BolgeXeber.Com » Gündəm » Şəmsəddin Əliyev:”Azərbaycanda cinayətlərin açılma faizi Avropa ölkələrindən yüksəkdir”-MÜSAHİBƏ

Şəmsəddin Əliyev:”Azərbaycanda cinayətlərin açılma faizi Avropa ölkələrindən yüksəkdir”-MÜSAHİBƏ

4-06-2019, 10:49
Oxunub: 14 028 Şəmsəddin Əliyev:”Azərbaycanda cinayətlərin açılma faizi Avropa ölkələrindən yüksəkdir”-MÜSAHİBƏ“Polis təcili yardım xidməti kimi 24 saat vətəndaşların əmniyyətinin təmin olunması üçün çalışır”

Bolgexeber.com Azərbaycan polisinin fəaliyyəti ilə bağlı keçmiş əməkdaşlarından silsilə müsahibələrə başlayıb.Layihə çərçivəsində ilk müsahibimiz "Polisə Dəstək" İctimai Birliyinin rəhbəri,ehtiyatda olan polis polkovniki hüquqşünas Şəmsəddin Əliyevdir.

Dəyərli oxuculara məlumat üçün blldiririk ki, Şəmsəddin Əliyev 30 il Daxili İşlər Orqanlarında bölmə,şöbə və idarə rəisi vəzifələrində çalışmış, vətən savaşının iştirakçısı-müharibə veteranıdır.O,1992-ci ilin may ayının 13-ündə DİN nazirinin əmri ilə 50 nəfərdən ibarət polis əməkdaşlarının komandiri qismində Laçın, Turşsu,Qubadlı-Zəngilan bölgələrindəki döyüşlərində iştirak etmişdir. Şəmsəddin Əliyev təqaüdə çıxdıqdan sonra da aktiv fəaliyyətini davam etdirir.Hazırda "Polisə Dəstək" İctimai Birliyinin sədri, Mətbuat Şurasının icraçı katibidir.O,hüquqşünas- publisist kimi ictimai nüfuza malik,maraq doğuran çoxlu sayda akademik və bədii yazıların,7 kitabın müəllifidir. Şəmsəddin müəllim həm də maraqlı müsahibdir. Bolgexeber.com onunla müsahibəni oxuculara təqdim edir:

-Şəmsəddin müəllim ilk öncə Azərbaycan polisinin fəaliyyəti ilə bağlı,ümumiyyətlə polisimiz haqda fikirlərinizi bilmək istərdik.


-Azərbaycan polisinin 2 iyulda artıq 101 yaşı tamam olacaq. Amma müasir polis 100 il əvvəlki milis deyil.Polis spesifik xidmətin fəaliyyət dairəsini əhatə edir və belə fəaliyyət sahəsi hüquq-mühafizə orqanlarının heç birinə xas deyil.Polis cinayətkarlıqla mübarizə aparmaqla yanaşı,vətəndaşların təhlükəsizliyi,hüquq və azadlıqlarının mühafizəsi üçün maarifləndimə və profilaktik tədbirləri həyata keçirir.Polis əməkdaşının məsul olduğu ərazidə xidməti mundirində olması belə profilaktik əhəmiyyət kəsb edir.Bu, artıq sakinlərə ictimai qaydalara riayət olunmasına çağırışdır, xəbərdarlıq eyhamı kimi cəmiyyətə zidd davranışların qarşısının alınmasında rolu böyükdür.
Hansı ailədə münaqişə varsa, orda da polis var.

Böyük,həmişəyaşar şairimiz Bəxtiyar Vahabzadənin bir şeirində deylir ki, “Harda qərar tutsan orda varam mən”. Onun təbirincə, harda insan faktoru varsa orda polis var.Ümumiyətlə cəmiyyəti dövlətsiz və hüquqsuz təsəvvür etmək mümkün olmadığı kimi,dövlətin də polissiz ömrü ağıla sığmır.Əgər biz, cinayətkarlıqla mübarizənin vəziyyətini interaktiv sorğunun nəticəsində öyrənmək istəsək ,sorğuda iştirak edən respondentlərin əksəriyyəti tərəddüd etmədən polisin adını çəkəcəklər.Çox təəssüf ki,ictimaiyyətin cinayətkarlıqla mübarizə işində iştirakları azdır,şox az.Bu,şərəfli missiyada Prokurorluq, gömrük,vergi, ədliyyə nazirliyi, məhkəmə hakimiyyəti və sairə dövlət orqanlarının vətəndaşın şüurundakı çəkisi polis qədər yer almır.Yuxarıda qeyd etdiyim kimi,Polisin işi mürəkkəb,çox mürəkkəb,lakin ondan bəlkə də artıq şərəfli xidmət sahəsi və şərəfli bir missiyadır.

Bu missiya vətəndaşların təhlükəsizliyinin təmin olunmasına yönəlir, dövlətçiliyə qarşı qəsdlərin qarşısının alınmasında çevik reaksiya ilə səmərə verir,ictimai qaydanın qorunmasında polisin rolu ölçüyə sığmır.Yəni, bütün hallarda Azərbaycan polisinin ictimai münasibətlərə zidd hallara qarşı əhəmiyyəti hədsizdir.Söz ilə ifadə etmək çətindir.Əslində bu da bir qəhrəmanlıq nümunəsidir-deyərdim.Cinayətkarlıqla mübarizə vətəni müdafiənin və yaxud,vətən savaşının sezilməyən,daha çox cəmiyyətin sezmədiyi,əhəmiyyət vermədiyi bir sahədir.Bəzən düşünürük ki,bu polisin gördüyü adi bir işidir.Sabitlik var,amma bunun necə və nəyin bahasına əldə olunmasının fərqinə varmırıq.Bu qədər biganəlik və seyrçi mövqedə durmaq zərərlidir.
Amma bayaq qeyd etdiyim kimi polis 100 il əvvəlki polis deyil.30 il bundan öncə,kommunist partiyasının vaxtında Azərbaycan polisinin cinayətkarlıqla mübarizə siyasətini ictimai şüur bu gün qəbul etmir , tərəziyə qoyula bilməz.

-Sovet milisi ilə hazırkı polisin nə kimi fərqli cəhətləri var?

-Kommunist ideologiyasınin siyasi kursu başqa idi.O zaman polisin bütün fəaliyyəti kommunist partiyasının qərarları çərçivəsində qəlibə salınırdı.Əsas məqsəd isə cinayətkarlığın kökünü kəsmək istiqamətində mübarizə aparılırdı.Amma cinayətkarlığın kökünü kəsmək yanlış bir nəzəriyyə idi,mümkün deyildi.Cəmiyyət faktoru varsa ,deməli cinayətkarlıq və cinayətkarlar da var.Klassik bir deyimdə deyildiyi kimi, hər bir cəmiyyətin özünə xas cinayətləri və cinayətkarları olur.Məsələn , kommunist partiyasının vaxtında insan alveri cinayətləri yox idi,amma indi var.Dələduzluq cinayətləri demək olar ki,yox idi,indi artımla müşahidə edilir.Belə misalları çox sadalamaq olar. Əgər, biz cəmiyyəti canlı bir orqanizmə və yaxud bir ağaca bənzətsək, o ağac inkişaf etdikcə onun müxtəlif budaqları ərsəyə gələcək.Amma ağacın inkişaf etməsi üçün onun budanmasına ehtiyac var.Bax,cinayətkarlıq da cəmiyyətin inkişafına əngəl olacaq xəstəlikdir.Onun budanmasına zərurət yaranır.Əks təqdirdə dövlətin öz vətəndaşlarının saxlanılması üçün zəhməti hədər gedər.Bu mənada cəmiyyət inkişaf etdikcə cinayətkarlığın və cinayətlərin yeni növləri dinamikada yer alır.Eynilə bağın bağ olması üçün zərərli alaq otları və həşaratlarla necə mübarizə lazım gəlirsə,cəmiyyətin də sağlam olması üçün”bağban”bu sayaq davranmalıdır.

-Bir çox hallarda biz görürük ki,polis əməkdaşları təqaüdə çıxandan sonra adi həyata uyğunlaşa bilmir və fəaliyyətini tamam dayandırır.Bu nə ilə izah etmək olar?

-Polisin fəaliyyətini digər hüquq- mühafizə orqanlarının fəaliyyətindən fərləndirən cəhətlər var.Bu,polis əməkdaşının təqaüdə,istefaya göndərildikdən sonra da özünü göstərir.Prokurorluq və təhlükəsizlik orqanlarının əməkdaşları təqaüdə çıxdıqdan sonra onların müvafiq işlə təmin olunması polisə nisbətən asan olur.Polisin təqaüdə çıxdıqdan sonra da dövlət və cəmiyyətin onun xidmətlərindən istifadə etməsinə ehtiyac duyulur.Polis orqanlarında çalışmış insanlar hüquq-mühafizə orqanlarının fəaliyyətini bilən ,kifayət qədər təcrübəli insanlardır və cinayətkar aləm ətrafında məlumatlı olan insanlardır.Polisin təqaüdə çıxdıqdan sonra gərgin fəaliyyətindən birdən-birə kənarlaşdırılması,onun bir insan kimi əməyindən istifadə edilməməsi bəzən çox pis təsir edə bilir. Təsəvvür edin,illərlə xüsusi rejimdə işləyən insan birdən-birə evdə işsiz oturmalı olur.Bu, əksər polis əməkdaşları üçün çox ağrılı keçir.Onların cəmiyyətdə özünü yaxşı mənada göstərməsi və düşüncələri üçün əhatə dairələri daralır.Bəzi təqaüddə olan polislər də bəzən belə mühitə tab gətirə,yeni vəziyyətə uyğunlaşa,adaptasiya oluna bilmirlər.Sanki qəfəsə düşürlər,qapalı bir mühitdə yeni məşğuliyyət tapmaq çətin olur.Tanıdıqları da bəzən kənara çəkilmək,distansiya saxlamaq mövqeyinə üstünlük verirlər.Zənnimcə bu da bir iyrənc,yazılmayan,lakin barışdığımız siyasətdir.Amma dinamik insanlar daha yaxşı və tez adaptasiya olurlar.Polis əməkdaşlarının sayı prokurorluq və təhlükəsizlik orqanları işçilərinin sayından çox olduğuna görə onların işlə təmin olunmasında müəyyən çətinliklər yaranır.Kimin iradəsi möhkəmdirsə o,tab gətirə bilir.”Toy,bayramdır bu dünyanın əzabı.Əqli olan buna gətirər tabı”,-demiş Qasım bəy Zakir.

-Polisin bütün fədakarlıqlarına,danılmaz xidmətinə rəğmən polisə qarşı cəmiyyətin münasibət də tam müsbət deyil.

Çox təəsüflə qeyd etmək lazımdır ki,polisə qarşı cəmiyyətin də münasibəti birmənalı qarşılanmır.Bu, ciddi faktordur və cəmiyyət üçün arzuolunan hal deyil.Ən azı ona görə ki,cinayətkarlıqla mübarizə meydanında polisin tək qalacağına bilərəkdən şərait yaratmış olacağıq.Nəticəsini gözümüzün qarşısına gətirək…
Bu kriteriya kommunist şüurunun qalığı kimi- buz dağı əriməlidir, münasibət dəyişməlidir.Müəyyən vətəndaşların düşüncələrində polis bir cür,sağlam düşüncəli insanların nəzərində isə polis normal qəbul olunur. 8 saatlıq iş günü bitdikdən sonra bütün dövlət qurumlarının əməkdaşları normal konstitsion hüquqlarından istifadə edə bilirlər,amma polisin işi saat 6-dan sonra başlayır.Polis sutka ərzində ,təcili yardım xidməti kimi 24 saat vətəndaşların əmniyyətinin təmin olunması üçün çalışır, artıq işlədiyinə görə narahatçılıq keçirmir.Belə iş rejimini həyatlarının qayəsi kimi qəbul edirlər.Vətəndaşların təhlükəsizliyinin təmin olunmasına öz ailəsinin qorunması məsələsi kimi baxılır.Bir cinayətin izinə düşməklə yorğunluqlar unudulur, yaşamağa həvəs artır, nə istirahətini təsəvvürünə gətirir,nə də yeməyini.Problemlər də arxa planda yer alır. Bütün fikri-zikri o cinayətin açılmasına yönəlir və o cinayəti açdıqca onun daxilində bir rahatlıq əmələ gəlir.
Mən, sevinirəm ki,Qarabağ savaşında mənim də payım olub.O zaman Milli Ordu formalaşmamışdı.Polisin şəxsi heyəti faşist xislətli düşmənə qarşı döyüşürdü.Polis müharibənin ağır illəri-94-cü il atəşkəs elan olunan vaxta qədər qaynar nöqtələrdə xidmət edir,sinəsini vətənin müdafiəsinə sipər edir...Amma müharibə hələ bitməmişdir.Polis yenə içdiyi anda sədaqət göstərməyə hazırdır.
Mən çox təəsüf edirəm ki,müasir nəsil polisin vətən savaşında xidmətini görmür və ya görməmişdir.Bir keçmişə boylanıb sual verək,bəs Milli Ordu formalaşan vaxta qədər erməni qəsbkarlarına qarşı vuruşan hansı qüvvələr idi?!Təbii ki,könüllü,qeyri-formal şəkildə birləşmiş hərbi dəstələr də varıydı.O da vətənpərvərlikdən doğurdu.Bəzən vətənpərvərlik hissi elə vətəndaşın özünə qarşı yönəlirdi.Amma bunun da qarşısı vaxtında alındı.Lakin sırf polisdən olan dəstələr məhz erməni qəsbkarlarına qarşı döyüşürdü.O zaman buna ehtiyac var idi və polis əməkdaşları bildiyiniz kimi Qababağ müharibəsində çoxlu sayda şəhid verdi.Onların sırasında böyük şücaət göstərən Milli Qəhrəmanlar ,igidliyiə görə medallarla təltif olunanlar yetərincədir. Adətən polis cinayətkarlarla daxildə döyüşür,polisin xarici düşmənlərlə döyüşdə təcrübəsi yox idi.

Amma onu döyüşməyə sövq edən vətən sevgisi,torpaq iffəti idi.Onların heç də hamısı əmr əsasında yox ,məhz könüllü olaraq torpaqlarının müdafiəsinə qalxdılar.Düşünürəm ki,bu da polisin xalq tərəfindən sevilməsi üçün bir səbəbdir.Artıq xalq,xidmətini şərəflə yerinə yetirmiş və yetirən Azərbaycan polisi haqda həqiqəti çox yaxşı dərk edir.Ağır məqamlarda polis həmişə xalqın və dövlətin yanında olmuş,bir bayraq ətrafında birləşməyi özünün vəzifə və vətəndaşlıq borcu kimi qəbul edir.Hazırda-sülh şəraitində həmişə xalqın,dövlətin yanında olub və olmaqda davam edir.

-Milli polisimiz dünya təcrübəsindən nələri əxz edə bilib və ümumiyyətlə Azərbaycan polisinin dünyada yeri necə görsənir?

-30 il bundan qabaq Respublikada cinayətlərin açılma faizi təxminən 64-67 % olurdu.Amma indi təsəvvür edin bu faiz 83-85 %.-dir.İl ərzində statistikaya görə ölkə üzrə 27 minə yaxın cinayət qeydiyyata alınır.Bunun da 85 faizə qədərinin açılması təmin olunursa,bu peşəkarlıq və hünər tələb edir.Quldurluq,soyğunçuluq cinayətləri,qəsdən adam öldürmə faktları azalma ilə müşahidə olunur. Belə cinayətlər vətəndaşlara bəlli olmayan,qeyri-aşkar şəraitdə törədildiyi üçün açılmasına vaxt,zaman lazım gəlir.Bu tip cinayətlərin rübdən-rübə,ildən-ilə azalması gərgin iş qrafiki ilə müşahidə olunur. Bu,çox yaxşı göstərici və Azərbaycan polisinin bariz uğurudur.Tam səmimi deyim ki, Avropa ölkələri ilə müqayisədə bizdə cinayətkarlıqla mübarizənin vəziyyəti inkişaf etmiş Avropa ölkələrinə nümunə ola bilər.Qarşımda Avropada cinayətkarlıqla mübarizə vəziyyətinin tablosu var.

Məsələn ,əhalisi 5 milyondan çox olan Danimarkada 2016-cı il ərzində qeydə alınmış cinayətlərin sayı 487.000 göstərilib.Əhalinin hər 100 min nəfərinə düşən ümumi cinayətlərin sayı isə 8476 –dır.Azərbaycanda isə bu rəqəm 100 min nəfərə 271 cinayət düşür.
Almaniya kimi 80 milyon əhalisi olan ölkədə il ərzində 6 milyon cinayət qeydə alınır,100 min nəfərə isə 7903 cinayət düşür.2016-cı ildə bizdə 26.611 cinayət qeydə alınıb.Qəsdən adam öldürmə,qəsdən sağlamlığa zərə yetirmə kimi ağır cinayətlərin sayı bizdə xeyli aşağı düşüb.14 aparıcı Avropa ölkələrinin rəsmi siyahısnda bizim ölkə cinayətkarlıqla mübarizə üzrə öncül yer tutur. Özü də bu Azərbaycanın rəsmi statistik rəqəmləri deyil,beynəlxalq aləmdəki kriminal durum üzrə statistikanın siyahısıdr. Burda, bilirsiz vətənə sədaqətin təzahürü ortadadır.Bu, Azərbaycan polisinin içdiyi anda sədaqətini nümayiş etdirir.Burda bizim polisin öz konstitusion hüquqlarını, şəxsi vaxlarını belə cinayətkarlıqla mübarizəyə sərf erməsi amili var.

Burda,bizim polis sistemimizdə təşkilatşlıq,peşəkarlıq öz sözünü deyir.Burda əzmkarlıq,həm də cəsarət var.
ABŞ-da polisin xidmətinə çox diqqət edilir.Vətəndaşlara qarşı polisin addımlarına baxın. Müəyyən siqnaldan sonra amerika polisi dərhal tabel silahından atəş açmağa hüququ olur..Bunu televiziyadan dəfələrlə müşahidə etmişik.Amma gəlin Gəncə hadisələrində polisin davranışını gözümüzün önünə gətirək .Həmin qarşıdurma zamanı polisin ölkə vətəndaşına qarşı münasibətinə və davranışına baxın,humanistliyin dərəcəsini dəyərləndirin və müqayisə edin;Əliyalın polis polkovnikinin silahlı vətəndaşlara qarşı münasibətinə baxın...

Polis o hadisələrdə həddini aşan,itaətsizlik göstərən və qanunsuz hərəkət edən vətəndaşlara qanunu təmin etmək və situasiyanı nəzarətə almaq üçün onları yalnız və yalnız özünün insani rəftarı ilə zərəsizlədirmək istədi…Sonrası bəllidi…Nəticədə 2 polis zabitimiz şəhid oldu.Biz öz vətəndaşımıza qarşı xaricdəki kimi atla,itlə xidmət etmirik.Amma beynəlxalq təcrübədə belə bir norma var;polis itaətsizlik hallarında , münaqişə zamanı ona təhkim olunmuş bütün vasitələrdən istifadə etməklə xoşagəlməz halların qarşısını ala bilmirsə,bu nəticə vermirsə fiziki güc,son halda odlu silah tədbiq edə bilər.Bu normal haldır.Polis haqda və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunlarda da polisin hansı hallarda güc və yaxud odlu silah tədbiq etməsi halları öz əksini tapıb.Düşünürəm ki,bu dövlətçiliyimizin və ictimai asayişin qorunması üçün vacib şərtlərdəndir.
Ölkə daxilində qanunları qoruyan müvafiq qüvvələr var ki,bu qüvvələrin arasında Azərbaycan polisi öncül yerdə durur.
Söhbətləşdi:İmran Kərimli
(Ardı var)