BolgeXeber.Com » Media » İmişlidə “Bölgə həyatı və yerli media” mövzusunda dəyirmi masa -Foto

İmişlidə “Bölgə həyatı və yerli media” mövzusunda dəyirmi masa -Foto

8-04-2013, 19:25
Oxunub: 10 769 Bolgexeber.com xəbər verir ki,Aprelin 6-da İmişlidə “Bölgə həyatı və yerli media” mövzusunda “dəyirmi masa” keçirilib. Heydər Əliyev Mərkəzində düzənlənən tədbir rayonda çıxan “Xalq sözü” qəzetinin 80 illik yubileyinə həsr olunub. Mövzu ətrafında müzakirələrdə rayon ictimaiyyətinin nümayəndələri, Azərbaycan Mətbuat Şurasının, Milli Televiziya və Radio Şurasının təmsilçiləri, ölkədə müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin bölgə müxbirləri iştirak ediblər. Onlar öncə ümummilli lider Heydər Əliyevin İmişli şəhərindəki abidəsini ziyarət edib, tər çiçək dəstələri düzüblər. Qonaqlara İmişlidə gedən quruculuq işləri barədə ətraflı məlumat verilib. Onlar Şəkər zavodu və digər sənaye müəssisələrinə baş çəkiblər və abadlıq işləri ilə tanış olublar.

Tədbiri İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev açıb. İcra başçısı müstəqillik illərində və onun əvvəlki dönəmdə bölgə həyatının işıqlandırılmasında yerli KİV-lərin oynadığı müsbət roldan danışıb. V.Hacıyev sözlərini Rayon İcra Hakimiyyətinin təsisçisi olduğu 80 yaşlı “Xalq sözü” qəzetinin fəaliyyətindən gətirdiyi misallarla əlaqələndirilib. O, İmişli ilə yanaşı daha 20 bölgədə, qonşu Türkiyə və İranda oxuculara malik qəzetin tirajının artırılmasının, iqtisadi durumunun yaxşılaşdırılmasının da icra hakimiyyətinin maraqlarına daxil olduğunu deyib.

“Xalq sözü” qəzetinin baş redaktoru Səməd İsmayılov çıxışında ilk sayı 1932-ci ildə “Qaraqoyunlu kolxozu” kimi işıq üzü görən qəzetin 80 ildə keçdiyi yolun mənzərəsi canlandırılıb. Mətbu nəşrin sonralar “İmişli kolxozçusu”, “Yüksəliş”, “Qızıl ulduz”, Azərbaycanın müstəqilliyinin bərpa olunduğu dövrdən isə “Xalq sözü” kimi 6900 dəfə oxucuları ilə görüşə gəldiyini bildirən baş redaktor yerli həyatın yüksək peşəkarlıqla qələmə alınmasının, rayonun salnaməsinin yaradılmasının jurnalist kollektivinin daim başlıca qayğısı olduğunu nəzərə çatdırıb.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, hər bir xalqın taleyində onun mediası mühüm rol oynayır. O qeyd edib ki, vaxtı ilə çar Rusiyasında yaşayan 30 milyonluq müsəlmanın içərisində ilk mətbu orqanı yaratmaq ideyasını məhz azsaylı Azərbaycan xalqının nümayəndəsi gerçəkləşdirib. Bu, görkəmli mütəfəkkir Həsən bəy Zərdabiyə nəsib olub. Əsrin əvvəllərində Azərbaycanda cəmi 100 ziyalının mövcudluğu faktına diqqəti çəkən Ə.Amaşov ictimai fikrə təsir göstərən həmin insanların gərgin səyləri ilə fundamental nəşrlərinin yarandığını deyib. Mətbuat tarixindən faktları misal çəkən Şura sədri medianın dördüncü hakimiyyət olaraq yenə ölkədə gedən proseslərə təkan verdiyini, bölgə KİV-lərinin bu sırada yer aldığını vurğulayıb. O, “Xalq sözü”nün ötən müddətdə qarşıya qoyulan missiyanın etibarlı daşıyıcılarından olduğunu söyləyib, vətəndaş cəmiyyəti quruculuğuna istiqamətlənən yolda qəzet kollektivinə yeni-yeni uğurlar arzulayıb. MŞ sədri qəzetə rəhbərlik etdiyi qurumun təbrikini, redaksiya kollektivinə və sabiq əməkdaşların bir qrupuna Azərbaycan Mətbuat Şurasının diplomlarını təqdim edib.

Azərbaycan Respublikasının Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli boya-başa çatdığı İmişlidə çoxdan olmadığını, gördükləri yeniliklərdən məmnun qaldığını söyləyib. O, uşaqlıqda yerli qəzetin ən çox sevdiyi mətbu orqanlardan olduğunu deyib: “Şəhər və kənd anlayışları indi yavaş-yavaş aradan qalxmaqdadır. Medianın da burada xüsusi rolu var. Təbliğat birtərəfli olamamalıdır. Media, o cümlədən yerli qəzet də olanı işıqlandırmalıdır”. N.Məhərrəmli həmçinin məlumat verib ki, İmişlidə Aran bölgəsi üzrə telekanalın açılması niyyəti tezliklə gerçəkləşdirilə bilər.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 80 il camaatın yoluna işıq saçan bir qəzetin yubiley sevincinə şərik çıxmaqdan məmnun qaldığını bildirib. Özünün də ilk yazılarının bölgə mətbutında dərc olunduğunu vurğulayan V.Rəhimzadə İmişlidə jurnalist-ictimaiyyət əlaqələri sahəsindəki vəziyyəti müsbət dəyərləndirib. Bölgə həyatında kifayət qədər yeniliklərin olduğunu ölkə ictimaiyyətində də maraq doğura biləcək mövzuların olduğunu, ölkə ictimaiyyətində də maraq doğura biləcək mövzuların bolluğunu deyən İH üzvü yerli yazarlara mövcud istiqamətdə fəallığı artırmağı tövsiyə edib.

“Dəyirmi masa” iştirakçılarından Əminə Zeynalova, Məryəm Şahverdiyeva, Malik Aranlı, Sərvaz Hüseynoğlu və başqaları çıxışlarında bir sıra təkliflərini səsləndiriblər. Tədbirin sonunda qəzetin əməkdaşlarına İmişli Rayon İcra Hakimiyyətinin diplom və mükafatları təqdim olunub.