BolgeXeber.Com » Xəbərlər » Bakıda qeydiyyatsız yaşayan uşaqların bağça dərdi - Onlar siyahıda ən axırdadırlar

Bakıda qeydiyyatsız yaşayan uşaqların bağça dərdi - Onlar siyahıda ən axırdadırlar

19-06-2019, 13:18
Oxunub: 2 304 Bakıda qeydiyyatsız yaşayan uşaqların bağça dərdi - Onlar siyahıda ən axırdadırlarBir müddət öncə Bakının Sabunçu rayonunda 4 yaşlı Zəhra Bağırzadənin oğurlanması olayı valideynləri işləyən azyaşlıların nəzarətsiz qalması, bağça çatışmazlığı məsələsini gündəmə gətirdi

Hadisə göstərdi ki, xüsusilə paytaxtda uşaq bağçalarının azlığı evdə tək qalan azyaşlıları hər an uşaq oğrularının qurbanına çevrilməsinə səbəb ola bilər.

Elə balaca Zəhranın da oğurlanmasına səbəb olan amillərdən biri də, ərazi üzrə uşaq bağçasında yerin olmamasıdır. Zəhranın anası Cəmilə Hüseynova Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində bildirib ki, işə çıxanda Zəhra 2 yaş yarımlıq olub. Həmin ərəfədə körpəsini qoymaq üçün Sabunçu qəsəbəsində yerləşən iki uşaq bağçasına müraciət etsə də, uşağı bağçaya yazdıra bilməyib: "Mən iki övladımı özüm böyütmüşəm. Amma tale elə gətirdi ki, Zəhranı körpə vaxtdan qoyub işə çıxmalı oldum. Buna görə də, çox çalışdım ki, Zəhranı qohum-əqrəba ümidinə yox, bağçaya qoyub işə çıxım. Hansı bağçaya müraciət etdimsə, gah yerin olmadığını, gah da uşağın danışa bilmədiyini bəhanə edib götürmədilər. Məndə çarəsiz qalıb uşağı bacısının ümidinə qoyub işə çıxdım".

Cəmilə Hüseynova deyir ki, Zəhra oğurlanarkən çoxları onu məsuliyyətsizlikdə suçlasa da, övladını körpəlikdən evdə qoyub işə çıxmağa məcbur olub: "Bu gün işləyən qadınların çoxu mənim yaşadığım problemlə üz-üzədir. Bağçalar yerin olmamasını bəhanə gətirirlər. Uşağa dayə tutmaq isə baha başa gəlir. Ona görə də, məcbur qalıb uşağı evdə özündən böyüyə əmanət edib işə gedirik".

C.Hüseynova ən azı bu hadisədən sonra Zəhranın bağçaya getməsini istədiyini deyir. Həmsöhbətimiz bildirir ki, həkim də Zəhranın nitqində yaranmış qüsura görə onun uşaqlarla ünsiyyətdə olmasını məsləhət görüb. Amma Zəhranın danışa bilmədiyini və yer olmadığını bəhanə gətirərək bağçaya götürməyibər.

Paytaxtda uşaq bağçalarının bağça yaşlı uşaqların sayı ilə tərs mütənasiblik təşkil etdiyini Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) də təsdiqləyir. BŞİH-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İsrafil Kərimov deyir ki, hazırda Bakıda Uşaq evləri, Bağçalar İdarəsinin nəzdində 346 məktəbəqədər təhsil müəssisəsi var: "Bu bağçaların tələbatı ödəmədiyini bilirik. Bunu inkar da etmirik. Amma Bakıda əhali sıxlığı var. Yer olmadığından, yeni bağçaların tikilməsi də problemdir. Həmçinin bağçaların bir qismində hazırda məcburi köçkünlər məskunlaşıb. Bütün bunlar bağça yaşlı uşaqların məktəbədər təhsil müəssisəsində tərbiyə almasını çətinləşdirir".
Amma İ.Kərimov prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yeni, xüsusilə də sökülən binaların yerində tikilən binaların birinci mərtəbəsində ictimai yerlər, uşaq bağçaları ilə bağlı tapşırığının icra edildiyini söyləyib. Onun sözlərinə görə, bu, paytaxtda bağça çatışmazlığı problemini tədricən aradan qaldırır. İ.Kərimov bağçalara uşaq qəbulunun elektronlaşdırılmasının da məktəbəqədər təhsil müəssisələrinə uşaq qəbulunda süni maneələri aradan qaldırdığını söyləyir.

İ.Kərimov bildirir ki, bu gün paytaxtda qeydiyyatsız yaşayanların uşaqlarını bağçaya qoya bilməməsinin səbəbləri var: "Uşaq bağçaları ilk olaraq ərazi üzrə qeydiyyatda olan uşaqları qəbul edir. Boş yer qaldıqda qeydiyyatsız yaşayanların, kirayədə qalanların uşaqlarını qəbul edir. Ona görə də, Bakıda qeydiyyatsız yaşayanlar uşaqlarını bağçaya qoymaqda çətinliklə üzləşirlər. Çox vaxt paytaxtda kirayədə yaşayanlar yaşayış yerlərini tez-tez dəyişdirirlər. Bu da onlara bağça tapmaqda çətinlik yaradır”.

Təhsil üzrə ekspert Kamran Əsədov isə deyir ki, hal-hazırda ölkədə 1656 dövlət (717 kənd, 939 şəhər), 96 qeyri-dövlət (95 şəhər, 1 kənd) məktəbəqədər təhsil müəssisəsi var. Həmsöhbətimiz bildirir ki, bağçaların sayının regionlarla müqayisədə qismən də olsa çox olduğu Bakı şəhərində məktəbəqədər yaş qrupunda olan uşaqların 25 faizi məktəbə bağçalardan gəlir: "Təəssüflər olsun ki, maddi-texniki baza imkan vermir ki, uşaqlar bağçalara cəlb olunsun. Bu isə uşaqların nəzarətdən kənar qalmasına səbəb olur. Bu gün paytaxtda özəl bağçaların sayı günü-gündən artsa da, həmin bağçalara uşaq qoymaq hər valideynin imkanı daxilində deyil. Bu da dövlət bağçalarına zərurəti artırır. Bu gün paytaxtda yer sıxlığı, əhali artımı imkan vermir ki, dövlət bağçalarının sayı artırılsın. Amma dövlət tərəfindən bağça yaşlı uşaqların məktəbəqədər təhsillə cəlb olunmasını təmin etmək üçün, 2014-cü il yanvarın 1-dən başlayaraq 10 il müddətinə Vergilər Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azaddırlar. Bu isə imkan verir ki, özəl bağçaların qiymətləri valideynlərin büdcəsinə uyğun olsun. Çox təəssüf ki, özəl bağçaların qiyməti elə həddədir ki, işləyən anaların mütləq əksəriyyəti öz övladını pullu bağçaya qoya bilmir".

Milli Məclisinin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında Bakıda uşaq bağçası çatışmazlığının problem olaraq qaldığını təsdiqləyir. Həmsöhbətimiz deyir ki, bu problem sovetlər birliyi dövründə də olub: "Bağça çatışmazlığı problemi sovet dövründə də vardı. Amma bu gün Bakıda bu problemin daha qabarıq şəkildə özünü göstərməsinin səbəbi urbanizasiyadır. Bakıda qeyri-rəsmi yaşayan əhalinin sayı 4 milyondur. Bu da paytaxtda bağçalara tələbatı təbii olaraq artırır. Bakıda bağça yaşlı uşaqların məktəbəqədər təhsil müəssisəsi ilə tam təmin olunması mümkün deyil. Bunun üçün illər lazımdır. Ona görə də, uşaqların məktəbə hazırlığı üçün ümumtəhsil müəssisələrində hazırlıq qrupları yaradılıb. Bu qruplar bağçanı əvəz etməsə də, birinci sinfə gedəcək uşaqların hazırlıq keçməsinə imkan yaradır. O ki, qaldı uşaqların nəzarətsiz qalması məsələsinə, dövlət bağçalarına qəbulda işləyən valideynlərin uşaqlarına daha çox üstünlük verməklə, özəl bağçaların qiymətinin rəqabət olduqca ucuzlaşması ilə buna nail olmaq olar. Amma yaxın gələcəkdə uşaqların bağça ilə təmin olunmasının 20 faizdən 75 faizə qədər qalxmasını gözləmək reallıqdan uzaqdır".