BolgeXeber.Com » Ölkə » Sumqayıtda namus davası: Ərinə yox, gəzdiyi kişiyə kömək edib – Şok TƏFƏRRÜAT

Sumqayıtda namus davası: Ərinə yox, gəzdiyi kişiyə kömək edib – Şok TƏFƏRRÜAT

1-03-2019, 17:13
Oxunub: 3 668 Sumqayıtda namus davası: Ərinə yox, gəzdiyi kişiyə kömək edib – Şok TƏFƏRRÜATSumqayıt şəhərində namus üstündə cinayət törətməkdə təqsirli bilinən 1975-ci il təvəllüdlü Əli Məmmədovun (ad və soyadlar şərtidir – red.) məhkəməsi başa çatıb.

[/b]Bolgexeber.com[/b] Teleqraf.com-a istinadən xəbər verir ki, Əmrah Məmmədov əvvəllər dəfələrlə Əliyə mesajlar göndərib və ona arvadı Vəfa ilə intim münasibətdə olduğunu deyib.
“Vəfa sənin yanındadır, ya mənim – fərqi yoxdur”

Əmrah 1 aprel 2018-ci il tarixdə, saat 23 radələrində Əliyə təkrar zəng edib. Vəfanın ərinin və ya onun yanında olmasının heç bir fərqi olmadığını deyib. Əlinin şərəf və ləyaqətini təhqir edən ifadələr işlədib.

Bu səbəbdən onların arasında mübahisə düşüb.

Əmrah mübahisəni həll etmək üçün Əlini özünün yaşadığı Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində olan fərdi yaşayış evinin qarşısına çağırıb. Çağırılan yerə bir qədər sərxoş vəziyyətdə gələn Əli qisas almaq məqsədi ilə Əmrahı öldürməyi qərarlaşdırıb.

Əli evdə mətbəx bıçağını götürərək küçəyə çıxıb, ona mane olmağa çalışan arvadını kənara itələyərək küçədə Əmraha yaxınlaşıb. Bıçaqla Əlinin ürək nahiyəsinə üç zərbə vurub. Bundan ürəyi soyumayan Əli Əmraha daha bir bıçaq zərbəsi vurub.

Bundan sonra da Əmrahı vurmaq istəyib. Bu vaxt Əmrah daşla onun alın nahiyəsindən vurub.

Qadın ərinə yox, gəzdiyi kişiyə kömək etdi

Dava zamanı Vəfa Əlinin bıçaq olan əlindən tutub. Bundan istifadə edən Əmrah Əlinin əlindəki bıçağın tiyəsini qıraraq kənara tullayıb. Hadisə yerinə gəlmiş atası Mətin və digərləri Əmrahı Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırıblar. Tibbi xidmət nəticəsində onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Əli Məmmədov barəsində 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əli Məmmədov bildirib ki, evdə Vəfa ilə olan mübahisələr zamanı arvadını döyüb: “Qonşuluqda yaşayan Əmrah mənə zəng vuraraq təhqir etdi, Vəfanı nə üçün döydüyümü soruşdu. Əmhardan ailə məsələlərimə qarışmamasını tələb etdim. O, arvadımla cinsi əlaqədə olduğunu bildirdi”.

“Ailəmizdən əl çəkmədi”

Təqsirləndirilən şəxs qeyd edib ki, o, evdə Vəfa ilə mübahisə edən kimi Əmrah ona ya “SMS” yazıb, ya da zəng edib: “Əmrah məni namussuzluqda suçlayır, arvadımla cinsi əlaqədə olduğunu təkrar-təkrar deyirdi. Hətta Əmrahgilin evlərinə gedib valideynlərinə şikayət etdim, onun ailəmizdən əl çəkməsini istədim.

Əmrah öz hərəkətlərindən geri durmadı, yenə də zəng vurub, mənə təhqirlər yağdırdı”.

Əli Məmmədovun sözlərinə görə, aprelin 1-də qonşusu Vüqarla araq içib, saat 23 radələrində evə qayıdıb: “Vəfa ilə qohumunun aprelin 5-nə təyin edilmiş toy məclisini müzakirə etdik. Əmrahın hərəkətlərindən sonra Vəfa ilə aramızda soyuqluq yaranmışdı.

Bu səbəbdən Əmrah mesaj yazaraq mənim evdən çıxmadığımı bildirdikdə Vəfanın yenə ona aramızdakı problemlər barədə məlumat verdiyini ehtimal etdim. Daha dözmədim. Əmrah ailəmin bütün işlərinə qarışırdı.

Vəfa ilə aramızda mübahisə olan kimi Əmrah zəng vurur, mesaj yazaraq məni təhqir edir, namusumu alçaldırdı. Növbəti mesajı oxuduqdan sonra evdən çıxdım, həyət qapısına çatmamış mətbəxdən bıçaq götürmək üçün geri qayıtdım. Çünki Əmrahın ailəmdən əl çəkməyəcəyini başa düşmüşdüm. Həmin vaxt əsəbləşdim və Əmrahı öldürmək istədim”.

“Gözlərim qaraldı, daha bir neçə bıçaq vurdum”

Əli Məmmədov qeyd edib ki, evin mətbəxinə girib, oradan bıçaq götürərək çıxıb: “Bu zaman Vəfa qarşımı kəsərək getməyə qoymadı. Həyətdə Vəfanı itələdim, yerə yıxıldı. Əmrah üstümə gəldi, mən də ona tərəf addımladım. Ona çataraq ürək tərəfinə bıçaqla zərbə vurdum. Əmrah da əlində olan daşla başıma vurdu. Zərbədən gözlərim qaraldı və Əmraha daha bir neçə bıçaq zərbəsi endirdim.

Bu vaxt Vəfa ilə Əmrah məni yerə yıxdılar. Mən yerdə olanda Əmrahın başı tərəfə, təxminən burun nahiyəsinə daha bir bıçaq zərbəsi vurdum. Əmrah boynumu sıxaraq məni boğmağa başladı”.

Əli Məmmədov qeyd edib ki, Əmrahı bıçaqla bir daha vurmaq istəyib: “Vəfa əlimi tutdu, Əmrah bıçağın tiyəsini tutaraq qırdı və kənara atdı. Sonra ayağa qalxmamağım üçün Vəfa məni tutub saxladı. Ayağa qalxdıqdan sonra Əmrahla yenə biri-birimizin üstünə getdik.

Əmrahın atası Mətin gələrək əlindəki taxta ilə burnuma vurdu və həmin taxta qırıldı. Bundan sonra qaynanam Sevinc və baldızım Vəsilə məni öz həyətimizə saldı. Polis gəldi, məni həkimə apardılar”.

“750 manat pulu mənim vasitəmlə verdi”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Əmrah Məmmədov qeyd edib ki, Əli təxminən 2012-ci il tarixdən Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisində onların qonşuluğunda torpaq sahəsi alaraq özünə ev tikdirib: “Əli və ailəsi ilə münasibətlərim baş vermiş hadisəyədək normal olsa da, sonuncu ilə aramızda xırda mübahisələr olub.

Təxminən 2016-cı ilin əvvəllərində Əli avtomobil almaq üçün kömək etməyimi istədi. Tanışımın satdığı VAZ 2109 markalı avtomobilin pulunu Əlinin hissə-hissə ödəyəcəyi barədə razılaşdım. Əli 750 manat pulu avtomobilin sahibinə mənim vasitəmlə verdi. Lakin sonradan onların alveri alınmadığına görə Əli pulu məndən tələb etdi. Ona pulu qaytaracağıma söz verdim, hətta hərbi xidmətdə olduğum dövrdə Əliyə həmin pulun 500 manatını ödədim”.

Əmrah Məmmədovun sözlərinə görə, aprelin 1-də, günorta saatlarında Əli ilə məhəllədə görüşən zaman sonuncu axşam yeyib-içmək üçün pul lazım olacağını bildirib: “Həmin gün gecə saat 23:00-da evə gələndə Əliyə mesaj yazaraq evin yaxınlığında olduğumu və danışmaq üçün bayıra çıxmasını istədim.

Əli həyat yoldaşı Vəfanın yanında olduğu üçün bayıra çıxa bilməyəcəyini dedi. Bildirdim ki, Vəfanın mənim və ya onun yanında olmasının heç bir fərqi yoxdur. Ondan beş dəqiqəlik çölə çıxmasını tələb etdim. Təxminən 3-4 dəqiqə sonra Əlinin evi tərəfdən səs-küy gəldiyini eşitdim, həmin tərəfə getdim. Əlinin Vəfanın həyətlərinin qapısı qarşısında döydüyünü gördüm, qaçaraq onlara çatdım”.

Əmrah Məmmədov qeyd edib ki, Əli Vəfanı kənara itələyib və onu bıçaqla bir neçə dəfə vurub: “Əvvəlcə nə baş verdiyini anlamadım. Sonra Vəfa ilə birlikdə Əlini yerə yıxaraq onun üstünə çıxdım. Bu vaxt Əli bıçaqla burun nahiyəmə daha bir zərbə endirdi. Vəfa Əlinin əlini tutdu. Mən isə əlimin altında olan daş parçasını götürərək Əlinin başına vurdum və bıçağın tiyəsini qırıb kənara atdım.

Bu vaxt qonşumuz Şaiq avtomobilini işə saldı. Vəfaya “Şaiqi çağır” dedim.

Vəfa Əlini buraxdıqda o, məni üstündən atdı və üzərimə çıxdı. Vəfa yenə qayıdaraq Əlini itələyib kənara atdı”.

“Məni xəstəxanaya apardılar”

Əmrah Məmmədovun sözlərinə görə, həmin vaxt Əli qışqıraraq gözünün görmədiyini söyləyib: “Ayağa durdum, bir qədər kənarlaşaraq atama zəng etdim. Atam anam Nazlı ilə özlərini ora çatdırdı. Onlar Əlinin qarşısına keçdi. Əli əlindəki taxta ilə anama da xəsarət yetirdi.

Atamgil məni qohumumuz Natiqin avtomobili ilə təcili tibbi yardıma, oradan isə Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına apardılar”.

Əmrah Məmmədov bildirib ki, 2016-cı ilin iyul ayından Əlinin arvadı Vəfa ilə yaxın münasibətdə olub. O, təqsirləndirilən şəxslə barışıb və onun Əliyə qarşı heç bir şikayəti yoxdur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Məmmədov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Qətlə cəhd, yoxsa əxlaqsızlıq zorakılığı

Hökmdən narazı qalan Əli Məmmədov apelyasiya şikayəti verib.

O, əməlinin Cinayət Məcəlləsinin 129.1-ci (zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini, işin yenidən araşdırılması üçün əlavə ibtidai istintaqa qaytarılmasını istəyib.

Əli Məmmədovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

Şikayət hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Şikayət təmin olunmayıb.