BolgeXeber.Com » İdman » Azərbaycanın 5 şahmatçısının FİDE reytinqində mövqeyi dəyişib

Azərbaycanın 5 şahmatçısının FİDE reytinqində mövqeyi dəyişib

1-03-2019, 09:33
Oxunub: 3 510 Azərbaycanın 5 şahmatçısının FİDE reytinqində mövqeyi dəyişibBeynəlxalq Şahmat Federasiyası (FİDE) mart ayı üçün reytinq siyahısını açıqlayıb.

“Report”un qurumun saytına istinadən verdiyi məlumata görə, ötən ayla müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun mövqeyi dəyişməyib. Hazırda 2790 xalla 5-ci pillədə olan 33 yaşlı qrossmeyster lider norveçli dünya çempionu Maqnus Karlsendən 55, ikinci yerdəki amerikalı Fabiano Karuanadan 38, 3-cü sıradakı çinli Din Lijendən 22, 4-cü mövqedəki hindistanlı Aniş Giridən 7 xal geri qalır.

Azərbaycanlı digər şahmatçılara gəldikdə, Teymur Rəcəbov da yerində qalıb. O, 2756 xalla 13-cü sıradadır. 13 pillə geriləyən Arkadi Naydiç 2710 xalla 35-cidir. 2701 xala malik Rauf Məmmədov 42-ci sırada qalıb. 2664 xala sahib olan Qədir Hüseynov isə bir pillə geriləyib və 82-ci yerdədir. 23 pillə geriləyən Eltac Səfərli 2662 xalla 85-cidir.

Qadınlardan Günay Məmmədzadə 2438 xalla 39-cu pillədədir. O, 10 pillə irəliləyib. 2398 xala malik Xanım Balacayeva 2 pillə geriləyib və 64-cü sıraya enib. Gülnar Məmmədova isə “100-lüy”ü tərk edib.