BolgeXeber.Com » Analitika » Azərbaycanda boşanmaların əsl səbəbi bu imiş - Rəsmi rəqəmlər təkzib edilir

Azərbaycanda boşanmaların əsl səbəbi bu imiş - Rəsmi rəqəmlər təkzib edilir

13-02-2019, 17:10
Oxunub: 5 855 Azərbaycanda boşanmaların əsl səbəbi bu imiş - Rəsmi rəqəmlər təkzib edilirAraşdırmalar göstərir ki, Azərbaycanda boşanmaların əsas və birinci səbəbi məişət zorakılığıdır.

Bu fikirləri Media.Az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin rəisi Elgün Səfərov deyib.

Onun sözlərinə görə, dövlət komitəsinin xətti ilə aparılan araşdırmalar rəsmi statistikadan fərqli nəticələr göstərib.

“Araşdırmalarımıza görə, boşanmaların birinci səbəbi məişət zorakılığıdır. İnsanlar əsl səbəbləri müxtəlif bəhanələrlə, misal üçün, xarakter uyğunsuzluğu ilə ictimaiyyətdən gizlətməyə çalışırlar. Bu mənada, növbəti tendesiyaya diqqət yetirmək olar: azərbaycanlı qadınlar daha müstəqil olublar və artıq zorakılıqla barışmağa hazır deyillər. Bu məqama diqqət yetirmək lazımdır”, - E.Səfərov deyib.

Statistikaya əsasən, ölkədəki boşanmaların digər səbəbi tərəflərin xarakterləri arasında uyğunsuzluğun olmasıdır. Görünür, rəsmi məlumatlar gizli formada əldə edilən informasiyalarla ziddiyyət təşkil edir. Mütəxəssislər belə bir fərqi onunla izah edirlər ki, bir çox insanlar bu cür mübahisələri ailədən kənara çıxarmağa üstünlük vermirlər, boşanmanın əsl səbəbini açıqlamırlar, məişət zorakılığı isə xarakter uyğunsuzluğunun kölgəsində qalır. Sorğu gizli aparılanda isə ölkə sakinləri boşanmanın əsl səbəbini açıqlayırlar.

Eyni zamanda, dövlət komitəsinin şöbə rəisi qeyd edib ki, araşdırmalara əsasən, boşanmanın üçüncü ən əsas səbəbi sonsuzluq, alkoqol, narkotik və müxtəlif psixotrop maddələrin qəbulu ilə bağlıdır. Mütəxəssis qeyd edib ki, bunun 90 faizi, əsasən, alkoqol, narkotik və müxtəlif psixotrop maddələr qəbul edən kişilərlə bağlı olur.

Araşdırmaların nəticələrinə uyğun olaraq səbəblərin ilk onluğuna internet asılılığının ailə münasibətlərinə təsiri kimi əvvəllər hesablanmayan faktlar da daxil olub.

“Bu məsələ ilə bağlı Azərbaycanda hazırda ayrıca araşdırmalar aparılmır, ancaq bizim araşdırmamız onu deməyə əsas verir ki, bu gün boşanma səbəblərindən biri də internet asılılığının ailə münasibətlərinə təsiridir. İnternet oyunlardan asılılıq ailə büdcəsinə, eyni zamanda, kişi, qadın, uşaq və valideynlərə təsir edir. Onu da deyək ki, adi oyunlar da hazırda pul tələb edir ki, bu da büdcəyə təsir edir”, - E.Səfərov əlavə edib.

O qeyd edib ki, ilk onluğa daxil olan səbəblər arasında ictimai stereotip kimi təqdim edilən “Məndən icazəsiz heç yerə getməyəcəksən”, “Məndən icazəsiz işə getməyəcəksən” kimi yanaşmalar da var. Ancaq qadınlar bu yanaşmalarla barışmır və kişidən tam asılı olmaq istəmirlər.

“Bu, normal prosesdir. Biz bunu cəmiyyətdə mənfi hal kimi qəbul etmirik, çünki qadınlar zorakılıqla barışmamalıdırlar. Biz ailə dəyərlərinin tərəfindəyik və boşanmaları stimullaşdırmırıq, ancaq eyni zamanda, istəyirik ki, ailədə zorakılıq olmasın”, - dövlət komitəsinin şöbə rəisi bildirib.

O əlavə edib ki, hazırda komitənin xətti ilə ailə siyasətinin gücləndirilməsi, ailənin qorunması, gender siyasəti kimi məsələlərin əksini tapdığı beş sənədin layihəsi hazırlanıb. Bu sənədlərdən üçünün bu il qəbul edilməsi gözlənilir, onlar razılaşdırılmaq üçün artıq müvafiq qurumlara göndərilib.