BolgeXeber.Com » BÖLGƏ TV » DIN Zeynəb Xanlarovaya cavab verdi-Video

DIN Zeynəb Xanlarovaya cavab verdi-Video

12-04-2013, 09:20
Oxunub: 4 661 Nazirlik müğənninin villasının görüntülərini də yayıb

Daxili İşlər Nazirliyi xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın həbs edilmiş ilahiyyatçı Tale Bağırova qarşı ittihamlarda adının hallanmasına etirazına cavab verib. Nazirlikdən modern.az saytına bildirilib ki, aprelin 11-də Tale Bağırov barəsində açıqlanan ittihamlar iki hüquq-mühafizə orqanının yaydığı rəsmi mövqedir.
“Yayılmış məlumat tam rəsmidir və hazırda cinayət işləri üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

DİN-dən onu da bildiriblər ki, zərurət yarandığı halda əlavə məlumat verilə bilər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bu gün birgə məlumat yayaraq bildiriblər ki, aprelin 2-də naməlum şəxslər Nardaran qəsəbəsində yerləşən, xalq artisti Zeynəb Xanlarovaya məxsus bağ evinin qarşısında avtomat silahdan atəş açaraq yandırmaq məqsədilə onun həyətinə içərisinə yandırıcı maye doldurulmuş şüşə qablar atıblar.

Elə həmin gün Bakı şəhər İcra Hakimiyyətinin yaxınlığında iki nəfər Bəxtiyar Qurbanov və Röyal Əsgərov şübhəli şəxs qismində saxlanılıb. İlkin dindirmə zamanı onlar ilahiyyatçı Tale Bağırovun həbsinə və guya hicaba qoyulan qadağaya etiraz olaraq İcra Hakimiyyətini yandırmaq, bununla da vətəndaş itaətsizliyi və ajiotaj yaratmaq istədiklərini etiraf ediblər.

Xalq artisti Zeynəb Xanlarova isə həbs edilmiş ilahiyyatçı Tale Bağırova qarşı ittihamlarda öz adının hallanmasına sərt şəkildə etiraz edib və deyib ki, o heç kimdən şikayət etməyib, onu bu məsələyə qatmasınlar.