BolgeXeber.Com » Bölgə » Tovuzun Avdal kəndindən keçən yol dağılıb, təmir isə hələ üfüqdə görünmür

Tovuzun Avdal kəndindən keçən yol dağılıb, təmir isə hələ üfüqdə görünmür

3-09-2019, 12:27
Oxunub: 4 963 Tovuzun Avdal kəndindən keçən yol dağılıb, təmir isə hələ üfüqdə görünmürQovlar-Novosaratovka yolunun Tovuz rayonunun Avdal kəndindən keçən hissəsi bir ilə yaxındır ki, bərbad vəziyyətdədir.

Xüsusən yaz aylarında kənd çayında baş verən daşqın yolun asfalt örtüyünü tamamilə sıradan çıxarıb, avtomobillərin gediş-gəlişi müşkülə çevrilib.

Bu şikayətlə virtualaz.org-a kənd sakinləri və həmin yoldan istifadə edən sürücülər müraciət ediblər. Yolun sıradan çıxmış hissəsinin video görüntüsünü redaksiyamıza göndərən sərnişin avtobusu sürücüləri deyirlər ki, dağılmış yol texnikanı sıradan çıxarır. Ehtiyat hissələri də get-gedə bahalaşdığından onlara ciddi maddi ziyan dəyir.

Video görüntüdən də aydın olur ki, yolda yaranmış iri gölməçələr səbəbindən hətta iri qabaritli nəqliyyat vasitələri də hərəkət edə bilmirlər. Şikayətçilər bildirirlər ki, yol problemi ilə bağlı dəfələrlə aidiyyati orqanlara müraciət etsələr də, əhəmiyyət verən olmayıb.


Yararsız vəziyyətdə olan Qovlar-Novosaratovka yolunun Avdal kəndindən keçən hissəsinin nə vaxt təmir olunacağını öyrənmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli virtualaz.org-a açıqlamasında bildirdi ki, həmin yolun növbəti mərhələdə təmir olunması nəzərdə tutulub: “Hazırda Tovuz rayonunun ərazisindən keçən 50 km-lik, 16 kəndi əhatə edən Qovlar-Əyyublu yolunda təmir işləri aparılır. Bu layihə yekunlaşandan sonra növbəti mərhələdə maliyyə vəsaiti ayrıldıqca həmin yolun da inşası həyata keçiriləcək. Həmin ərazi dağlıq ərazidir və tez-tez yağışlar müşahidə olunur. Ona görə də, əgər çatdırsaq bu il, alınmasa gələn il Avdal kəndindən keçən yol təmir olunacaq”, - A. Nəcəfli bildirib.