loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Azərbaycanım mənim: Balakən-Foto







Strabon qədim Balakən ərazisini "Məbədlər diyarı" adlandırıb

Azərbaycanın şimal-qərbində Böyük Qafqazın cənub yamaclarında 923 kvadrat kilometr sahə tutan Balakən rayonu şimalda Rusiya Federasiyası (Dağıstan MR), qərb və cənub-qərbdə Gürcüstan, şərqdə isə Zaqatala rayonu ilə həmsərhəddir.

Balakən rayonu inzibati vahid kimi 1930-cu ildə təşkil olunub, 1963-cü ildə ləğv edilərək Zaqatala rayonuna verilib, 1965-ci ildə yenidən müstəqil rayon olub.

Antik yunan coğrafiyaçısı Strabon qədim Balakən ərazisini "Məbədlər diyarı" adlandırıb. Müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri və kurqanlar Balakənin qədim yaşayış məskəni olduğunu deməyə əsas verir.

Balakən rayonu Azərbaycanın əsrarəngiz təbiətə, böyük rekreasiya-turizm resurslarına malik rayonlarından biridir. Rayon gəzməli, görməli yerlərlə zəngindir. Katexçay şəlaləsi, İmambulaq, Arılıq, Qaraçay-Razvedka, Mazımqara, Mirovoya Voda, Şərif kəndində Bağman Bulağı və s. belə yerlərdəndir. Ərazisi 934 km2 olan Balakən rayonunun 46,4 min hektarını meşələr, 16,5 min hektarını Dövlət qoruğu, 15,7 min hektarını əkin sahələri, 5,8 min hektarını bağlar təşkil edir. Ümumi torpaq fondu 32,5 min hektardır.

Balakənin zəngin meşə örtüyü ölkənin meşə ehtiyatlarının 5 %-ni təşkil edir. Meşələrində palıd, vələs, fıstıq, qızılağac, akasiya və s. ağaclar bitir. Qanıx (Alazan) çayı boyunca Tuğay meşələri var. Dərman bitkiləri ilə zəngindir. Maraqlıdır ki, dünyada Şuşadan başqa heç yerdə bitməyən Xarı Bülbül adlı məşhur gül Balakən rayonunda bitir.

Rayonun faunası da zəngindir. Dağ və düzənlik meşələrində qonur ayı, dağ keçisi, canavar, çaqqal, tülkü, qaban, dovşan, cüyür və s. heyvanlar yaşayır.

Ən iri çayları Qanıx (Alazan), Balakənçay, Katexçay və Mazımçaydır.

Balakən üçün əsasən rütubətli subtropik və dağ-tundra iqlimi səciyyəvidir. Rayonda 4 iqlim qurşağı mövcuddur. Düzənlik və dağətəyi hissədə mülayim və yarımrütubətli subtropik, yüksək dağlıq yerlərdə soyuq və rütubətlidir. Rayonun 65%-də subtropik iqlim qurşağı mövcuddur.

Balakən rayonunun 57 yaşayış məntəqəsində 83 mindən artıq əhali yaşayır. Rayon etnik tərkibi baxımından rəngarəngdir. Əhalisi əsasən azərbaycanlılar və Qafqaz avarlarından ibarətdir. Etnik azlıqlar içərisində Qafqaz avarları üstünlük təşkil edir. Rayonda avarlardan başqa ingiloylar, qaraçılar, saxurlar, ruslar, ukraynalılar da yaşayır.

Balakən çox zəngin tarixə malik rayondur. Respublikamızda 6308 tarix və mədəniyyət abidəsi mövcuddur. Onların 65-i dünya, 2034-ü ölkə, 4209-u yerli əhəmiyyətli abidələrdir. Rayonda dövlət qeydiyyatından keçmiş 26 tarix və mədəniyyət abidələri və 32 yeni aşkar olunmuş abidələr mövcuddur. Qeydə alınmış abidələr inventarlaşdırılmış, qoruyucu lövhələr vurulub. Həmin abidələrdən 2-si ölkə əhəmiyyətli memarlıq, 7-si ölkə əhəmiyyətli arxeoloji, 17-si isə yerli əhəmiyyətli abidələrdir.

Bakı-Şamaxı-İsmayıllı-Balakən turizm marşrutu rellaşdığından Balakən rayonunda 12 turizm marşrutu üzrə zonalar müəyyənləşdirilib.

1. Balakən – Katex şəlaləsi
2. Balakən – Qubek – Su dönən
3. Balakən – “Mirovaya voda”
4. Balakən – Arılıq
5. Balakən – Qaraçay – Siltik – Geoloji kəşfiyyat
6. Balakən – Mazımçay
7. Balakən – Darvazbinə – Göyəmtala – Qanıx
8. Balakən – Qabaqçöl – Bağman bulaq – Kubçar bulaq
9. Balakən – Aviasiya mərkəzi – İmam bulağı
10. Balakən – İtitala
11. Balakən – Gərəkli – Zepel bulaq – Pəri qalası
12. Balakən – Cicixana


Sasani dövrünə aid Böyük Sədd –bu qədim tarixi abidənin qalıqları Balakən rayonunun Katex kəndində Bakı-Balakən magistral yolu boyunca yolun şimalındadır. Divarların eni aşağıda 1,5 metrə yaxındır, hündürlüyü 4-5 metr olub. Sədd V-VII yüzillikdə Azərbaycanı Sasanilər işğal etdikdən sonra Sasani hökmdarı I Qubad və Xosrov Ənuşirəvanın göstərişi ilə tikilib.
Səddin tikilməsində məqsəd ölkəni dağlıların qəfil hücumundan müdafiə, həmçinin "Hun keçidi"ndən gələn hunların axınının qarşısını almaq idi.

Darvaz məbədi – Antik dövr müəlliflərinin qeyd etdikləri kimi, bu məbəd Qanığın (Alazan çayı) sol sahilində, Tuğay meşəsinin ortasında olan düzəngahın mərkəzindədir. Məbəd Balakən rayonunun mərkəzindən 15-16 km cənubda, Qacarçöl adlanan böyük bir düzəngahın yaxınlığında, Darvaz binə deyilən yerdədir.

Arılıqbinə məbədi – yerləşdiyi ərazi Balakəndən Gürcüstana gedən magistral yolun sağında, dağın ətəyində, son dərəcə mənzərəli bir yerdə, rayon mərkəzindən 5 km qərbdə, yoldan 1 km şimalda yerləşir. Əsas kilsə binası qismən salamatdır və çox keyfiyyətli kərpiclə tikilib. Təxminən 4 hektar sahədə çay daşı və hasar daxilindəki ərazidə çoxsaylı tikili qalıqları, o cümlədən xeyli qəbirlər var.

Minarəli məscid - Balakən rayonunun mərkəzində yerləşir. 1867-1877-ci illərdə inşa edilib. Bişmiş kərpicdən tikilmiş məscidin sahəsi 1025 kv. metrdir. Əsas binadan ayrı tikilmiş minarənin hündürlüyü 45 metrdir. Məscidin şimal-qərb fasadında dörd yerdə qabarıq formada ərəb dilində sülh elementli nəsx xətti ilə kitabələr həkk edilib.

Nur kilsə – Bu abidə Talalar kəndində düzən bir yerdə yerləşir. XIV əsrə aid Nur kilsəsinin uzunluğu 15 m, giriş hissəsinin hündürlüyü 7,6 m olub bu hissə 2 tərəfli və 6 bucaq şəkillidir. Binanın eni isə 6 metrdir. İki hissədən ibarət olan binanın giriş hissəsi öndə iki nəhəng sütun üzərində durur, sonra isə ibadət yeri olan hissəyə, otağa giriş qapısı üzərində tağa birləşir.

Gül qala – Balakən çayının sağ sahilində Mahamalar kəndində yerləşir. Gül formasında tikilib, 8 güşəlidir.

Noxo mağarası – Rayon mərkəzindən 18 km şimalda, Qubek qayası deyilən yerdə yerləşir. Dəmir dövrünə aiddir. Mağaraya girmək qeyri-mümkündür. Mağaranın qarşısı sıldırımlı aşırımdır. Mağaraya qayanın üstündən alpinist ləvazimatı ilə düşmək mümkündür.

Pəri qala – Humbul çayının yatağı istiqamətində olan dağ keçidinin (Hun keçidi) qarşısında tikilən möhtəşəm qaladır. Qala V-VI yüzillikdə Böyük Səddlə eyni vaxtda Hun tayfalarının hücumuna qarşı müdafiə məqsədilə tikilib.

Məscid - XVIII əsr, Mahamalar kəndi, Dibirovların yurdunda yerləşir.
Hacı Murtuz qalası – XVIII-XIX əsr, Mahamalar kəndi.
Məbəd – 1780-ci il, Qullar kəndi.
Cicixana məbədi – Katex kəndində dağın ətəyində yerləşir.
Türbə – XIV əsr, Tülü kəndi, Dabaxovların yurdunda yerləşir.
Məscid – 1905-cu il, İtitala kəndi.
Məscid – 1910-cu il, Kortala kəndi.
Alban məbədi – IX-XI əsr, Hənifə kəndi Roçəhməd yaşayış ərazisində yerləşir.
Məbəd – XVI əsr, Mazımqaray.
Məscid – XVII əsr, Katex kəndi.
Məbəd – XIII əsr, Katex kəndi.
Məbəd – XV əsr, Katex kəndi.


Balakən çoxsahəli təsərrüfata malikdir. Burada tütünçülük, baramaçılıq, arıçılıq, meyvəçilik (əsasən qərzəkli meyvəçilik) daha çox inkişaf edib. İqtisadiyyatında heyvandarlıq və taxılçılıq da mühüm yer tutur. Balakən ölkənin ən çox qarğıdalı tədarük edən rayonudur. Sənayesi əsasən kənd təsərrüfatı məhsullarını emal edir. Rayonda tütün fermentləşdirmə, konserv zavodları, fındıq emalı müəssisəsi, kərpic zavodu, istehsalat və meşə kombinatları var.

Balakənin özünə məxsus milli mətbəxi var. Sac üzərində bişirilən günəş rəmzi daşıyan maxara, toyuq çığırtması, iribuynuzlu heyvan içalatından hazırlanan ev kolbasası (bağırsaq dolması adlanır), ət, şor, qabaq (boranı) xəngəlləri, ət şor, gicitgən, qabaq qutabları (yerli dialektdə xitəb adlanır), soğança, boş xəngəl ancaq balakənli qadınlar tərəfindən ustalıqla hazırlanıb bişirilir.
Xörəklərin bir çoxunun hazırlanmasında mədəni şəkildə becərilən yerli ədvadan (ətotudan) geniş istifadə olunur. Rayonda dağ yamaclarında bitən xüsusi növ kəkotundan (xinçi adlanır), təzə və qurudulmuş cökə çiçəklərindən dəmlənən çay soyuqdəymə, zökəm, baş ağrıları, ümumhalsızlıq kimi xoşagəlməz fəsadları aradan qaldırmaqda əvəzsiz vasitələrdir.

Mənbə - Balakən rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsi və Vikipediya Açıq Ensiklopediyası.

Bölmə: Bölgə | 09 aprel 2011 11:05 | Baxış sayı: 4547





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: