BolgeXeber.Com » Siyasət » Erməni baş nazirin puç olan Qarabağ arzuları

Erməni baş nazirin puç olan Qarabağ arzuları

6-03-2019, 11:05
Oxunub: 2 882 Erməni baş nazirin puç olan Qarabağ arzularıNikol Paşinyanın sülhü deyil, müharibəni yaxınlaşdıran bəyanatlarının pərdəarxası; Bakıdan reaksiya gecikmədi: “Heç kim beynəlxalq prinsipləri güc yolu ilə poza bilməz...”

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak dünən Bakıya gəlib. O, səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. ATƏT sədri az öncə verdiyi müsahibədə Bakıda Azərbaycanla ATƏT-in əməkdaşlığının inkişafı, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə etmək niyyətində olduğunu bildirmişdi.

ATƏT-in icraçı sədri onu da qeyd eləmişdi ki, problemin həlli yönündə müəyyən ümidlər yaransa da, “uzun müddət davam edən bu münaqişənin nizamlanması regional kontekstdə sabitlik, aktiv dialoq və cəmiyyətin irəliyə doğru addım atmağa hazır olmasını tələb edən çətin məsələdir”.

*****

Məsələ də elə ərazisinin 20%-i işğala məruz qalan Azərbaycanla işğalçı Ermənistan arasında dialoqdadır. Söhbət ondan gedir ki, Ermənistanın təzə iqtidarı da belə bir dialoqa faktiki şəkildə Azərbaycanın tam və sözsüz kapitulyasiyası vasitəsi kimi baxır, nəinki beynəlxalq hüququn, BMT TŞ-nin Dağlıq Qarabağa dair 4 məlum qətnaməsinin icrası zərurətinin diktəsi kimi. Düşmən ölkədə sadəlövhcəsinə hesab edirlər ki, Azərbaycan Qarabağ müharibəsini uduzub və o, İrəvanın şərtlərini qəbul eləməlidir. Əsas şərt isə Dağlıq Qarabağa ya tam müstəqillik verilməsi ya da onun Ermənistana birləşdirilməsidir.

İrəvanın belə absurd, sülh danışıqlarını mənasız edib müharibəni tətikləyən mövqeyi işğalçı ölkənin baş naziri N.Paşinyanın İran səfəri zamanı özünü qabarıq şəkildə büruzə verdi. Paşinyan Tehranda erməni icması ilə görüşdə bəyan elədi ki, o, yalnız Ermənistanın adından danışa bilər, “Dağlıq Qarabağın isə öz hökuməti var”.

Bu azmış kimi, o, konflikti nə vaxtsa güc yolu ilə həll etmək istəyən Azərbaycanı hədələməkdən də çəkinmədi. Görüşdə erməni dilində qaldırılan “Qarabağ Ermənistana məxsusdur və son” şüarı də düşmən tərəfin dinc danışıqlara münasibətini aydın şəkildə ortaya qoyur.

Yeri gəlmişkən, həmin təxribatçı şüarla bağlı rəsmi Tehran özünü sığortalamağa çalışaraq bəyan edib ki, guya bundan xəbəri olmayıb. Politoloq Elxan Şahinoğlu isə bunu qətiyyən inandırıcı saymır: “İranlı rəsmilər Nikol Paşinyanın Tehranda ermənilərlə görüşü zamanı asılan bayraqdan və şüardan xəbərləri olmadıqlarını bildirdilər. Onu da dedilər ki, həmin yazılar erməni dilində olub, nə yazıldığını guya bilməyiblər. Ancaq bunun təxribat mahiyyəti daşıdığını etiraf edirlər. Onda sual olunur: Niyə İran polisi Tehranda ”Qarabağ Ermənistanındır" şüarını zalın mərkəzində asan təxribatçıları həbs etmir, Təbriz stadionundan çıxarkən “Qarabağ Azərbaycanındır” deyən 29 soydaşımızı həbs edir? Məgər Tehran Qarabağın Azərbaycanın bir parçası olduğunu qəbul etmir? Edirsə, o zaman nədən təxribatçı erməniləri yox, rəsmi Tehranın Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dəstək verən azərbaycanlıları həbs edir? Axı soydaşlarımız “Qarabağ Azərbaycanındır” deməklə rəsmi Tehranın siyasətinə tərs düşən heç nə deməyiblər".

Suallar təbii ki, ritorikdir. Çünki hamı bilir ki, işğalçı Ermənistan, xaricdəki ermənilər həm də İranın Dağlıq Qarabağ məsələsində məlum anti-Azərbaycan, antiislam mövqeyindən cəsarətlənərək belə həyasızlıqlar edirlər. Kəsəsi, ermənilər Qarabağ ixtilafı başlayandan onlar üçün “əsas nəfəslik” rolu oynayan fars rejiminə arxayındırlar. Paşinyanın Tehran çıxışı da ən əvvəl bu arxayınlıqdan qaynaqlanırdı...

*****

Öz havadarlarına arxalanan rəsmi İrəvanın Qarabağla bağlı maksimalist ritorikası azmış kimi, Ermənistan rəhbərliyi indi də sülh danışıqlarında heç bir irəliləyişin olmamasının günahını həyasızcasına Azərbaycanın üzərinə yıxmağa çalışır. Görünür, bununla o, öz mövqeyi ilə müharibəni qaçılmaz etdiyi barədə artıq dünyada formalaşmaqda olan rəyi dəyişməyə ümid edir.

“Azərbaycan tərəfi Qarabağ konfliktinin həlli ilə bağlı danışıqlar çərçivəsində ümidləri doğrultmadı”. Bunu baş naziri Nikol Paşinyan Avropa Parlamentinin Xarici İşlər Komitəsinin iclasında çıxışı zamanı deyib (axar.az).

“Qarabağa gəlincə isə onu qeyd etmək vacibdir ki, konfliktin hərbi həlli ola bilməz. Biz gərək sülhlə həll üçün atmosfer yaradaq. Bizim hakimiyyət bunun üzərində çalışır. Sentyabrda mən bizim parlamentdə görünməmiş bəyanat səsləndirib dedim ki, istənilən qərar Dağlıq Qarabağın erməni əhalisi və Azərbaycan əhalisi üçün qəbul edilən olmalıdır”, - deyə o bildirib.

Paşinyan həmçinin bu bəyanatından sonra Azərbaycan tərəfindən oxşar açıqlama gözlədiyini söyləyib: “Təəssüf edirəm ki, bu ümidlərim gerçəkləşmədi. Əksinə, biz Azərbaycandan konflikti Dağlıq Qarabağ əhalisinin maraqlarını nəzərə almadan hərbi yolla həll etməklə bağlı daimi təhdidlər eşidirik. Biz Azərbaycanı dialoq qurmağa məcbur etməliyik”.

Beləcə, Paşinyan Qarabağ məsələsində sülh prosesini dalana dirəyən təzadlı yanaşmasını davam etdirir, “yaş dəsmalı ağrıyan başdan ağrımayan başa qoymağa” səy edir. Bir çox analitiklərə görə, bununla o, ən əvvəl vaxt udmağa və daxildəki siyasi, sosial-iqtisadi problemləri müəyyən qədər yoluna qoymağa çalışır.


Lakin Azərbaycan atəşkəs rejiminə uzun müddət dözüm göstərə bilməz. Bakı məhz buna görə Ermənistanda xunta rejiminin hakimiyyətdən devirilməsinə Dağlıq Qarabağ məsələsinin ədalətli həlli üçün unikal şans kimi baxırdı. Əfsuslar olsun ki, məhz Paşinyan iqtidarı bu ümidləri doğrultmur.

Söhbət həm də erməni xalqının köklü maraqlarından gedir. Çünki Dağlıq Qarabağ konflikti uzandıqca ilk növbədə ermənilərin iztirabları uzanacaq və çoxalacaq. Hələ ki öz xalqının ciddi mandatına sahib olan Nikol Paşinyan, onun komanda üzvləri bu barədə düşünmək, bu yöndə real addım atmaq və işğalçı ölkəni ağır blokadadan çıxarmaq üçün tədbirlər tökmək əvəzinə, Azərbaycana qarşı absurd tələblər irəli sürürlər. Bilə-bilə ki, Azərbaycan tərəfi heç vaxt bu tələbləri qəbul etməyəcək və... müharibə qaçılmaz olacaq.

*****

“Bizim hüquqi əsaslarımız var ki, məsələnin həllində iddialı olaq. 1993-cü ildə Nyu-Yorkdakı müzakirələrdə ermənilərin Azərbaycan torpaqlarından çıxması tələb olunurdu. Ancaq hazırda qarşı tərəf müxtəlif vasitələrdən istifadə edərək, əhalini həmin ərazilərə köçürür. 2000-dən çox qaçqın Suriyadan Ermənistana gəlib və onların bir qismi işğal altında olan Azərbaycan torpaqlarında yerləşdirilir. Bu, beynəlxalq hüquqa ziddir”.

Erməni baş nazirin puç olan Qarabağ arzuları


Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakı Biznes Mərkəzində keçirilən “Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi, üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirləri”nə dair beynəlxalq konfransda deyib.

“Ermənistan Cenevrə konvensiyasına qoşulmasına baxmayaraq, şərtləri pozur. Biz işğal olunmuş ərazilərdə müxtəlif şirkətlərin fəaliyyət göstərdiyini aşkar etmişik. Biz siyahını da hazırlaya bilərik. Məşhur ”Frenk Müller" saat şirkəti həmin ərazilərdə qeyri-qanuni fəaliyyət göstərir. Biz İsveçrə ilə bununla bağlı danışıqlar aparırıq. Bəzi hökumətlər deyir ki, özəl şirkətlərin fəaliyyətinə müdaxilə etmirik. Amma etməlidir, artıq bəzi şirkətlər orada fəaliyyətini dayandırıb. Burada öhdəlik hökumətlərin üzərinə düşür. Hökumətlər öz şirkətlərinə qeyri-qanuni fəaliyyət göstərməyə icazə verməməlidir. Bu məsələnin bir qismi məxfi şəkildə həll olunmalıdır. Düşünürəm ki, bu konfrans böyük əks-səda doğuracaq. Heç kim İkinci Dünya müharibəsindən sonra dünya dövlətləri tərəfindən qəbul olunmuş prinsipləri güc yolu ilə poza bilməz", - deyə nazir bildirib.

Bu bəyanatı, bütövlükdə Qarabağ konfransını Nikol Paşinyan və komandasının son günlər Qarabağla bağlı sərgilədikləri radikal və təxribatçı bəyanatlara cavab da saymaq olar.

Qeyd edək ki, Bakıda öz işinə başlayan beynəlxalq konfransda Elmar Məmmədyarov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, YUNESKO-nun Dünya İrs Mərkəzinin direktoru Metşild Rosler, eləcə də bir sıra xarici ekspertlər iştirak edirlər.