BolgeXeber.Com » Sosial » TQDK hüquq-mühafizə orqanlarına müraciət edib

TQDK hüquq-mühafizə orqanlarına müraciət edib

31-03-2011, 12:55
Oxunub: 4 930
Qurum nəşrlərini qeyri-qanuni yollarla çap etdirənlərə qarşı mübarizə aparır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəşrlərini qeyri-qanuni yollarla çap etdirənlərə qarşı mübarizə aparılır. TQDK-nın mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, son vaxtlar müəyyən qüvvələr TQDK-nın müxtəlif nəşrlərinin, o cümlədən test kitabları, dərs vəsaitləri və “Abituriyent” jurnalının ayrı-ayrı saylarını qeyri-qanuni yolla çap etdirərək Bakı şəhəri, ölkənin digər şəhər və rayonlarında satışını təşkil etməkdə fəallaşıblar.

TQDK bildirir ki, indiyədək saxta nəşrlərin satışının qarşısının alınmasında vergi işçiləri tərəfindən xeyli operativ tədbirlər görülsə də, təəssüf ki, saxta nəşrlərin çapı, yayımlanması və satışı hələ də dayandırılmayıb.

Qeyd edək ki, saxta çap məhsullarının ekspertizası onlarda çox ciddi elmi, texniki, çap qüsurları və digər zərərli cəhətlərin olduğunu göstərir.

Saxta nəşrlər hazırlanarkən mövcud poliqrafiya normaları gözlənilmədiyindən və ya materiallar əsl nüsxələrin üzündən skaner üsulu ilə götürüldüyündən çapın keyfiyyəti itir, bu da nəticə etibarı ilə istifadəçilərin görmə qabiliyyətinə zərər vurur.

Çap işləri kustar mətbəələrdə kustar üsullarla aparıldığına, burada gigiyenik normalar gözlənilmədiyinə və çap zamanı ekoloji cəhətdən keyfiyyətsiz, zərərli boya və kağızlardan istifadə edildiyinə görə hazırlanan çap məhsulları onlardan istifadə edənlərin sağlamlığına mənfi təsir göstərir.

Saxta nəşrlərdə ciddi elmi-metodiki səhvlərə yol verilir, materialların məzmunu təhrif edilir və ya bunlar köhnəlmiş olur, yeni qəbul və tədris proqramlarına uyğun gəlmir. Çox vaxt saxta nəşrlərdə köhnəlmiş, aktuallığını itirmiş və ya istifadədən çıxarılmış materiallar yenidən çap edilərək satışa çıxarılır.

Bir çox hallarda saxta çap məhsulları hazırlanarkən TQDK-nın buraxdığı son nəşrlərin üz qabığından istifadə edilsə də, onların içərisi köhnə nəşrlərin materiallarından ibarət olur. Bu da onlardan istifadə edənləri çaşdırır, özləri istəmədən belə onların hazırlıq prosesində, təlimində səhvlərin yer almasına səbəb olur.
Bununla əlaqədar olaraq qeyd olunan qeyri-qanuni əməllərin qarşısının alınmasında lazımi inzibati tədbirlərin görülməsi üçün TQDK tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.