BolgeXeber.Com » Xəbərlər » Azərbaycan Prokurorluğu dövlətçiliyin və qanunçuluğun keşiyindədir

Azərbaycan Prokurorluğu dövlətçiliyin və qanunçuluğun keşiyindədir

19-04-2019, 10:30
Oxunub: 1 723 Azərbaycan Prokurorluğu dövlətçiliyin və qanunçuluğun keşiyindədirÖlkəmizdə fəaliyyət göstərən prokurorluq sisteminin əsası 101 il bundan əvvəl - Bakı Dairə Məhkəməsinin nəzdində prokurorluğun fəaliyyətə başlaması haqqında Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarının qəbul edilməsi ilə qoyulmuşdur

Azərbaycan Prokurorluğu hər zaman dövlətçiliyin və qanunçuluğun keşiyindədir. Mən hesab edirəm ki, respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz yerini tutubdur və ölkəmizin müstəqilliyinə layiqli xidmət edir.
Heydər ƏLİYEV
Ümummilli lider

Ölkəmizdə fəaliyyət göstərən prokurorluq sisteminin əsası 101 il bundan əvvəl - Bakı Dairə Məhkəməsinin nəzdində prokurorluğun fəaliyyətə başlaması haqqında Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarının qəbul edilməsi ilə qoyulmuşdur. Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi, tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət qayğısının ifadəsi, ölkəmizdə prokurorluğun roluna rəsmi münasibətin dövlət səviyyəsində təzahürüdür. Müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Respublikasında prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Həmin təntənəli mərasimdə ulu öndər prokurorluq işçilərinin əməyinə yüksək qiymət verərək demişdir: “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız”. Ümummilli liderin bu fikirləri prokurorluq işçilərində böyük ruh yüksəkliyi və iftixar hissi yaradır və onları öz fəaliyyətlərinə daha tələbkarlıqla, məsuliyyətlə yanaşmağa səfərbər edir.
1 oktyabr 2018-ci ildə Azərbaycanda milli prokurorluq orqanlarının yaranmasının 100 ili bütün ölkə boyu təntənəli şəkildə qeyd edilmişdir.Tarixi bir həqiqətdir ki, 1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik dövlət quruluşu olaraq yaranmış Azərbaycan Xalq Cümhuriyyəti bəşəriyyətin inkişaf salnaməsində yeni parlaq bir səhifə açmaqla xalqımızın dünya dövlətçilik irsinə, parlamentli dövlət quruculuğu prosesinə mühüm töhfəsi olmuşdur. Prokurorluq hər bir hüquqi dövlətin zəruri atributlarından biri olduğundan Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğunun ilk aylarında həyata keçirilmiş dövlət orqanlarının strukturunun yaradılması prosesi çərçivəsində qəbul edilmiş ən mühüm qərarlardan biri də məhz prokurorluq orqanlarının təsis edilməsi ilə bağlı olmuşdur.
Prokurorluğun təsis edilməsi yalnız o zaman üçün deyil, həmçinin sonrakı dövrlər üçün, bütövlükdə milli prokurorluq orqanlarımızın hazırkı yüksək inkişaf səviyyəsində formalaşdırılmasının əsasının qoyulması baxımından tarixi əhəmiyyətə malik bir hadisədir.
Olduqca mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin Məhkəmə Palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində olan prokurorluq orqanları öz səlahiyyətləri daxilində böyük işlər görmüşlər.
Xalq Cümhuriyyətinin süqutundan sonra sovet hakimiyyəti illərində Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 11 iyul 1922-ci il tarixli "Azərbaycan SSR-in dövlət prokurorluğu haqqında” dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyulmuş, 1936-cı ilin iyul ayında isə Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə müstəqil qurum kimi fəaliyyətə başlamışdır.
Sovet hakimiyyəti dövrünün kütləvi siyasi repressiyaları prokurorluq orqanlarının kadrlarından da yan keçməmişdir. 1937-1938-ci illərdə Azərbaycanda "düşmən və cinayətkar ünsür kimi” 21 nəfər prokurorluq işçisi əsassız mühakimə edilmiş, onların arasında respublikanın baş prokurorları, baş prokurorun müavini, rayon prokurorları olmuşlar. Lakin ağır repressiya illərində də Azərbaycanın prokurorluq orqanları əməkdaşlarının böyük əksəriyyəti öz vəzifə borclarını namusla yerinə yetirərək xalqa xidmət göstərmişlər.
Böyük Vətən müharibəsi illərində digər dövlət strukturları kimi, prokurorluq orqanlarının da işi hərbi vəziyyətə uyğun qurulmuş, orduya 70 prokuror və 163 müstəntiq səfərbər olunmuşdur. Onlardan bir çoxu döyüşlərdə həlak olmuş, böyük əksəriyyəti orden və medallarla təltif edilmişdir.
Azərbaycanda prokurorluq orqanları on illər ərzində təşkil olunmuş, formalaşmış, inkişaf etmiş və bugünkü yüksək peşəkar səviyyəyə çatmışdır.
Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra milli prokurorluq orqanlarının ölkənin hüquq sisteminin inkişafında, insan hüquq və azadlıqlarının qorunmasında çox əhəmiyyəti olan, konstitusion statuslu, yüksək dünya standartlarına və müasir beynəlxalq tələblərə uyğun sivil təsisat kimi formalaşması yalnız ümummilli lider Heydər Əliyevin müəyyən edərək həyata keçirdiyi, hazırda onun layiqli davamçısı ,dövlət başçısı İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla reallaşdırılan hüquqi dövlət quruculuğu konsepsiyasının gerçəkləşdirilməsi sayəsində mümkün olmuşdur.

Prokurorluq orqanlarında həyata keçirilən hüquqi islahatlar nəticəsində Azərbaycan Prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilib.
1995-ci il Konstitusiyası prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi tanımış, onun statusunu müəyyənləşdirmişdir. Bu statusa uyğun olaraq «Prokurorluq haqqında» 7 dekabr 1999-cu il tarixli Qanun, qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət etmək, cinayət işlərinin istintaqını aparmaq və ibtidai istintaqa prosessual rəhbərlik, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icra və tətbiqinə nəzarət, cinayət işlərinə baxılmasında dövlət ittihamının müdafiəsi, məhkəmələr tərəfindən təyin olunmuş cəzaların məqsədinə nail olunmasında iştirak etmək məsələlərini prokurorluğun fəaliyyət istiqamətlərinə aid etmişdir. 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» referendum aktına əsasən prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilmişdir.
Müstəqillik dövründə Azərbaycan Respublikasının Prokurorluğu ölkə rəhbəri,ümummilli lider Heydər Əliyevin daimi diqqət mərkəzində olmuşdur. Prokurorluğun fəaliyyətinin hüquqi əsasını təşkil edən normativ aktlar, o cümlədən «Prokurorluq haqqında», «Prokurorluq orqanlarında qulluq keçmə haqqında», «Prokurorluğun rəsmi emblemi haqqında», «Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında» qanunlar dövlət başçısının təşəbbüsü ilə qəbul olunmuş və «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında» Əsasnamə onun sərəncamı ilə təsdiq edilmişdir. «Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında» 2002-ci il 8 oktyabr tarixli sərəncam Heydər Əliyevin prokurorluğa və prokurorluq işçilərinə göstərdiyi daimi qayğının parlaq bir təzahürüdür.

Prokurorluq orqanlarına müasir dünyagörüşlü, bilikli və dövlətçilik ideyalarına sadiq gənc hüquqşünasların qəbulu prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsinə təkan verib.
Respublikanın prokurorluq işçiləri Hal-hazırda Baş Prokuror Zakir Qaralovun rəhbərliyi altında dövlət başçısının göstərdiyi böyük qayğıya və yüksək etimada cavab olaraq, cənab prezident İlham Əliyevin prokurorluğun qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsi üzərində indi də həmişə olduğu kimi əzmlə çalışırlar. Məhkəmə-hüquq islahatları çərçivəsində həyata keçirilmiş islahatlar nəticəsində tamamilə yeniləşmiş, demokratik və sivil bir təşkilata çevrilmiş prokurorluq bundan sonra da göstərilən böyük etimadın, əməli fəaliyyətdə doğruldulması üçün bütün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.Bir sözlə Azərbaycan Prokurorluğu dövlətçiliyin və qanunçuluğun daima keşiyindədir.

Bolgexeber.com