BolgeXeber.Com » Siyasət » Azərbaycan İslam Partiyası mitinq üçün ayrılacaq istənilən yerə razıdır

Azərbaycan İslam Partiyası mitinq üçün ayrılacaq istənilən yerə razıdır

6-04-2011, 12:10
Oxunub: 5 781
Azərbaycan İslam Partiyası (AİP) mitinq üçün Bakı şəhər İH tərəfindən ayrılacaq istənilən yerə razıdır.

Bunu AİP-in sədri Elçin Manafov Bolgexeber.com-a bildirib.Onun sözlərinə görə, partiya mitinq icazəsi üçün meriyaya təkrar müraciət edəcək: "Birinci müraciətimizdə Azadlıq meydanını ona görə seçmişdik ki, Azərbaycanın müxtəlif rayon və şəhərlərindən gələn insanlar üçün bu yeri tapmaq asan olsun. Biz ən azı on min insanın bu mitinqdə iştirak etməsini nəzərdə tutmuşuq. Lakin ola bilər daha çox insan iştirak etsin. Ona görə müraciətdə Azadlıq meydanını göstərdik".
Partiya sədri sözünə belə davam edib: "Biz növbəti dəfə İcra Hakimiyyətinə müzakirə edərək, məsləhət bildikləri yeri göstərmələrini istəyəcəyik. Bizim əsas niyyətimiz mitinqin keçiriləcəyi yeri Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə razılaşdırmaqdır. Əlbəttə, İcra Hakimiyyəti bizə hansı alternativ yer göstərsə razılaşacağıq. Tezliklə partiya daxilində məsləhətləşmələrdən sonra İcra Hakimiyyətinə növbəti müraciət olunacaq".
Elçin Manafovun sözlərinə görə, Azərbaycan dindarlarının mitinq keçirmək istəyi İslam aləmində böyük marağa səbəb olub: "Mitinqdə iştirak etmək üçün xaricdən də müraciətlər olunub. Hətta Rusiyadan, Tatarıstandan və bəzi MDB ölkələrindən bu mitinqdə iştirak etmək üçün artıq təyyarələrə biletlər belə alıb, gəlmək istəyirlər".
Xatırladaq ki, Azərbaycan İslam Partiyası Qarabağın işağladan azad edilməsi, hicaba qadağanın ləğvi və vicdan məhbuslarının azadlığa buraxılması ilə bağlı mitinq keçirmək istəyir.