BolgeXeber.Com » Mədəniyyət » Niyə daha çox komediya filmləri və seriallarını sevirik?

Niyə daha çox komediya filmləri və seriallarını sevirik?

6-05-2019, 10:36
Oxunub: 3 526 Niyə daha çox komediya filmləri və seriallarını sevirik?Kino mütəxəssisləri səbəblərdən danışdılar

Son illərdə ölkəmizdə türk serialları ilə yanaşı yerli seriallara da maraq artmağa başlayıb. Bu da onu göstərir ki, artıq serial istehsalçıları məsələyə getdikcə ciddi yanaşmağa, ortaya baxımlı məhsul çıxartmağa çalışır. Hazırda təqdim olunan seriallar əsasən dramatik və komediya janrında olur. Bəs tamaşaçı daha çox hansı janrda olan seriala üstünlük verir?

Statistik məlumata görə, milli efir məkanımızda həftə ərzində 65 saatdan çox teleserial yayımlanır. Bunun yalnız 25 faizini komediya serialları təşkil edir ki, bu janrda yayım öncüllüyü hazırda ATV, Xəzər TV-yə məxsusdur. Müşahidələrdən və aparılan sorğulardan belə məlum olur ki, tamaşaçı daha çox komediya janrına üstünlük verir. Məsələn, son günlərdə “Xəzər TV”-də yayımlanan “Niyə?”, ATV-də yayımlanan “Buğlama” serialları daha iddialı və reytinqli olmağı bacarıb. Xüsusən də birinci qeyd edilən serialdakı aktyor oyunu, süjet xətti tamaşaçı tərəfindən maraqla qarşılanır, sevilir.

Bununla belə dram janrında çəkilən seriallar da artıq tamaşaçı marağı qazana bilir. Məsələn, 2017-ci ildən yayımlanan “Ata ocağı” serialı bu gün də tamaşaçı kütləsini ekrana cəlb etməyi bacarır.

Bununla belə, yuxarıda qeyd etdiyimiz kimi, bu gün Azərbaycan tamaşaçısı həm kinotearlarda, həm də ekranda sosial-psixoloji, düşündürücü, mənəvi mövzuları əks etdirən, dramatik filmlərə deyil, daha çox yüngül formalı, heç də düşündürücü olmayan komediya janrına üstünlük verir.

“Bu cərəyanın haradan və hansı səbəbdən gəldiyini, dəb kimi formalaşdığını hələ də anlamıram. Anlamaq istəyirəm, amma bu məndə alınmır”.


Bu sözləri xalq artisti, kinorejissor Oqtay Mirqasımov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib. Kinorejissor təqdim olunan komediyaların keyfiyyət baxımından çox aşağı səviyyədə olduğunu deyib: “Bu komediyalar sadəcə təlxəklikdir, bəzən heç yumoru da olmur. Ümumiyyətlə, bu barədə danışmaq mənim üçün çətindir”.

Digər kino mütəxəssislərinin fikrincə, bu məsələyə həm sosial-iqtisadi, həm də siyasi təsirləri var. Məsələn, ötən əsrin əvvəlində Hollivud, 40-50 -ci illərdə isə Fransa kinosunda bu cür proses olub. Yəni problemlərdən bezən, daha çox əyləncəyə ehtiyacı olan insanlar komediya janrına üstünlük verib. Lakin zaman keçdikcə, vəziyyət dəyişdikcə insanlar komediya janrından bezərək, fəlsəfi, düşündürən dram janrına yaxınlaşmağa başlayıb.


Kinoprodüser Fehruz Şamıyevin də fikrincə, komediya janrına üstünlük əsasən iqtisadi-siyasi məsələlərlə bağlı olur:“Bu, bütün dünyada var. Yəni iqtisadi durum və yaxud insanların sosial durumu nə qədər ağırlaşırsa, daha çox yüngül filmlərlə keçid etməyə, onunla da istirahət etməyə, əhvalını yaxşılaşdırmağa çalışırlar. Psixoloji, dram filmlərini əsasən maddi vəziyyəti təmin olunmuş yuxarı üst təbəqə üçün baxımlı hesab edir. Beləliklə, bu məsələ iqtisadi amillərlə bağlıdır. Kütlə çalışır ki, gizli mənaları, dərin-fəlsəfi mesajları olmayan, tez həzm olunan filmlərə baxsın. Bununla belə, dram janrının da öz tamaşaçıları olur. Lakin bütün dünyada olduğu kimi bu cür tamaşaçı bizdə də azlıq təşkil edir. İnsanlar işləyib qazandıqlarını istirahətə xərcləməyə çalışır, nəinki özünü kinoteatrda psixoloji, dramatik amilə kökləməyə.

Bundan əlavə, telekanallarımızın təbliğ etdiyi “dəyərlər” gəncləri və ümumilikdə tamaşaçılarımızın səviyyəsinə birbaşa təsir edir. Hər gün efirə gedən şit zarafatlar, ucuz gülüş effekti verən sitkom (komik səhnələr – red.) və seriallar tamaşaçımızın zövqünü korlamaqdadır. Diqqət etsək görərik ki, kinoteatrlarda nümayiş olunan filmlərin qəhrəmanlarının əksəriyyəti televiziyadakı həmin ucuz sitkomlarda çəkilən yoldaşlardır. Bununla da tamaşaçı efirdə gördüyü qəhrəmanları yenidən kinoteatrlarda izləyir. Ümumilikdə belə deyə bilərik ki, televiziyaların formalaşdırdığı kütlə kinoteatra gedəndə mütləq komediyaya baxmağa can atacaq. Seriallara gəldikdə isə, bu televiziya məhsuludur. Serial istehsalçıları efiri doldurmaq, boş qoymamaq üçün asan üsluba, komediya janrına üstünlük verir”.