XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Dondurma mövsümü gəldi: nələrə diqqət edək?

Dondurma mövsümü gəldi: nələrə diqqət edək?Mağazalarda artıq indidən keyfiyyəti şübhə doğuran məhsullar satılır…
Havaların isinməsi ilə dondurma mövsümünə də start verilib. Məlumdur ki, xüsusilə uşaqlar dondurma yeməyə daha meyillidirlər. Lakin qida sektoru üzrə mütəxəssislər bildirirlər ki, dondurmanın ləzzəti qədər də təhlükəsi ola bilər. Bu, təkcə onun soyuq olması ilə bağlı deyil, digər nüanslar da var.

Bütün bunlara keçməzdən öncə qeyd edək ki, Azərbaycanda həm yerli, həm də xarici istehsal olan dondurmalar satılır. “Yeni Müsavat”ın əməkdaşı olaraq mağazalara baş çəkib, satılan dondurmalarla tanış olduq. Müşahidə etdik ki, mağazalarda daha çox Rusiya, Türkiyə və Azərbaycan istehsalı olan dondurma satılır. Azərbaycan istehsalı olan dondurmalar digərlərindən qiymətinə görə ucuzdur. Elə satıcıların sözlərinə görə, ucuz olduğu üçün ən çox satılan məhsullar yerli istehsalı əhatə edir.

Məhsulların üzərində olan istehsal tarixlərinə də diqqət etdik. Şahidi olduq ki, Rusiya istehsalı olan dondurmaların əksəriyyəti 2019-cu ildə istehsal edilib. İstifadə müddətinin bitmə tarixi isə 2020-ci il göstərilib. Azərbaycan istehsalı olan bəzi məhsulların üzərində isə istehsal tarixi yazılsa da, son tarix qeyd olunmayıb.

Satıcıların sözlərinə görə, dondurmaların əsas alıcılar məktəbli uşaqlardır. Onlar isə daha ucuz yerli istehsal olan məhsullara üstünlük verirlər: “Rusiya istehsalı olan dondurmaların qiyməti 1 manat 50 qəpikdən başlayır. Yerli istehsalı isə 70 qəpiyə almaq olar. Ona görə də uşaqlar yerli istehsala maraq göstərirlər. Dondurmaların dadlarında elə bir fərq yoxdur. Sadəcə olaraq, gətirilmə xərci, ödənilən rüsumlar da hesablandığı üçün xarici malın qiyməti bahadır. Bir də burada təbii ki, brend məsələsi də var. Bazarda yerini tutan brendlər qiymətlərini qəpik-qəpik artırırlar. Ancaq buna baxmayaraq, malları anbarda qalmır, satılır”.

Mağazalarda əzilmiş dondurmalara da rast gəldik. Alıcılar dondurmanın bütöv və ya əzilmiş olmasına diqqət etməsələr də, ekspertlər bildirirlər ki, əslində bu nüans dondurma alarkən diqqət edilməli olan əsas faktorlardan biridir.

Mütəxəssislər iddia edir ki, köhnə və ya uzun müddət istifadəyə yararlı olması üçün çoxlu konservant qatılan dondurma zəhərlənmə və mədə-bağırsaq pozuntularına səbəb ola bilər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a açıqlmasında bu sahədə ciddi problemlərin olduğunu dedi: “Biz Azad İstehlakçılar Birliyi olaraq 2011-ci ildən ölkədə istehsal edilən cəmi bir məhsula qida təhlükəsizliyi ilə bağlı xüsusi nişan vermişik. Həmin dondurmalarla bağlı açıq monitorinqlər aparılıb. Adını reklam olmasın deyə, səsləndirmirəm. Digər dondurmalarla bağlı monitorinqlər aparılmayıb. Onu da deyim ki, məhsulun üzərində həm istehsal, həm də son tarix qeyd edilməlidir. Bu, ”Yeyinti haqqında” Qanunla da tənzimlənir. Qanuna bunun daxil edilməsi üçün çox çalışmışıq. Avropa da əsasən son tarixi qeyd edirlər. Görünür Azərbaycan da onlardan nümunə götürür. Ancaq biz, buna imkan verməyəcəyik. Hər iki tarix qeyd edilməlidir. Çünki istehlakçı ola bilər ki, yeni mal almaq istəsin. Bütün bunlar istehlakçı hüquqlarının pozulmasıdır. Əgər məhsulun üzərində hər iki tarix yoxdursa, istehlakçı bu barədə Qida Təhlükəsizliyi Agentliyinə məlumat versin. Bu, birbaşa olaraq qanunvericiliyin pozulmasıdır. Ölkədə dondurma bazarında bu gün 30-dan çox istehsalçı var. Azad bazar şəraitinin onlara yaratdığı imkandan sui-istifadə edilir. İstehlakçı dondurmanın əzik olduğunu görürsə, onu qəti şəkildə almasın. Əzilmiş dondurma o deməkdir ki, nə zamanda temperatura məruz qalıb və çirklənib. Bu cür süd məhsulu artıq təhlükəli sayılır. Dondurmanın qabığı düz olmalıdır. Əriyib, yenidən dondurulursa onu yemək olmaz. Belə hallar daha çox köhnə dondurmalarda müşahidə olunur. Açıq şəkildə satılan dondurmaları alarkən də diqqətli olmaq lazımdır. Əmtəə bazarında elə dondurmalar da var ki, yararsız hala düşdükdən sonra düzəldilərək açıq halda satılır. Bu cür dondurmaları yeyən şəxslər ciddi mədə-bağırsaq xəstəliklərinə tutula bilərlər. Çünki həmin dondurmaların tərkibinə çoxlu sayda müxtəlif kimyəvi qatqılar qatılır”.

Ekspert onu da bildirdi ki, dondurmanın saxlanma müddəti 3 aydır. Bundan artıq saxlanılarsa, təhlükəli ola bilər. Yuxarıda da qeyd etdiyimiz kimi mağazalarda dondurmaların üzərində istehsal və son tarix arasındakı zamanın 1 il olduğunu müşahidə etdik. Yerli istehsalda isə son tarix göstərilməmişdi…

Əli RAİS
Bölmə: Sosial | 20 may 2019 14:15 | Baxış sayı: 63





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: