BolgeXeber.Com » Media » Biabırçılıqdır - Araşdırma

Biabırçılıqdır - Araşdırma

6-04-2013, 10:05
Oxunub: 4 284 “Leksikonumda elə bir ifadə tapa bilmirəm ki, bugünkü uşaq verilişlərini təsvir edim”
Azərbaycanda uşaq verilişlərinin hazırlanması sahəsində ciddi problemlər mövcuddur. Həm uşaq nəşrlərinin, həm də telekanallarda yayımlanan uşaq verilişlərinin səviyyəsi qənaətbəxş deyil. Televiziyalar bu gün onları razı salmaq, ehtiyaclarını qarşılamaq üçün veriliş hazırlayarkən çətinlik çəkirlər. Çünki artıq uşaq verilişləri aparıcılarının monoloqu onlar üçün heç də cəlbedici görünmür.

Amma istənilən halda uşaqların da maraqları nəzərə alınmalıdır. Bununla yanaşı, bu gün efirlərdə uşaqlar üçün ayrılmış vaxt da onların tələblərinə cavab vermir. Onlar üçün efir vaxtı hər gün bir az daha azaldılır. Bu mövzu ilə bağlı mütəxəssislərin fikirlərini öyrəndik.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Azərbaycanda uşaq verilişi, cizgi filmləri ilə bağlı problemin mövcud olduğunu təsdiqlədi: “Bu sahəni inkişaf etdirmək lazımdır. Biz bununla bağlı ölkə başçısına xüsusi müraciət də ünvanlayacağıq. Çünki Azərbaycanda cizgi filmləri demək olar ki, yox dərəcəsindədir. Mən efirdə çox az hallarda milli cizgi filmlərini görürəm. Demək olar ki, uşaqların maraq dairəsinə uyğun seriallar da yoxdur. İstərdik ki, bu cür seriallar çəkilsin və qəhrəmanları uşaqlar olsun. Yalnız müəyyən işlər görüldükdən sonra uşaq telekanalının açılmasına nail olmaq olar”.

Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan uşaq verilişlərinə baxmadığını və uşaq verilişlərinin hazırlanma prosesindən də razı qalmadığını söylədi: “İstənilən uşaq verilişində bayağı ünsiyyət və münasibət özünü göstərir. Uşaq verilişlərinin çəkilişlərində dəfələrlə olmuşam, gördüyüm mənzərə məni heç də qane etməyib. Həmin verilişlərdə valideynə xoş gəlməsi üçün hansısa kəlməni uşaqlara məcburən söylətdirdiklərinin şahidi olmuşam. Hiss olunur ki, həmin veriliş tamaşaçı üçün deyil, fərdi valideynlər üçün tərtib olunur. Uşaq proqramları efirə ayrılmış vaxtı doldurmaq üçün hazırlanır. Mən də uşaq verilişi hazırlamaq istəyirdim. Mənə zəng vurub dedilər ki, mümkündürsə, bu verilişi açıb, bizim çörəyimizə bais olma. Mən söyləmişdim ki, əgər uşaq verilişi hazırlasam, orada heç bir maddi vəsait rol oynamayacaq. Uşaqların marağını nəzərə alan, uşaq verilişi hazırlamaq niyyətində idim. Düşünürəm ki, buna mane olmağa çalışan insanlar həmin verilişin rəqib olacağından ehtiyat etdilər. Azərbaycan incəsənət aləmində uşaq psixologiyasını bilən insan yox dərəcəsindədir. Heç Sovet dönəmində belə, normal uşaq pyesi, səhnəciyi olmayıb. Elə bu, sovet dönəminin bizə bəxş etdiyi gerilikdir. Bizim aldığımız təlim yanlış idi. İndi onun altını çəkirik. Uşaqların marağını nəzərə alan uşaq verilişləri sistemi, mexanizmi yoxdur. Əslində yaxşı mənada senzura, süzgəc olmalıdır. Bu gün bu cür verilişlər hazırlayanlar ona öz övladı və ya qardaşının, bacısının gözü ilə baxır və bütün Azərbaycan uşaqlarını da belə görürlər. Düşünürəm ki, uşaqlara ayrılmış bir verilişdə bir nəfərin baxış bucağı düzgün deyil. Uşaq verilişlərimiz çox biabırçı həddədir. Onlar heç bir məntiqə, maarifləndirmə sisteminə yaraşmır. Leksikonumda elə bir ifadə tapa bilmirəm ki, bugünkü uşaq verilişlərini təsvir edim”.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, tanınmış media eksperti Zeynal Məmmədli uşaq verilişlərinin hazırlanmasının xüsusi bacarıq tələb etdiyini və bunun çox ciddi problem olduğunu bildirdi: “Ümumiyyətlə, uşaq verilişlərinə baxmıram. Həmin verilişlər baxılası vəziyyətdə deyil. Burada söhbət peşəkarlıqdan, verilişlərin quruluşundan getmir. Həmin verilişlərdə uşaqlara sevgi hissinin belə, olmadığını görmək elə də çətin deyil. Əgər verilişi aparan insanda uşaqlara qarşı sevgi yoxdursa, qalan mövzulardan danışmağın mənası yoxdur. Biz uşaqlara dünyanın çətinliklərini, məntiqi, cəmiyyət arasında özünü aparmaq qaydasını, mübahisə mədəniyyətini öyrədə bilmirik. Öz fikrimizi güclə uşaqlara sırıyırıq, nəticədə özümüzdən də eybəcər bir nəsil əmələ gəlir. Buna görə uşaq verilişlərini bəyənmirəm və zənnimcə, o verilişlər digərləri kimi qənaətbəxş deyil. Sovet dönəmində bir ideologiya hökm sürürdü. O dövr dünyanı insanlarımıza, uşaqlarımıza açmırdı. Amma hazırda da uşaqlarımızda savadsızlaşma getməyə başlayır. Uşaqların əksəriyyəti bilmir ki, Azərbaycanda Daşkəsən, Yardımlı deyilən bir bölgə var. Onları da qınamalı deyil. Bütün bunları onlar uşaq verilişlərindən öyrənməlidir. Cəmiyyətdə ictimai rəy yaratma mərkəzləri var ki, valideynlər oraya narazılıqlarını bildirməlidirlər. İctimai Televiziyanın birbaşa borcudur ki, uşaqlar üçün eksklüziv verilişlər hazırlasın. Dünyanı uşaqların evinə, ekranına gətirsin. Yaşıdlarının öz aralarındakı, valideyninə münasibətini göstərsin. Dünyanın çox yaxşı uşaq verilişləri tərcümə olunsun və görsünlər ki, xaricdə necə uşaq verilişləri hazırlanır”.

Uşaq mahnılarının bəstəkarı Oqtay Zülfüqarov da uşaqlar üçün maraqlı verilişlərin olmadığını və bunun nəticəsində uşaqların seriallar, ailə-məişət proqramlarına meyilləndiklərini qeyd etdi: “Televiziyalar uşaqlara həftədə heç olmasa, yarım saat yer verməlidirlər ki, uşaqlar da həmin verilişlərə baxmağa həvəsli olsunlar. Uşaq bağçaları, məktəblər bu verilişlərdə iştirak etməlidirlər. İndi uşaqlar üçün meydan yoxdur. Hərdən uşaqlar üçün veriliş təşkil olunur, mənə müraciət edirlər, gedib çıxış edirəm. Əslində uşaqlar üçün hazırlanan verilişləri onlar həvəslə, səbirsizliklə gözləməlidirlər. Uşaq mahnılarına onların maraqlarını artırmaq lazımdır ki, böyüklərə həsr olunan mahnıları oxumasınlar. Uşaq gərək öz mahnısını oxusun. Hazırda efirləri reklamlar zəbt edib. Ona görə uşaqlara ayırmağa zaman və efir saatı yoxdur. Mədəniyyətimizdə durumun qeyri-qənaətbəxş olmasında ilk öncə özəl kanallar günahkardır. Nəticədə insanların zövqü korlanır, azyaşlı uşaqların beyninə zövqsüz mahnılar düşür. Hər kanal özü üçün müsabiqə keçirir. Bu müsabiqələrin səviyyəsindən danışmağa belə dəyməz. Bir çox ixtisaslı məzunlar isə sənəti biznesə dəyişir, yaxud xaricə üz tutur. Onların yazdığı səviyyəli musiqilər burada qiymətləndirilmir. Amma əcnəbi ölkələrdə həmin əsərlər dərsliyə salınır, onların sənətinə yüksək qiymət verilir”.

Milli Televiziya və Radio Şurasının “Ekspertiza, proqramlaşdırma və analitik” şöbəsinin müdiri Təvəkkül Dadaşovcizgi filmlərilə birlikdə uşaqlara ayrılan verilişlərin televiziya efirinin 10 %-ni belə tutmadığını vurğuladı: “Hər kanalda müxtəlif yaş qruplarına aid verilişlər var. Qanunvericilik uşaq verilişlərində reklam yerləşdirməklə bağlı müəyyən məhdudiyyətlər qoyur. Bu da kanalları uşaq verilişləri hazırlamaqdan çəkinməyə vadar edir. Həm də televiziyalar düşünürlər ki, uşaq verilişləri gəlir gətirən sahə deyil. Ona görə də onlar bu sahəyə maliyyə ayırmağa maraqlı deyillər. Çünki həmin verilişlərin reytinqi çox aşağı olur. Uşaqların maraqlarını təmin edən verilişlərin çəkilməsi daha çox AzTV-nin, İctimai Televiziyanın və Mədəniyyət kanalının, dövlət tərəfindən maliyyələşən radioların məsuliyyət dairəsinə aiddir. Bu kanallar uşaq verilişlərinə daha çox diqqət yetirməlidirlər. Düzdür, cizgi filmlərimiz kanallarda nümayiş olunur, ancaq onların sayı azlıq təşkil edir. Efirlərdə daha çox əcnəbi cizgi filmləri nümayiş olunur. Burada bəzən uşaqların maraqlarına uyğun olmayan səhnələr də göstərilir. Bu yaxınlarda bəzi kanallara tövsiyələrimizi bildirdik ki, cizgi filmlərini efirə verəndə, onun tərkibində dəyərlərimizə, əxlaqi-tərbiyəvi normalara zidd olan səhnələrin qarşısı alınmalıdır”.

“Kaspi” qəzeti