BolgeXeber.Com » Xəbərlər » Sabiq icra başçısının rüşvətə görə həbs edilən qohumuna cəza kəsildi

Sabiq icra başçısının rüşvətə görə həbs edilən qohumuna cəza kəsildi

4-04-2019, 16:06
Oxunub: 1 845 Sabiq icra başçısının rüşvətə görə həbs edilən qohumuna cəza kəsildiXətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun əmisi oğlu növbəti dəfə məhkəmə önünə çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Xalid Məmmədovun məhkəməsi davam etdirilib. Xalid Məmmədov həbs edilənə qədər Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləyib.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə X.Məmmədov son sözlə çıxış edib. O, məhkəməyə bildirib ki, qeyd edilən cinayətlə əlaqəsi yoxdur. X.Məmmədov barəsində bəraət hökmü çıxarılmasını istəyib. Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən X.Məmmədov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror X.Məmmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Bildirək ki, Elsevər Rufullayev rüşvət verdiyi üçün zərərçəkmiş kimi yox, şahid qismində tanınıb. O, deyib ki, 2018-ci ilin fevral ayında Xətai rayon ərazisində çay evi tikmək üçün qohumu Oruc adlı şəxsə müraciət edib.

Onun vasitəsi ilə Xalid Məmmədovla görüşüb: "Oruc da tanışı İlham Məlikova dedi. Birlikdə Xalid Məmmədovun yanına getdik. Əvvəl Xalid məndən 100 min, sonra 90 min istədi. Sonuncu dəfə də 60 min istədi. Sonda 40 minə razılaşdıq. Xalid Qaçay Əzizli ilə telefonda danışıb, məni onun yanına göndərdi. Qaçay torpağa eskiz layihə çəkdi. Torpağın sənədini isə Orucun tanışı Əli adlı şəxs düzəltdirib vermişdi. Tikinti işlərinə başlayan kimi Bakı Şəhər İcra Hakimiyyətinin Nail adlı əməkdaşı ilə, Fövqəladə Hallar Nazirliyinin Babək adlı əməkdaşı gəlib, işi dayandırdılar. Sonra Xalidə zəng edib bu barədə məlumat verdim. Onun yanına gedəndə sənədi Xalidə göstərdim. Xalid sənədin saxta olduğunu bildirdi. Mənim tikinti işlərimi Oruc aparırdı".

Şahid Rufullayev qeyd edib ki, X.Məmmədov ondan daha 5 min manat pul istəyib. O, bildirib ki, Xalid gəlib 5 min manata söhbəti həll edəcəyini deyib: "Mən də 5 min manatı Xalidin sürücüsünə verdim. Sonradan iş yenidən dayandırıldı və aldadıldığımı bildim".

Xalid Məmmədov sərbəst ifadəsində özünü təqsirli bilmədiyini deyib, 27 yaşlı Xalid Məmmədov 2017-ci ildən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sədr müavini işlədiyini bildirib. X.Məmmədov deyib ki, rəisi Əvəz İsmayılov olub. Bildirib ki, işi məhəllə daxili küçələrin, əsas yolların kənarının və məişət tullantılarının təmizləməsinə nəzarət etmək olub. Suallara cavab verən X. Məmmədov sürücüsünün zərərçəkmiş kimi tanınan Elsevər Rufullayevdən 50 min manat almadığını deyib.

İttihamda göstərilir ki, Xalid Məmmədov Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləyərkən qulluq mövqeyindən sui-istifadə edərək, bir sıra qanunsuz tikililərə icazə verib, rüşvət alıb. Bu əməlinə görə ona qarşı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Xalid Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib. Xalid Məmmədov Xətai rayonunda bir sıra qanunsuz tikililərə görə və rüşvət almada təqsirli bilinir. Bildirək ki, Xalid Məmmədov icra başçısı olmuş Razim Məmmədovun göstərişi ilə rayon ərazisində aparılan tikintilərə nəzarət edirmiş.