi Stefan Hokinq iddia edir ki, yaxın 100 ildə robotlar insanlardan daha ağıllı olacaqlar, insanlığın axırına çıxacaqlar.

Britaniya ordusunun, robot əsgərlərlə düzənlənmiş dünyanın ən böyük tətbiqetməyə başlaması da yayılan xəbərlər sırasındadır. Bir neçə il öncə “Daily Mail” qəzeti xəbər vermişdi ki, Britaniya ordusu, “Autonomous Warrior” (Otonom Savaşçı) adı verilən, robot əsgərləri müdafiə sisteminə interqasiya etmə layihəsinə başlayıb. 200 əsgərin daxil olduğu layihədə 70 parçadan ibarət robot gücü müharibə simulyasiyalarında istifadə edilir.

Bir ay boyunca sürəcək olan tətbiqetmənin xüsusən də xəfiyyəlik işlərinə yarayan, insansız hava vasitələri və insansız vasitələr üzərinə fokuslandığı bildirildi. Təlimlərdə eyni zamanda uzun məsafəli atışlar, birliklərin hərəkət qabiliyyətləri və orduya dəstək taktikaları mövzularında da araşdırmalar aparılmaqdadır.

Təlimata qatılan bu robotların ən çətin və zəhmətli müharibə şərtlərində gücləri də test edilir.

İngiltərənin müdafiə naziri Gavin Villiamson, təlimlər haqqında bu açıqlamaları verib: “Əsgərlərimiz artıq çox geniş miqyaslı bir robot dəstəyini təcrübədən keçirmə şansına sahibdir. Həyata keçirilməkdə olan bu təlim, bu növdən olan təlimlərin ən böyük nümunəsidir. Bu heyətlər sayəsində silahlı qüvvətlərimiz özünü yeniləmə imkanına sahib olacaq, eyni zamanda içərisində olduğumuz bu dövrdə təhlükəsizlik içində olmalarını təmin edəcək”.
İnsan yerinə robot əsgərlər vuruşacaq...


Pentaqon “etik əsgərlər” istehsal edir və insan yerinə onları qabağa verir

Türkiyənin Elm, Sənaye və Texnologiya naziri Faruj Özlü isə tvitter üzərindən verdiyi açıqlamada TÜBİTAK-ın insan dəstəyi olmadan robot çalışması proqramının anonsunu verib. Sözügedən layihənin xüsusən də robot əsgər çalışması üçün inkişaf etdiriləcəyi verilən anonslar sırasındadır.

Həyata keçirilməsi planlaşdırılan süni zəka dəstəkli robotların ölümlərin sayını azaldacağı gözlənilir. Bundan başqa, sözügedən robotlar ərazidə partlayıcı və minalı ünsürlərə qarşı daha etibarlı bir çıxış yolu olacaq.

Dünyanın bir çox yerində əsgər robot layihəsinə dəstək verən texnologiya divləri sözügedən robotları silahlandıraraq savaş yerlərində əsgərlərin yerinə istifadə etməyi planlaşdırır.

Pentaqon Cenevre Konvensiyasını pozmayacaq, müharibə suçu işləməyəcək robot əsgər istehsal etmək üçün 4 milyard dollarlıq büdcə ayırıb. Amerika Müdafiə Nazirliyinin (Pentagon) 2010-cu ildən dövriyyəyə daxil edəcəyi “müstəqil sistemlər” layihəsi ilə təsadüfən atəş açan öldürmə makinaları yerinə, sıravilərin həyatlarına diqqət edən “etik” əsgərlər istehsal edilməsi planlaşdırılır. Cəbhələrdə ən ön xətlərdə yer alacaq paletli robotlar, Cenevrə Konvensiyasının pozmayacaq şəkildə proqramlanacaq. Pentaqon, düşmənləri ilə birbaşa savaşa girən əsgərlərin qarşısıalınmaz müharibə stressinə görə etdikləri işgəncə və bənzər fəaliyyətlərin qarşısına keçmək üçün yollar axtarırdı. Georgia Tech Universitetdən kompüter proqramçısı Ronald Arkin hazırladığı arayışda robot əsgərlərin etik qaydalara diqqət edə bilməyəcəyini, amma bu mövzuya insan əsgərlərdən daha çox diqqət edə biləcəklərini deyib.

Konyadakı Akın Robotics fabrikində istehsal edilən insani robotlar Müdafiə Sənayesi Nazirliyinin layihəsinə namizədliyini verib.

Elbit Systems şirkətinin yeni robotları çox ciddi və spesifik hərbi standartlara uyğun işlənib hazırlanır. Bütün belə növ araşdırmalar məsafədən idarə olunan döyüş robotları istehsalı sahəsində şirkətin topladığı geniş hərbi təcrübəyə və xüsusi biliklərə əsaslanır. Bu sahədə Elbit Systems şirkəti dünyada ən irəli getmiş şirkətlərdən biri hesab edilir.

İllik hərbi konfransda şirkət VİPeR-Mini-VİPeR döyüş robotlarının yeni üzvünü təqdim edib. Çəkisi cəmi 3,5 kiloqram olan kiçicik robot geniş vəzifələri yerinə yetirməyə imkan verən mütərəqqi sensorlarla təchiz olunub. Məsələn, binanın daxilini müayinə etmək üçün robotun bayırdan, tutaq ki, pəncərədən içəri atılması, habelə borularda və tunellərdə kəşfiyyat missiyalarının yerinə yetirilməsi məhz bu cür vəzifələrdəndir.

Belə mini-robot partladıcı qurğuları, tələləri, habelə bilavasitə təmasadək düşmən qüvvələri aşkara çıxarmaqla yerüstü qüvvələrin, xüsusən piyadaların həyatını qorumağa imkan verəcək. Bundan başqa, mini-VİPeR robotu əlavə təkərlərin köməyi ilə pilləkənləri qalxa və müxtəlif faydalı yük daşıya bilir.


Boston Dynamics kampaniyası insan hərəkətlərini dəqiqliklə yerinə yetirən Petman adlı robotunun videosunu nümayiş etdirib. Petman ABŞ-ın silahlı qüvvələrinin sifarişi ilə kimyəvi mühafizə geyiminin test olunması üçün nəzərdə tutulub. Kimyəvi mühafizə geyimində və əleyhqazda adi insandan seçilməyən Petman toksiki maddələri qeydə alan sensorlarla təchiz edilib.


Xatırladaq ki, Amerika müharibə zamanı əsgər ölümlərinin qarşısını almaq məqsədilə əsgər robot kimi bir çox layihələr üzərində çalışıb. Həmin layihələrdən biri İraqla olan müharibələr zamanı sınaqdan keçirilib. Lakin bu təcrübənin son nəticəsi haqqında dəqiq olaraq məlumat olmasa da, bəzi mənbələrə əsasən həmin əsgər robotun dost, düşmən anlayışlarını fərqləndirməyi bacarmadığı qeyd olunur.

Sevinc TELMANQIZI