BolgeXeber.Com » Müsahibə-Reportaj » “Başıaçıq olan şəkillərimin baxılmasına haram qoymuşam” - Xuraman Şuşalı

“Başıaçıq olan şəkillərimin baxılmasına haram qoymuşam” - Xuraman Şuşalı

12-10-2019, 18:28
Oxunub: 15 372 “Başıaçıq olan şəkillərimin baxılmasına haram qoymuşam” - Xuraman Şuşalı"Nə qədər hicab kamil olsa, bir o qədər gözəldir"

Bolgexeber.com Moderator.az-a istinadən müğənni Xuraman Şuşalı ilə müsahibəni diqqətinizə çatdırır:

- Xuraman xanım, son vaxtlar səs-sədanız glmir. Mahnılar, kliplər... Hətta efirlərdə belə yoxsunuz. Sakitçiliyə çəkilməyin səbəbi nədir?

- Məhərrəmlik ayı ilə əlaqədar həmişə sakitçiliyə çəkilirəm. Daha doğrusu, 2012-ci ildən bəri – 7 ildir. Hicaba keçəndən Məhərrəmlik ayında heç bir verilişdə, şadlayanalıqda iştirak etmirəm. Ümumiyyətlə, əgər nəsə bir işim olacaqsa, görünməyə üstünlük verənlərdənəm.

- Neçə ildir ki, sənətdəsiniz?

- 5-ci sinifdən – Şuşadan məcburi didərgin düşəndən bəri “Bənövşə” uşaq xorunda fəaliyyət göstərməyə başlamışam. 1992-ci ildən AZTV-nin solistiyəm. 27 ildir professional səhnədəyəm.

- 27 il az müddət deyil... amma hələ də heç bir fəxri adla təltif olunmamısınız. Halbuki, sizinlə bərabər səhnəyə qatılanların çoxuna fəxri adlar verilib. Hətta sonradan gələnlərə belə...
- Hələ mənə heç bir təklif gəlməyib. İnşallah, verilər mənə də.

- Efirlərə dəvətlər alırsınız heç olmasa...
- Adamın üstündə Allah var. Dəvət edirlər sağ olsunlar. İnşallah, noyabr ayından görünərəm.

- Həcc ziyarətinə getməmisiniz hələ?
- Yox, amma 2010-cu ildə Kərbəlada olmuşam. Uşaqlarım hələ balacadır, 14 günlük səfərə çıxanda onları kimin yanına qoyum? Ana qayğısından məhrum qalmalarına könlüm razı olmur. Qoy bir az böyüsünlər, mən də o vaxta kimi bir az da kamilləşim, sonra gedərəm.

- Hicabdan imtina etdiyiniz anlar olubmu? Şeytan sizi yolunuzdan azdırıbmı heç?
- Şükürlər olsun ki, hələ elə bir hal baş verməyib. 2013-cü ildən hicabdayam. Hələ ki, bir dəfə də olsun beynimdən hicabdan imtina etmək istəyi keçməyib. İnşallah, keçməz də.

- Sənət yoldaşlarınızla əvvəlki kimi mehriban dostluq münasibətləriniz yerindədir? Get-gəliş var?
- Mənim devizim var: “İçki məclislərində iştirak etmirəm”. Bunu artıq hamı bilir, ətrafım yəni. Müştərilər də bilirlər. Bəzən elə yerə çağırıb deyirlər ki, gəl, narahat olma, sənin oturduğun stolda içki olmayacaq. Razılaşmıram. Bu qanunla 7 ildir yaşayıram və hələ ki, riayət edirəm.

- Bəs şou-proqramlar?
- İçki olur deyə, getmirəm ora da.

- Ailədə vəziyyət neçədir? Uşaqların neçə yaşları var?
- Hər şey qaydasındadır, şükür Allaha. Yoldaşım və uşaqlarımla özümə düzən qurub yaşayıram. Böyük uşağımın 9 yaşı, ortancılın 7, kiçiyinin isə 5 yaşı var.


- Keçmiş dostlarınızdan Röya ilə münasibətlər nə yerdədir?
- Röya ilə görüşəndən görüşənə salamlaşırıq. Küsülü deyilik, düşmən də deyilik. Nə vaxtsa bir-birimizə nəsə lazım olsa, kömək edəcək durumdayıq. Mənim ümumiyyətlə, heç kimlə düşmənçiliyim yoxdur. Kiminsə mənimlə problemi olarsa, Allahın ixtiyarına buraxıram.

- Efirlərə çağırılanda seçim edirsiniz? Məsələn, hansı verilişə dəvət alsanız, düşünmədən imtina edərdiniz?
- Mənim heç kimlə problemim yoxdur. Verilişlərə də dəvət alanda, götür-qoy edirəm ki, görüm gələn qonaqlarla uyğunluğum varmı? Və ya mövzu məni qane edirmi? Vacib deyil ki, təki efirdə görünüm, hansı veriliş olursa-olsun. Camaatın gözünü mazol etmək nəyə lazımdır axı?


- Ümumiyyətlə, efirlərimizdəki vəziyyət nə yerdədir?
- Vallah, yalan nə deyim? Heç bir tekanallara baxmıram. Təkcə İnstagramda aktivəm. Mənim hal-hazırda evimdəki televizorların heç biri göstərmir. Maşallah. 5 televizorumuz var. Amma baxmırıq. Hamısını bağlamışam. Uşaqlar ancaq cizgi filmlərinə baxırlar, kurslara, hazırlıqlara gedirlər, həftə sonu da əyləncə mərkəzlərinə aparıram onları. Bilirsiniz, efirdə uşaqlarıma nəyi göstərim? Nəyə baxsınlar? İstədiklərinə internetdə girib baxırlar.

- Xuraman xanım, illər öncə fotosessiya etdirmişdiniz... Açıq-saçıq şəkilləriniz hələ də internetdədir. Bununla bağlı tədbirlər görmürsünüz?
- Başıaçıq olan şəkillərimin baxılmasına haram qoymuşam. Nəyi ki özüm və ya dost-tanış qoyub internetə, onları sildirmişəm. Nəyi ki, gücüm çatmayıb, onlar hələ də qalıb. Xahiş edirəm ki, kim ki ixtiyar sahibidir, çalışıb silsinlər onlar da. Allah razı olsun. Məni maraqlandıran mənim bundan sonrakı həyatımdır. Allahla mənim aramda olan haqq-hesabı yalnız Allaha verə bilərəm. Ümumiyyətlə, mənim hicaba keçməyim çoxunun gözünə girən bir şey oldu. Fakt mənim bu günümdən gedir söhbət. Allah məni bu tövbə ilə qəbul edirsə, bəndə kimdir ki, mənim keçmişimi qurdalasın? Qiyamət günü hər bir addımımızın sorğu-sualı var. Mən görməsəm də, Allah ki görür. Kim ki nə edirsə, özünə edir: istər yaxşılıq, istərsə də pislik. Özümüzlə bir tək kəfən aparırıq. Adam var ki heç ona kəfən də qismət olmur. Özümüzlə o biri dünyaya əməllərimizi aparırırq.


- Hicab onsuz da çox gözəldir. Son vaxtlar hicabın qeyri-adi formalarda təqdim edilməsi, cazibədar hala salınması, hicablı xanımların vulqar makiyajı müzakirə mövzusuna çevrilib. Sizin geyimlərinizdə də bu özünü biruzə verir.
- Əslində hardasa mən özüm də bəyənmirəm bu halları. Nə qədər hicab kamil olsa, bir o qədər gözəldir. Amma hər adam da bu kamilliyə riayət edə bilmir. O da Allahla sənin aranda olan haqq-hesabdır. Fakt orasındadır ki, sənin saçın görünməsin. Düzdür, hicab o qədər də cəlbedici olmamalıdır. Amma hicabı bağlayıb, tərki-dünya da olmamalısan. İkincisi, mən toylara gedirəm. Adi həyatda heç makiyaj da etmirəm. Çox sadə geyinirəm. Amma toyda hər kəsin gözü müğənnidə, bir də gəlində olur, şəkillər çəkdirirlər və s. Mən seçilmiş bir adamam, geyimim də gözəl olmalıdır, hicabım da, makiyajım da. Bəzəkdən-düzəkdən gəlmiş bir adamam, sırf kamil də ola bilmərəm. Təki Allah-Təala mənə belə bir iman versin. Hər adamda o iman ola bilmir. Niyə? Çünki komplekslər var. İstər-istəməz bəzənir insan. Bugünkü gündə mən bu bəzək-düzəkdən qalsam, inanmıram ki, gəşəng görünəm. Çox adam deyir ki, makiyajsız da gəşəngsən. Amma insanın özgüvəni o qədər həddini aşmalıdır ki, o, özünün eybəcər görünüşünə də qane ola. O şəkillərim var ha internetdə dediyiniz, mən o zamanlardan namaz qılan xanım olmuşam. Açıq-saçıq geyinsəm də, namazımı buraxmırdım. Amma Allaha xırda gətirib çıxartdı məni bu yola.

- Açıq-saçıq geyinənlərlə hicablılar arasında bi fərq varmı?
- Fərq yalnız hicabda ola bilər. Ümumiyyətlə, bəzən açıq geyinən xanımlara elə bir zərbə vurulur ki, haqqında elə sözlər danışılır ki... bəlkə də o xanımın elə bir əməli ola bilər ki, min ibadət edənin əməlindən gözəl olar. Heç kəs heç kəsi müzakirə etməməlidir! O Allahla bəndənin arasında olan haqq-hesabdır. Bəzən mənə deyilir ki, kaş filankəs də sənin kimi hicablanardı. Deyirəm, bilmək olmaz, sabah bəlkə o adam elə bir cihad, elə bir əməl edə bilər ki, bizi təəccübləndirə bilər. Bəlkə də mən cəhənnəmə, o isə cənnətə düşə bilər? Bunları biz bilə bilmərik. Hərdən görürəm ki, biri bir kitab oxuyub, başlayır yekə-yekə danışmağa, camaata ağıl verməyə. Bir az sadə olmaq lazımdır. Hər kəs öz əməlinə görə cavab verəcək. Hər kəs özündən başlamalıdır! Kiminsə səhvini düzəltməkdənsə, özündən başla.
“Başıaçıq olan şəkillərimin baxılmasına haram qoymuşam” - Xuraman Şuşalı
“Başıaçıq olan şəkillərimin baxılmasına haram qoymuşam” - Xuraman Şuşalı
“Başıaçıq olan şəkillərimin baxılmasına haram qoymuşam” - Xuraman Şuşalı
“Başıaçıq olan şəkillərimin baxılmasına haram qoymuşam” - Xuraman Şuşalı