BolgeXeber.Com » Xəbərlər » Prokurorluq orqanları daima dövlətçiliyin və qanunçuluğun keşiyində durur

Prokurorluq orqanları daima dövlətçiliyin və qanunçuluğun keşiyində durur

17-05-2019, 14:11
Oxunub: 3 412 Prokurorluq orqanları daima dövlətçiliyin və qanunçuluğun keşiyində dururTarixə nəzər salanda 1918-ci ildə Azərbaycanı müstəqilliyə aparan yolların heç də asan və hamar olmadığı aydın görünür

Keçən il may ayının 28-də müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam oldu. 101 il əvvəl cümhuriyyətin elan edilməsi imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın milli azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrimizin davamı idi.
Tarixə nəzər salanda 1918-ci ildə Azərbaycanı müstəqilliyə aparan yolların heç də asan və hamar olmadığı aydın görünür. Amma ömrü boyu xalqının işıqlı sabahını düşünərək bütün həyatını bu müqəddəs amala həsr edən, müstəqil dövlətçilik ideyasını gerçəkləşdirmək arzusu ilə alışıb yanan, yazdığı məqalələrdə, ictimai və siyasi fəaliyyətində bu hislərini fəxarətlə büruzə verən vətənpərvər insanların yorulmaz səyləri nəticəsində müstəqilliyə aparan yollardakı maneələr dəf edildi. Məhz o insanların müstəqil dövlətçiliyin bərpa olunmasına xidmət edən əqidə və məslək birliyi son nəticədə öz sözünü dedi və 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən "İstiqlal Bəyannaməsi” qəbul edildi.
Nazirlər Kabinetinin bu il yanvarın 10-da keçirilən iclasında isə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etdi və müvafiq sərəncam imzaladı. Hər kəs bu sərəncamı ölkə rəhbərinin milli dövlətçilik tariximizə olan xüsusi diqqəti və ehtiramı kimi dəyərləndirir və təşəkkürünü ifadə edir. Prezident İlham Əliyevin ötən 16 illik fəaliyyətində diqqəti çəkən məqamlardan biri dövlətçilik tariximizin öyrənilməsi, araşdırılması və gələcək nəsillərə çatdırılmasıdır. Bu sırada Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı görülən işlər xüsusi qeyd edilməlidir. Tarixçilərə bu istiqamətdə verilən göstərişlərlə yanaşı, Bakıda "İstiqlal Bəyannaməsi” abidəsinin ucaldılması, hər il Respublika Gününə həsr olunmuş qəbulun keçirilməsi Prezident İlham Əliyevin tariximizə, dövlətçilik irsimizə olan böyük ehtiramının göstəricisidir.
1991-ci il oktyabrın 18-də "Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız yenidən istiqlalına qovuşmuşdur.
Bu gün Azərbaycan dünyanın inkişaf edən ölkələri sırasında öncül yerlərdən birində dayanır. Təbii ki, bütün bunlar Azərbaycanın azad ölkə olmasının və yeritdiyi qətiyyətli, müstəqil siyasətin nəticəsidir. Prezident İlham Əliyev hər bir sahədə Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirir.
Xalq Cümhuriyyətinin qurucularının imza atdığı "İstiqlal Bəyannaməsi”ndə Azərbaycanın hüquqi dövlət olması təsbit olunmuşdur. Təsadüfi deyil ki, cümhuriyyətin ömrü qısa olsa da, o illərdə Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində çox mühüm işlər həyata keçirildi. Bu sırada ölkənin hüquq mühafizə orqanlarının və güc strukturlarının formalaşdırılması xüsusilə diqqəti cəlb edir. Elə buna görədir ki, bu il bir çox dövlət təsisatlarının yaranmasının 101-cü ildönümü tamam olur.
Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının da tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra başlayır. Ölkəmizdə ilk prokurorluq orqanı isə Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində yaradılmaqla fəaliyyətə başlamışdı. Olduqca mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərən Xalq Cümhuriyyətinin Məhkəmə palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində olan prokurorluq orqanları öz səlahiyyətləri imkanında böyük işlər görmüşdülər. Cümhuriyyətin dövlət xadimlərindən F.X.Xoyski, X.Xasməmmədov, A.Safikürdski, T.Makinski ilk müstəqil respublikamızın ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olmuşlar.
1920-ci il aprel ayının 28-də bolşevik işğalı nəticəsində Xalq Cümhuriyyəti süquta yetirildi və Azərbaycan Sovet Sosialist Respublikası elan edildi. Müstəqil dövlətçiliyimiz süquta yetirildikdən sonra dövlət orqanları ilə yanaşı, prokurorluq və istintaq orqanları da ləğv edildi. Bu, Azərbaycan İnqilab Komitəsinin 12 may 1920-ci il tarixli "Xalq məhkəməsi haqqında” dekreti ilə həyata keçirildi.
Bu dövrdə bütün hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirməli olan xüsusi orqanın yaradılması ehtiyacını nəzərə alaraq Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 11 iyul 1922-ci il tarixli "Azərbaycan SSR-in dövlət prokurorluğu haqqında” dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyuldu. Sovet dövründə, 70 ilə yaxın müddətdə Azərbaycan Prokurorluğu Sovet İttifaqının dövlət siyasətini həyata keçirməsinə baxmayaraq, təşkilati cəhətdən mühüm dövlət strukturu kimi təşəkkül tapmış, milli kadrlarımız böyük təcrübə və yüksək peşə hazırlığı əldə etmişlər.
Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətində həm də demokratik-hüquqi islahatların banisidir. Azərbaycan Prokurorluğunun dünya standartlarına uyğun, demokratik cəmiyyətdə özünəməxsus yeri olan və müasir tələblərə cavab verən orqan kimi formalaşması, dövlət idarəetməsində mühüm rola malik olması da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin ölkəyə rəhbərliyə başlaması, demək olar ki, bütün sahələrdə islahatların başlanmasına səbəb oldu. Bir vaxtlar məhv olmuş, müasir tələblərə cavab verməyən hüquq sistemi də ulu öndərin hakimiyyətə gəlişindən sonra inkişaf yoluna qədəm qoydu, bu sahədə fəaliyyət göstərən dövlət təsisatları ən yüksək standartlara müvafiq şəkildə yenidən formalaşdırıldı. Təbii ki, islahatlar hüquq sisteminin aparıcı qolu olan prokurorluq orqanlarını da əhatə etdi. Qısa müddətdə Azərbaycanın prokurorluq orqanlarının tam yenidən qurulması təmin edildi. Prokurorluq fəaliyyətində qanunçuluğu, dövlətçiliyi, siyasi bitərəfliliyi, obyektivliyi və qərəzsizliyi rəhbər tutan nüfuzlu orqana çevrildi.
Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyası hakimiyyət bölgüsü prinsiplərini özündə ehtiva etməklə zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və müasirləşməsinə ciddi təminat yaratdı. Bu mənada prokurorluq orqanlarının qanunçuluğun və hüquq normalarının etibarlı təminatı sahəsində nüfuzlu təsisata çevrilməsi, yenidən təkmilləşdirilərək fəaliyyətini yeni dövrün tələbləri səviyyəsində qurması məhz Heydər Əliyevin rəhbərliyi altında aparılmış mütərəqqi islahatlar nəticəsində mümkün oldu.
Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə oktyabr ayının 1-i respublikamızda prokurorluq orqanları əməkdaşlarının peşə bayramı günü elan olunmuş, bu əlamətdar hadisə fəaliyyətimizə verilən yüksək qiymətin təcəssümü kimi tarixilik qazanmışdır. Belə ki, mövcudluğuna və fəaliyyət göstərməsinə baxmayaraq, milli prokurorluq orqanlarının yaranması tarixi uzun müddət diqqətdən kənarda qalmış və prokurorluq işçilərinin peşə bayramı təsis edilməmişdir. Prokurorluq işçilərinin peşə bayramının təsis edilməsi prokurorluq orqanlarının formalaşmasında və inkişafında müstəsna rolu olmuş ümummilli lider Heydər Əliyevin təşəbbüsü və qayğısı sayəsində gerçəkləşmişdir. Peşə bayramı gününün təsis edilməsi prokurorluğa böyük qayğının ifadəsi olmaqla yanaşı, prokurorluq əməkdaşlarının fəaliyyətinin layiqincə dəyərləndirilməsinin təzahürüdür.
Ulu öndər Heydər Əliyev həmçinin 28 noyabr 1998-ci ildə respublikamızda ilk dəfə olaraq prokurorluq orqanlarının yaradılmasının 80 illiyinə həsr olunmuş yubiley tədbirinin yüksək təntənə ilə keçirilməsinə göstəriş vermişdir. Həmin dövlət tədbirində ulu öndər dərin məzmunlu tarixi nitq söyləyərək prokurorluq işçilərinə dəyərli tövsiyələrini verməklə prokurorluq orqanları qarşısında dayanan əsas vəzifələri müəyyən etmişdir. Ulu öndərin prokurorluq peşəsi ilə bağlı vurğuladığı "Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız” sözləri prokurorluq işçilərinin gündəlik həyat devizinə çevrilməklə bizləri daim böyük ruh yüksəkliyi və iftixar hissi ilə öz peşə fəaliyyətimizə daha yüksək tələbkarlıqla və məsuliyyətlə yanaşmağa səfərbər edir.
2000-ci il aprelin 26-da Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə tarixi görüş isə Azərbaycan Prokurorluğunun inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Məhz bu görüşdən sonra həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində prokurorluq orqanlarında köklü islahatlar və struktur dəyişiklikləri aparılmış, demokratik mahiyyətdə tamamilə yenidən formalaşdırılmış bu orqanın səmərəli fəaliyyəti üçün qanunverici əsaslar yaradılmışdır. Həmin görüşdə dərin məzmunlu nitq söyləyən ümummilli lider Heydər Əliyev prokurorluq orqanlarının fəaliyyətində əvvəllər yol verilmiş nöqsanların və çatışmazlıqların aradan qaldırılması üçün konkret tapşırıqlar vermişdir. Bunun nəticəsi olaraq prokurorluqda hərtərəfli islahatlara start verilmiş, ulu öndərin proqram xarakterli çıxışından irəli gələn tövsiyələr çərçivəsində görülməsi vacib olan işlərin əsas istiqamətləri müəyyənləşdirilmişdirProkurorluğun səlahiyyətləri və fəaliyyət istiqamətləri ilə yanaşı onun yeni strukturu hazırlanmış, dövrün tələblərindən irəli gələrək bir sıra yeni idarələr, şöbələr yaradılmışdır.
2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmiş, bununla da onun hüquq sistemindəki yeri və rolu daha da güclənmişdir. Bu, prokurorluq orqanlarına insan hüquq və azadlıqları sahəsində praktiki fəaliyyətlə yanaşı, qanunyaradıcılığı və vətəndaş quruculuğu prosesində fəal iştirak etmək imkanları yaratmışdır.
Ümumilikdə "Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, "Prokurorluğun rəsmi emblemi haqqında” və digər qanunvericilik aktlarının qəbul edilməsi, normativ sənədlərin təsdiqi prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənməsi prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması baxımından əhəmiyyətli olmuşdur.
Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hüquqi dövlət quruculuğu və strateji inkişaf konsepsiyası bu gün də davam etdirilir. Prezident İlham Əliyev tərəfindən ötən 16 ildə həyata keçirilən köklü islahatlar, idarəetmə mexanizminin dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi, səmərəli dövlət idarəçiliyinin tətbiqi, dövlətin təhlükəsizliyinin və cəmiyyətin sabitliyinin təmin olunması üçün atılan addımlar müstəqilliyimizi daha da möhkəmləndirir. Bütün bunlar həm də inkişafın davamlılığının təmin olunmasına, əmin-amanlığın və insanların sosial rifah halının daha da yüksəlməsinə yol açır.
Dahi öndər Heydər Əliyevin layiqli siyasi davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bütün hüquq mühafizə orqanlarına, o cümlədən prokurorluğa daim diqqət və qayğı göstərilir, fəaliyyətimizin daha da təkmilləşdirilməsi, əməkdaşlarımızın maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür. Mütəmadi olaraq prokurorluq əməkdaşlarının yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görülməsi, onların sosial-maddi vəziyyətinin yaxşılaşdırılması və prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər fəaliyyətimizin səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır.
Ümumiyyətlə isə, ölkədə hüquqi islahatların zamanın çağırışlarına uyğun olaraq davam etdirilməsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Dövlət başçısının hələ 11 il əvvəl - 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yüksəldilməsi məqsədilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” bu dövlət orqanının müasir dövrün yüksək tələbləri səviyyəsində inkişafında xüsusi əhəmiyyətə malik olmuşdur. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşmə dövrünün əsasını qoymuş bu mühüm dövlət sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər nəticəsində hüquqi dövlət quruculuğunda və hüquq sisteminin inkişafında, qanunçuluğun, cəmiyyətin və dövlətin maraqlarının qorunmasında, insan hüquq və azadlıqlarının müdafiəsində prokurorluğun rolu artmışdır. Eyni zamanda onun fəaliyyətində şəffaflıq prinsiplərinin rəhbər tutulmasına, müasir elmi-texniki nailiyyətlərdən istifadə edilməklə son informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqinə, prokurorluq orqanlarının işinin onun qarşısında dayanan vəzifələrə və tələblərə uyğun olaraq yüksək səviyyədə qurulmasına, ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində və dövlət ittihamının müdafiəsində peşəkarlığın artırılmasına, vətəndaşların müraciətlərinə daha həssas və diqqətli yanaşılmasına nail olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikası Baş prokurorunun nəzarəti ilə həyata keçirilən köklü islahatlar Azərbaycan Prokurorluğunu və onun əsas tərkib hissələrindən olan Bakı Şəhər Prokurorluğunu insan hüquq və azadlıqlarının layiqli qarantına çevirən etibarlı dövlət orqanı kimi formalaşdırmışdır. Hazırda Bakı Prokurorluğu və ona tabe rayon prokurorluqları Azərbaycan Konstitusiyasını, "Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununu və digər qanunvericilik aktlarını, Baş prokurorun əmr, sərəncam və göstərişlərini rəhbər tutaraq Bakı şəhərində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməkdədir.
Bunun nəticəsidir ki, 2018-ci ilin birinci yarısında paytaxtın prokurorluq orqanlarının keçirdiyi istintaq tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş bir çox cinayətlərin, o cümlədən qəsdən adamöldürmə, qəsdən adam öldürməyə cəhd cinayətlərinin, quldurluq, bağlı qalmış ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması və bir sıra digər qanun pozuntularının qarşısının alınması təmin edilib.
Ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında əhalinin müraciətlərinə qayğı ilə yanaşılaraq vətəndaşların qəbulu məsələlərinə xüsusi diqqət göstərilir. Bu məsələ Bakı Şəhər Prokurorluğunun daim diqqətindədir. Prokurorluq orqanlarında vətəndaşların qəbulu işinə xüsusi əhəmiyyətlə yanaşılaraq yerlərdə və şəhər prokurorluğunda vətəndaşların mütəmadi olaraq prokurorluğun rəhbərliyi tərəfindən qəbul edilməsi, mahiyyətinə görə xüsusi əhəmiyyət kəsb edən müraciətlərin nəzarətə götürülməklə qısa müddət ərzində araşdırılması təmin edilməkdədir.
Hal-hazırda Baş prokuror Zakir Qaralovun rəhbərliyi altında Prokurorluq orqanları cinayətkarlığa qarşı qətiyyətli mübarizə aparan, bu sahədə daim profilaktik tədbirlər görən bir orqan kimi öz vəzifələrinin öhdəsindən layiqincə gəlmək üçün səlahiyyətləri çərçivəsində bütün addımları atır.
Bu il bir çox dövlət qurumları kimi, prokurorluq orqanlarının da yaranmasının 101-cü ildönümü tamam olacaq. Hər bir prokurorluq əməkdaşı üçün əlamətdar, həm də kifayət qədər məsuliyyətli olan bu dövrdə də qarşıda mühüm vəzifələr dayanır.
Bolgexeber.com