BolgeXeber.Com » Dünya » Sosial şəbəkədə “yaşlanmağa” tələsməyin – təhlükələri var!

Sosial şəbəkədə “yaşlanmağa” tələsməyin – təhlükələri var!

17-07-2019, 15:36
Oxunub: 3 575 Sosial şəbəkədə “yaşlanmağa” tələsməyin – təhlükələri var!Son 2-3 gündə ‘FaceApp’ adında bir fenomen sosial şəbəkəni başına götürüb

Hər kəsin sosial media hesabında yaşlanmış şəkillərini paylaşmasının səbəbi FaceApp-la bağlı tətbiqetmədir. Bu işin əyləncəli tərəfidir. Amma medalyonun arxasında istifadəçi məlumatlarının toplanması, üçüncü tərəflərlə paylaşılması və reklam məqsədilə istifadə edilməsi var.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Rus ‘Wireless Lab’ tərəfindən 2017-ci ildə yayınlanan ‘FaceApp’-dan bəhs olunur. Buna “yaşlandırma sistemi” də deyə bilərik. Ağıllı telefonlara endirilən bu sistem görüntü işləmə texnologiyası ilə çalışır. Şəklinizi çəkirsiniz və ya qalereyadan yükləyirsiniz. Sonra bir neçə toxunuşla filtrasiyadan keçirirsiz. Bu qədər. Bir neçə toxunuşla özünüzü 70 yaşda görürsünüz. Yaşlanma ilə paralel pulsuz olaraq gəncləşmək, saç şəklinizi dəyişmək və eynək taxmaq kimi üsullardan da istifadə etmək mümkündür. Yəni, pul ödəmədən əylənirsiniz. Məhz bu səbəbdən də FaceApp, xüsusən də son 2-3 gündən bəri bariz şəkildə partlayıb. Məşhur olan-olmayan hər kəs bu tətbiqetmə ilə ərsəyə gətirdiyi yaşlı şəkillərini paylaşır. Məsələn, bu dəqiqə Facebooku və ya İnstaqramı açın, lentdə yüzlərlə dostunuzun yaşlılıq şəkillərini görəcəksiniz.

Buraya qədər işin əyləncəli tərəfləri barədə danışdıq. Amma istifadəçilərin bu sayaq pulsuz olan servislərdə unutmamalı olduğu bir aksiom var: “Aldığınız xidmət qarşılığında hər hansı bir məbləğ ödəmirsinizsə, o məhsul əslində sizsiniz”.
Necə ki, Google sizi axtarış sistemi ilə dünyanın məlumatına pulsuz çatdırırıb reklam vasitəsi olaraq istifadə edirsə, FaceApp da bunun daha kiçik həcmlisini həyata keçirir. Yəni, sizin məlumatlarınızı alır və bu məlumatlarınızı üçüncü tərəflərlə, reklamçılarla paylaşır. Tətbiqetməni endirəndən sonra sizdən bəzi icazələr də alınır. Bu icazələr arasında yox yoxdur… Kamera, çəkilən şəkillər, videolar, cihazın detallarını görüntüləmə… Bunlar sadəcə bəziləridir. Tətbiqetmə mağazalarına girərək, FaceApp-ın əslində sizdən istədiyi icazələri görə bilərsiniz.

İş bununla da məhdudlaşmır. Eyni zamanda bir də “Gizlilik anlaşması”na göz atın. Verdiyiniz bu icazələrdən toplanan məlumatların necə istifadə edildiyi “Gizlilik anlaşması”nda yazılır. Xüsusən də bir neçə maddə var ki, siz əylənərkən toplanan məlumatların hansı məqsədlərlə istifadə edilə biləcəyini açıq-aşkar göstərir.

Sevinc, Musavat.com