BolgeXeber.Com » Bölgə » ŞOK! Aran zonasında təhlükəli vəziyyət yaranıb

ŞOK! Aran zonasında təhlükəli vəziyyət yaranıb

1-04-2011, 22:30
Oxunub: 5 866
Salyan və Hacıqabul rayonları arasında yer qatında ciddi çatlar peyda olub, bu yarılma Abşerona tərəf hərəkət edə bilər

Salyan rayonu ərazisindən Hacıqabula qədər torpaqda qırılma baş verib. Bolgexeber-ın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun seysmologiya və geodinamika şöbəsinin müdiri Fəxrəddin Qədirov bildirib.

Prosesin mart ayının əvvəlindən başladığını deyən F. Qədirov bildirib ki, bu barədə instituta Fövqəladə Hallar Nazirliyindən məlumat verilib: “Həmin ərazinin dənizə baxan şərq hissəsi 5-10 sm aşağı düşüb. Bəzi yerlərdə kiçik palçıq vulkanları peyda olub. Ən əhəmiyyətlisi isə odur ki, bunlar Hacıqabulda 3.5, 3.6, 3.2 maqnitudalı zəlzələlərin olmasına gətirib çıxarıb. Bu, hələ son deyil, proses davam edir. Biz ərazidə ölçü işlərinin sayını artırsaq, prosesin hansı istiqamətdə inkişaf etdiyini deyə biləcəyik. Bütün nəzəri tədqiqatlar göstərir ki, bu yarılma Abşerona tərəf hərəkət edə bilər. Əsas qorxu da bundadır”.

F. Qədirov baş verən yarılmanın səbəbini də açıqlayıb: “Yer daxilindəki Ərəbistan plitəsinin təsiri ilə yer qabığının 15 km qalınlığında horizontal proses gedir. Salyandan başlayaraq bu horizontal proseslərin istiqamətləri dəyişir. Salyan, Xıdırlı, Bakı nöqtələrində şərqə, digərlərində isə şimala və qərbə tərəf hərəkət dominantdır. Elə bil ki, Salyandan Şamaxıya kimi qərb hissə saat əqrəbinin əksi istiqamətində, digər tərəf isə saat əqrəbi istiqamətində dönməyə çalışır. Burada çox böyük sürət fərqi var. Bu sürət fərqi Xıdırlı, Şıxlar, Bakı və Gürgan arasındadır. Xıdırlıdan Gürgana qədər surətlər şərq komponenti üzrə 6 mm-dən 0-a qədər dəyişir. Bu, çox təhlükəlidir. Elə bil ki, bir şeyi bir tərəfdən dartıb, digər tərəfdən saxlayırsan. Bu zaman qırılma baş verir. Bu, plitəiçi qırılmadır. Ola bilsin ki, qədimdən qalandır, indi aktivləşib. Bu, bir az qorxu yaradır. Çünki Abşeronda da qədimdən qalma zəlzələ ocaqları və qırılmalar var. Onlar da aktivləşə bilər. Məsələn, 1842-ci ildə Zabratda baş verən zəlzələ zamanı həmin ərazidən bir qırılma keçib. O da aktivləşə bilər. Bu prosesi dəqiq bilmək lazımdır”.

F. Qədirovun sözlərinə görə, proses diqqətdə saxlanılır. Bununla əlaqədar müxtəlif dövlət qurumlarına müraciətlər edilib. Həmin ərazidə yaşayış evlərinin içərisində də çatlar yaranıb.