BolgeXeber.Com » Dünya » Azyaşlını zorlayan uşaqbazın şok etirafları

Azyaşlını zorlayan uşaqbazın şok etirafları

5-04-2013, 10:35
Oxunub: 6 433 “Əlimlə ağzını tutdum və yataq otağına gətirdim”


Bəzən edilən hərəkət təkcə özünün deyil, başqalarının da taleyini dəyişir. Hətta törədilən bu cinayətin cəzası çəkilsə də, onun vurduğu ləkəni ömrü boyu yumaq olmur. Bu dəfə danışacağımız cinayət hadisəsi də bu qəbildəndir. Məhkəmə qarşısında Saatlı rayon sakini, Samir Mehbalıyev cavab verib.

Qonşuluqda yaşayan azyaşlı oğlanı (biz həmin azyaşlının gələcəyini nəzərə alaraq onu və yaxınlarını şərti adlarla təqdim edəcəyik-red) zorlamaqda təqsirləndirilən Samir Mehbalıyev cinayəti törədərkən hələ 18 yaşına çatmadığı üçün o, istintaq materiallarında yetkinlik yaşına çatmayan kimi təqdim olunub. Məhkəmə yolu ilə müəyyən edilib ki, Samir Mehbalıyev qonşuluqda yaşayan Rəhim Əliyevi aldadaraq yaşadığı evə aparıb və orada sonuncuya zor tətbiq etməklə, o cümlədən azyaşlını ölümlə hədələməklə onunla cinsi əlaqədə olub. Məhkəmədə dindirilən Samir Mehbalıyev təqsirini tam etiraf edib və hərəkətindən peşman olduğunu bildirib.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxsin sözlərinə görə, 10 yaşlı Rəhim onların qonşuluğunda yaşayıb. Amma bu ailələr arasında bir-birinə gediş-gəliş olmayıb. Hadisə günü uşaqlar məktəbə getməyib. Həmin gün Samirin qardaşı Sarxan səhər həyətdəki heyvanları örüşə aparıb, anası isə rayon bazarına gedib. Samir evdə tək olduğuna görə, darıxdığından evdən çıxıb kənd yoluna tərəf gedib. Orada sinif yoldaşı Ramillə rastlaşıb. Birlikdə kənd mağazasının yanına gediblər. Heç kəsi tapmayan dostlar geri qayıdıblar. Yolda Samir Ramildən ayrılıb öz evlərinə tərəf gedir. Küçə darvazasına yaxınlaşanda su arxının üstündəki yolda Rəhimin arxasınca gəldiyini görür. Bir anlıq dayanıb Rəhimə tərəf baxan Samir onunla cinsi əlaqədə olmaq istəyir. Samir bundan sonra dayanıb Rəhimin ona çatmasını gözləyib. Bu vaxt artıq beynində Rəhimi aldadıb evlərinə aparmaq üçün plan da qurmağa başlayıb:

«Rəhim mənə çatanda bildirdim ki, "bibinin meşoku və sizin çəkiciniz bizdədir, gedək verim, apar evinizə". Rəhim böyrümə düşüb mənimlə darvazamıza qədər gəldi, ancaq darvazadan içəri keçmək istəmədi. Dedi ki, nə verəcəksənsə, get gətir, burda ver. Mən işi belə görüb əlindən tutdum və dartıb onu zorla həyətə saldım. O qışqırmağa başlayanda əlimlə ağzını da tutdum və eyvana, oradansa sürüyüb yataq otağına gətirdim. Qapını örtəndən sonra Rəhimə dedim ki, əgər səsini çıxartsan səni bıçaqla öldürəcəyəm".

Bundan sonra isə təqsirləndirilən şəxs azyaşlının zorlanma səhnəsini çılpaqlığı ilə məhkəməyə danışıb. (Lakin biz həmin səhnəni olduğun kimi oxuculara çatdırmaq fikrində deyilik. Odur ki, bir qədər ara verməli oluruq). "... Rəhimi zorlayarkən möhkəm qışqırdığı üçün qorxdum, ona görə də onu buraxıb çarpayıdan düşdüm, Rəhim də cəld hərəkətlə taxtdan düşüb şalvarını yuxarı çəkə-çəkə qapıya tərəf qaçdı, mən arxasınca qışqırdım ki, əgər dilini saxlamasan, səni doğrayacağam».

«Sənin oğlun Rəhimin başına pis iş gətirib»

Bundan sonra Samir buzovları həyətyanı sahədə olan yonca yerinə hörükləməyə getmək üçün hazırlaşıb. Amma bu vaxt Rəhimin bibisi Ədilə yabayla onların həyətinə girib, Samiri hədələməyə başlayıb. ondan qorxan Samir qaçıb evin arxasındakı qalın otluğa girib. Orada xeyli uzanıqlı vəziyyətdə qalan Samir qonşularının getməsini gözləyib. Bir qədər sonra qonşularının getdiyini görüb evə gəlir və çörək yeyib qonşusu Həsəngilə gedib. Həsənin oğlu İlkinlə nar ağacının altında dayanıb nar yeyərkən, həyətlərində səs-küy qalxdığını eşidib ora tərəf gedib.

Samir Mehbalıyevin sözlərinə görə, həyətlərinə baxanda qardaşı Sarxan, Rəhimin anası Rəqibə, bibisi Ədilə həyətin ortasında dayanıb əl-qol ölçə-ölçə danışdıqlarını görüb: «Ona görə də həyətimizə getdim, Ədilə məni görən kimi "uşağı niyə o hala salmısan" deyərək yabanın sapı ilə belimdən vurdu. Sonra da Sarxan məni döydü. Ədiləylə Rəqibə həyətdən çıxdılar, hava qaralana yaxın təkrar gəldilər. Anam evə yenicə gəldiyindən heç nədən xəbəri yox idi. Ədiləgil eyvanda dayanıb səs-küy salanda anam onlardan nə baş verdiyini soruşdu. Ədiləsə anama "sənin oğlun Rəhimin başına pis iş gətirib" dedi. Anam bunu eşidən kimi beli Ədilənin əlindən alıb sapıyla bir neçə dəfə kürəyimə vurdu».

"Ağlaya-ağlaya darvazaya tərəf qaçdım”

Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən azyaşlı Rəhim Əliyev hadisə günü həyətlərində oynadığını bildirib. Hadisə baş verməzdən əvvəl isə bibisi ona çölə çıxmış hinduşkaları həyətə qaytarmağı tapşırıbmış. O da bibisinin tapşırığına əsasən hinduşkaların arxasınca küçəyə çıxıb. Zərərçəkmişin sonrakı hadisə ilə bağlı verdiyi ifadəsi təqsirləndirilən şəxsin ifadəsinə tam uyğundur.

"Mən çarpayıdan düşüb ağlaya-ağlaya həyətə çıxaraq darvazaya tərəf qaçdım. Samir arxamca çıxıb dalımca gəlirdi. Mən küçəyə çıxanda o, darvazadan boylanıb dalımca qışqırdı ki, "əgər bu barədə kiməsə desən, səni bıçaqla öldürərəm". Mənsə həyətə girən kimi Samirin etdiyi hərəkətlər haqqında bibim Ədiləyə danışdım. Bibim ot tayasına söykənmiş yabanı götürüb qaça-qaça Samirgilin həyətinə getdi. Anam da onun dalınca qaçdı".

Şahid qismində dindirilən Ədilə Əliyeva Rəhimin ağlaya-ağlaya onlara gəldiyini bildirib: «Həyətə girəndə mən ondan nə baş verdiyini soruşdum. O isə olmuş hadisəni necə varsa, elə də mənə danışdı. Mən bunu eşidəndə həyəcanlandım, ot tayasına söykənmiş yabanı götürüb Elmiranın (Samirin anasıdır) həyətinə üz tutdum. Həyətə girəndə Samir məni görən kimi, qaçıb gizləndi. Mən həyətdə dayanıb Elmiranı səslədim, evdən səs gəlmədiyi üçün geri qayıtdım. Rəhimin anası Rəqibəyə dedim ki, Samir Rəhimin başına oyun açıb. Bir azdan mən Rəqibə ilə birlikdə yenidən Samirgilə gəldim, Sarxan eyvana çıxıb dedi ki, örüşdən indicə gəlib, anası da evdə yoxdur. Bu vaxt Samir də bağ tərəfdən evə gəldi, bildirdi ki, Rəhimə qarşı hər hansı hərəkət etməyib, sadəcə olaraq ona bir sillə və bir təpik vurub. Ancaq artıq hamı işin nə yerdə olduğunu yaxşı bilirdi, ona görə də Sarxan Samiri yerə yıxaraq ayaqqabı ilə başına vurmağa başladı. Mənsə bildirdim ki, polisə şikayət edəcəyəm. Sarxan dalımızca düşüb polisə getməməyi xahiş elədi, bildirdi ki, anası evə gələn kimi bizə göndərəcək. Axşam onları gözləsək də, gəlib çıxmadılar. Ona görə də mən Rəhimin anası ilə təkrar Samirgilə getməli oldum. Elmira evə yenicə gəldiyi üçün heç nədən xəbəri yox idi, mən ona bildirdim ki, Samir günorta Rəhimi zorla evə salaraq başına pis oyunlar gətirib. Həmin gün biz polisə gedərək baş vermiş hadisə barədə məlumat verdik”.

Məhkəmədə zərərçəkmişin anası Rəqibə Əliyeva da dindirilib. Qadın baldızının ifadəsinə uyğun ifadə verib. Məhkəmə daha bir neçə şahid ifadəsi və işdə olan digər dəlil sübutları araşdırandan sonra öz hökmünü verib. Həmin hökmlə Samir Mehbalıyev 9 il müddətinə azadlıqdan məhrum edilib.


AzNews.az