BolgeXeber.Com » Şou-Biznes » Müğənni Xatirənin keçmiş sevgilisi həbsdə qaldı

Müğənni Xatirənin keçmiş sevgilisi həbsdə qaldı

6-04-2011, 11:35
Oxunub: 6 566
Bakı Apellyasiya Məhkəməsi bankir oğlunun cəzasını dəyişmədi...

“Texnikabank”ın Bakı filialının keçmiş müdiri və onun oğlu həbsdən azad edilmədi. Bolgexeber.com-un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində filial müdiri Zal Yusifov və daha 14 nəfərin məhkəmə hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

İlk öncə Ağır cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmü barədə məlumat verək. Hökmə əsasən, Zal Yusifov əmlakı müsadirə olunmaqla 15 il, Vüqar Behbudov isə 7 il müddətinə azadlıqdan məhrum olunub. Z.Yusifovun oğlu İslam Yusifov isə məhkəmə zalından tutularaq 8 il müddətinə azadlıqdan məhrum edilib.

Zamində olan digər təqsirləndirilənlər barəsində isə məhkəmə şərti azadlıqdan məhrum olunma cəzası təyin edib.
Z.Yusifov Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2-ci (mütəşəkkli dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla dələduzluq etmə), 313-cü (vəzifə saxtakarlığı), 320.2-ci (rəsmi sənədləri, ştampları, möhürləri sxtalaşdırma), 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə və israf etmə), İslam Yusifov və Vüqar Behbudov CM-nin 178.3.1 və 178.3.2-ci, Samayə Məmmədova CM-nin 32.5, 178.3.2 və 32.5, 179.3.2-ci, Camal Yusifov, Rauf Əhmdəov, Ülvi Hüseynov, Fəxri Hüseynov, İntiqam Sultanov, Məhəmməd Mürsəlov, Elşən Həsənov, Dağıstan Həsirov, Akif Həsənov, Mübariz Zeynalov və Saleh Qasımov CM-nin 320.1-ci maddələri ilə ittiham olunublar.

İttiham aktına görə, “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov və filialın əməkdaşları - onun oğlu İslam Yusifov, Vüqar Behbudov, Səmayə Məmmədova, Ramal Yusifov, Rauf Əhmədov, Ülvi Hüseynov, Fəxri Hüseynov, Dağıstan Nəsirov, Akif Həsənov, Elşən Həsənov, İntiqam Sultanov, Mübariz Zeynalov, Saleh Qasımov, Məhəmməd Mürsəlov 81 nəfər müştərinin pulunu mənimsəyiblər. Onlar zərərçəkmişlərin banka qoyduğu 4 milyon manat pulu ələ keçiriblər.

Zal Yusifov “Texnikabank” rəhbərliyinin hüquq-mühafizə orqanlarına müraciəti əsasında saxlanılıb. Daxili audit nəticəsində “Bakı” filialında ortaya çıxan qanunsuzluqlardan və müştərilərin şikayətindən sonra bank rəhbərliyi filial müdiri ilə bağlı ölçü götürülməsini istəyib.

Bakı Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrlik etdiyi məhkəmə prosesində təqsirləndirilən şəxslərin cəzası dəyişdirilməyib.

Onu da əlavə edək ki, İslam Yusifovun tanınmış müğənni Xatirə ilə sevgi münasibətləri olub.