BolgeXeber.Com » İqtisadiyyat » Torpaq sahələrinin mərzçəkmə işləri və mərz nişanlarının qoyulması: xidmətin mahiyyəti və ünvanı

Torpaq sahələrinin mərzçəkmə işləri və mərz nişanlarının qoyulması: xidmətin mahiyyəti və ünvanı

22-05-2019, 11:48
Oxunub: 2 941 Torpaq sahələrinin mərzçəkmə işləri və mərz nişanlarının qoyulması: xidmətin mahiyyəti və ünvanıMərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir

Mərzçəkmə işləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılır. Torpaq sahələrində mərzçəkmə işlərinin aparılması və mərz nişanlarının qoyulması xidməti Əmlak Xidmətləri Məkanında göstərilir.
Bu xidmət fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada (hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri istisna olmaqla) yeni torpaq sahələri əldə edildikdə, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda həyata keçirilir. O cümlədən, hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda, torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda və digər hallarda mərzçəkmə işlərinin aparılması və mərz nişanlarının qoyulması xidmətləri göstərilir.
Torpaq sahələrində mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq üçün müraciət edən şəxslərdən torpaqdan daimi istifadə hüququna dair dövlət aktları, torpaq sahəsinin ayrılması barədə qərar və sərəncamlar, daşınmaz əmlakın vahid dövlət kadastr planından çıxarış və digər sənədlər tələb olunur. Xidmətin həyata keçirilməsində hüquqi və fiziki şəxslərə verilmiş torpaq sahələri üzrə informasiya ehtiyatından istifadə olunur. Qeyd edək ki, komitə tərəfindən bu xidmətin göstərilməsi 30 gün müddətində həyata keçirilir, xidmət haqqı tələb olunmur."Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsinə əsasən mərzçəkmə işləri ilə bağlı pilonun vurulmasına görə - hər döngə nöqtəsi üçün 20 manat dövlət rüsumu tələb olunur. Nəticə kimi xidmət istifadəçisinə mərzçəkmə işlərinin aparılması və mərz nişanlarının qoyulması barədə hazırlanan akt təqdim olunur.

Bolgexeber.com