BolgeXeber.Com » Sosial » Azərbaycan mentalitetində “fiziki güc” ənənəsi - Övladlarımızı döymək nə qədər effektivdir?

Azərbaycan mentalitetində “fiziki güc” ənənəsi - Övladlarımızı döymək nə qədər effektivdir?

24-09-2019, 10:37
Oxunub: 3 962 Azərbaycan mentalitetində “fiziki güc” ənənəsi - Övladlarımızı döymək nə qədər effektivdir?Zorakılıq və onun dövrümüzdə artan formaları dünyanın bitməyən problemlərindəndir

Uşaqlarla davranış məktəbdə, cəmiyyət arasında, ailə daxilində xüsusi diqqət tələb edən məsələdir. Ekspertlər deyir ki, azyaşlı uşaqlar aldıqları sevgini, yaxşı tərbiyəni, eləcə də zorakılığı və aqressiyanı böyüyəndə daha kəskin formada cəmiyyətə qaytarırlar. Sonda qazanan da, itirən də cəmiyyət olur.

Azərbaycan ailələrində isə əsirlərdən gələn bir ənənə var; valideynlər bir çox hallarda tərbiyə metodu kimi fiziki gücü seçirlər.

Bu proses adətən valideynin bir neçə cəhdindən sonra baş verir. Övlad valideynin üzünə ağ olanda, yanlış bir hərəkətini yenidən təkrar etdikdə valideyn, xüsusilə də ata çıxış yolu kimi fiziki gücə əl atır.

Məsələ ondadır ki, son illərdə Azərbaycanda fərqli dəyərlərinin yayılması ailədaxili prosesdə də özünü göstərməyə başlayıb. Bu gün artıq valideynin övladına əl qaldırması ciddi müzakirəyə səbəb olur.

Əslində ailə daxilində uşağa qarşı zorakılıq halları da qanunla tənzimlənir. Belə ki, qanuna görə, uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri (onlardan biri) uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün müvafiq icra hakimiyyəti orqanına, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir.

Diqqət çəkən bir məqam da var ki, yeni nəsil əksərən övladının tərbiyəsində fiziki deyil, onu anlamağa, anlatmağa, tolerant yanaşmaya üstünlük verir. Ancaq yenə fiziki gücə əl atanlar da vaxtaşırı üzə çıxır.

Məişətimizdə uzun illərdir hökm sürən “döyərək tərbiyə etmək” ənənəsinə necə son qoymaq olar? Sosioloqlar, psixoloqlar bu barədə nə düşünür?

Psixoloq Ramil Nəcəfli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. O deyib ki, məsələyə birmənalı yanaşmaq olmaz: “Məsələn, keçmişdə valideyn övladını döyürdü, lakin ictimaiyyət tərəfindən kəskin reaksiyalar olmurdu, bu məsələlər qanunla tənzimlənmirdi. Valideyn övladını məktəbə aparanda müəllimə dönə-dönə tapşırırdı ki, lazımdırsa, döy, amma oxut. Bu baxımdan əvvəllər uşaqlarda travma da olmurdu, eqoist də böyümürdü. Amma indi müəllim uşağa ”gözün üstə qaşın var" deyən kimi, valideyn gəlib az qala müəllimi işdən çıxartdırmaq istəyir. İndiki dövrdə cəmiyyət bu şəraiti yaratdığına görə, uşaq da valideyn, yaxud müəllim tərəfindən ona hər hansı bir sərt reaksiya olan kimi travma alır. Fikrimin canı ondan ibarətdir ki, uşaq valideyn tərəfindən döyülsə belə, cəmiyyətlə ailənin fikirləri eyni olduğu üçün uşaq ona qarşı sərt reaksiya görən kimi bunu sinirirdi. İndi bütün qanunlar uşağın tərəfində olduğu üçün valideyn artıq fiziki güc tətbiq edərkən maneələrlə üzləşir".

Ramil Nəcəfli qeyd edib ki, indiki dövrdə valideynlə uşaq arasında əlaqə xeyli dərəcədə azalıb: “Valideynlər uşağı ilə normal münasibət qurmaq yerinə psixoloqa aparmağa üstünlük verir. Əslində indi şiddət anlayışı da dəyişib. Əvvəllər şiddət deyəndə valideyinin övladını döyməsi başa düşülürdü. İndi isə uşağın üzərinə qışqırmaq belə şiddət hesab olunur. Cəmiyyət bu anlayışları böyütdüyü üçün uşaqlar kiçik bir kobudluqda travma alırlar. Bir də yeniyetməlik böhranı deyilən bir məsələ var. 13 yaşından başlanan bu proses zamanı valideyinlə övlad arasında ünsiyyət pozuntuları ortaya çıxır. Bəzən biz deyirik ki, bu yaş mərhələsində uşaqlarınızla dost olun, lakin bu zaman valideyn bunu səhv anlayır. Dost olur, amma öz valideynlik funksiyasını unudur. Valideyn elə bilir ki, uşağına çay verdi, yeməyini qarşısına qoydu, hər şey bitdi. Bəzən bu yaş dövründə elə uşaqlar olur ki, valideynlərinə dərin nifrət duyğusu bəsləyir, üsyankar olurlar. Bu zaman valideyn necə davranacağını bilmir. Fiziki gücə əl atır, bununla da hər şeyi daha da çətinləşdirmiş olur. Uşaq da başlayır kənar adamlara pənah aparmağa. Sevgini başqalarında axtarır. Bütün bunlar yaşanmasın deyə, sərt qayda tətbiq edərkən onun həddini və uşağın yaşını nəzərə almaq lazımdır”.
Sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a bildirib ki, fiziki gücün qəti şəkildə əleyhinədir: “Yüz il qabaqki cəmiyyət tamam başqadır, indi başqa. Mən həm sosioloq kimi, həm də bir müəllim kimi deyə bilərəm ki, bizim ən böyük problemimiz övladlarımızı gözü qorxaq böyütməyimizdir. Mən bir dəfə Türkiyənin tanınmış şairi ilə söhbət edirdim. O, məsələ ilə bağlı öz təcrübəsini bölüşdü. Deyir, mən öz uşağımı sakitləşdirmək üçün başqa üsuldan istifadə edirəm. Bir dəfə övladıma dedim ki, deyəsən, kimsə həyətimizə girib, get bax gör nə olub. Uşaq sonra gəlib dedi ki, heç kim yoxdur. Mən də ona həyətə girənin ondan qorxub qaçdığını bildirdim. Yəni onun daha güclü olduğunu ona sübut etməyə çalışdım. Lakin sizdə vəziyyət başqadır. Övladlarınızı sakitləşdirmək üçün onu ya həkim iynəsi ilə, ya qorxduğu başqa bir şeylə sakitləşdirirsiniz. Açığı, bu söz mənə təsir etdi və onunla tam razıyam. Mən bizim gənclərimizin nə qədər özünü ifadə etməkdə çətinlik çəkdiyini dərs müddəti ərzində də görürəm. Gənclərimizin belə olması məni incidir. Biz çalışmalıyıq ki, onları qorxutmaq əvəzinə bütün çətinliklərə sinə gərə biləcək gücdə olduqlarını aşılayaq, elə böyüdək”.