BolgeXeber.Com » Şou-Biznes » Nazpəri Dostəliyeva İlhamənin üzr istəməsini tələb edir

Nazpəri Dostəliyeva İlhamənin üzr istəməsini tələb edir

26-03-2013, 12:55
Oxunub: 5 372 “Heç vaxt nə İlhamə olmaq istəmişəm, nə də özümü onun vəziyyətinə salmaq...”
Xalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasındakı qalmaqal davam edir. N.Dostəliyeva həmkarının ondan üzr istəməsini tələb edir. Əks halda, barışmayacağını vurğulayır.
Müğənni “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, İ.Quliyeva ilə aralarında barışıq alınmamasını məhz o özü istəyib: “Barışıq istəmədim. Çünki o, mənə qarşı etdiklərinə görə üzr istəmədi, məni lazım olmayan yerlərə dəvət etdi və sair. Ancaq İlhamə efirə ona görə çıxmışdı ki, məndən üzr istəsin. O, üzr istəyəcəkdi, ancaq mən gördüm ki, fikri başqadır. Mənə təriflər yağdırmağa başladı. Onun təriflərinin, verdiyi titulların heç biri lazım deyil mənə. Heç birinə ehtiyacım yoxdur. Özlərindən qurma bir proqram hazırlamışdılar. Aparıcı Zaur, İlhamənin mətbuat katibi kimi təqdim etdiyi Faiq hazırlamışdı. O zəngi də onlar mənə etdilər. Mənə edilən bütün telefon zəngləri İlhamə tərəfdən olub. Ancaq mən barışmadım, çünki hər şey yalandır. O, məndən üzr istəmədi. Düzdür, mən bağışladım onu, amma barışıq ola bilməz”.
N.Dostəliyevanın sözlərinə görə, İ.Quliyeva onun dövlət başçısına müraciətindən qorxaraq barışmaq istəyib: “Mənim prezidentə ünvanladığım müraciətin nəticəsidir. Nəticə də çox yaxşıdır. İlhamə məndən üzr istəməyincə onunla barışmayacağam”.
N.Dostəliyevanın prodüseri Mikayıl Hüseynov da mətbuata məsələ ilə bağlı açıqlama göndərib. Açıqlamada N.Dostəliyevanın adından bildirilir: “Özünü İlhamə Quliyevanın mətbuat katibi kimi təqdim edən Faiq Ələkbərlinin açıqlamaları ilə əlaqədar oxucularımızın nəzərinə çatdırıram ki, mən dəfələrlə qeyd etdiyim kimi, nə İlhamə ilə şəxsi münasibətim olub, nə də belə münasibətlərin olmasına can atmışam. Bir neçə gün əvvəl KİV-ə verdiyim açıqlamalarda da bildirmişəm ki, nə İlhamə Quliyeva ilə, nə də özlərini onun köməkçisi və mətbuat katibi kimi təqdim edən şəxslərə heç vaxt zəng etməmişəm və belə fikrim də olmayıb. Əksinə, həmin şəxslərin özləri dəfələrlə mənimlə telefon əlaqəsi saxlayaraq ən azı bir həftə ərzində İlhamə ilə barışmağımı israrla xahiş ediblər. Eyni məsələ ilə bağlı ”Ümid var" verilişinin aparıcısı Zaur Baxşəliyev tərəfindən də məndən xahiş edilib. Lakin onlara bildirmişəm ki, əgər İlhamə KİV-də məndən üzr istəyərsə, yaşını nəzərə alaraq onu bağışlayaram.
Titullardan söz düşmüşkən, əvvəl sadaladıqları titulların üstünə Faiq Ələkbərli tərəfindən “Dünya sülh səfiri” olmayan titulunu da əlavə edibdir. Qaldı ki, guya mənim tərəfimdən İlhamənin mövcud olmayan siyasi titulları barədə fikirlər irəli sürməyim, axı mövcud olmayan siyasi titullar haqqında necə fikirlər irəli sürmək olar? Bu, gülüncdür. Telefon zəngləri ilə əlaqədar bir daha qeyd edirəm ki, lazımi vaxt mobil operatorlarda kimlərin kimə zəng etməsi məsələsini mətbuata təqdim edəcəyəm. Zənnimcə, Faiq Ələkbərlinin bu açıqlaması həm İlhamənin özü, həm də vəkili tərəfindən “Ümid var” verilişində etdiyi kobudluqlara, işlətdiyi jarqon ifadələrə və mənim şəxsi həyatıma qarışmağa haqq qazandırmaq məqsədi daşıyır. Lakin onlar belə hərəkətləri ilə öz vəziyyətlərini daha da gərginləşdirir və gülünc vəziyyətə gətirirlər. İlhamənin, həm də özünü onun mətbuat katibi və köməkçisi kimi təqdim edən şəxslərin nəzərinə çatdırıram ki, bəzilərindən fərqli olaraq nə İlhamə tərəfindən verilən titullara, nə də onun mənim sənətimə verdiyi qiymətə ehtiyacım yoxdur. Çünki belə qiyməti mənə dövlətimiz verib.
O ki qaldı populyarlıq məsələsinə, həm İlhamənin, həm də onun köməkçisi və mətbuat katibi kimi təqdim edənlərin nəzərinə çatdırıram ki, mənim aləmimdə populyarlıq heç vaxt sənətdə keyfiyyət göstəricisi olmayıb. Sonda oxucuların nəzərinə çatdırıram ki, “Ümid var” verilişində baş verənlər geniş tamaşaçı auditoriyası qarşısında baş verib. Həmin veriliş bayram tədbiri kimi təqdim edilsə də bütün ssenari elə həmin verilişin prodüseri olan Faiq Ələkbərlinin özü tərəfindən İlhamənin üzərində qurulmuşdu və məqsəd məni onunla barışdırmaq idi. Mənim ünvanıma həm aparıcı, həm də İlhamə tərəfindən deyilən toy sağlığına bənzər təriflər də eyni məqsəd daşıyırdı. Onlar gözləyirdilər ki, mən də İlhamənin ürəkdən gəlməyən süni təriflərinə aldanaraq məndən üzr istəmədiyi halda onu bağışlayacağam. Gözlədiklərinin əksi olduqda isə İlhamə iç üzünü bir daha açdı. Veriliş ərzində dəfələrlə öz fikirlərini və mövqeyini 180 dərəcə dəyişərək hətta canlı efirdə jarqon ifadələr işlətməklə hədə-qorxu gəlməkdən belə çəkinmədi. Bu faktlara əlavə şərh verməyə ehtiyac görmürəm və heç vaxt nə İlhamə olmaq istəmişəm, nə də özümü onun vəziyyətinə salmaq istəmişəm".