BolgeXeber.Com » Ölkə » 19 oktyabr aksiyasında sabotajçıların əli olub?

19 oktyabr aksiyasında sabotajçıların əli olub?

23-10-2019, 10:33
Oxunub: 2 707 19 oktyabr aksiyasında sabotajçıların əli olub?“Bu aksiya daxildə islahatlara dirənişin küçəyə yansıması idi” - siyasi ekspert

Azərbaycan prezidenti İlham Əliyev 15 oktyabrda hökumət üzvlərinin bir qrupu ilə keçirdiyi iqtisadi müşavirədə bildirmişdi ki, iqtidar daxilində islahatları saxlamağa çalışanlar var, çünki islahatlar onların maraqlarına toxunur.

Prezidentin bu açıq bəyanatından cəmi 4 gün sonra şəhərin mərkəzində icazəsiz mitinq keçirməyə cəhd edildi və Azərbaycana yönəlik beynəlxalq səviyyəli sərt xarakterli bəyanatların verilməsinə səbəb olan hadisələr yaşandı. Milli Şuranın 19 oktyabrda keçirməyə cəhd etdiyi icazəsiz aksiyada Qərb dairələrinin, Rusiyanın, eləcə də ölkə daxilində müəyyən qüvvələrin rolunun olduğunu düşünənlər var.

Siyasi ekspert Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, prezident sonuncu müşavirədə öz çıxışında müxtəlif təbəqələrə-istər hakimiyyətdə, istərsə də cəmiyyətdə olanlara ünvanlanan mesajlar verib. Mesajlarda əsas yük hökumətdəki siyasi, iqtisadi, icra qurumlarına ünvanlanan mesajlar var idi. Cəmiyyətə yönəlik mesajlarında prezident siyasi, sosial nüanslara diqqət çəkirdi.


Həmin sabotajçı adamların öz vəzifələrini bir müddət də qoruyub saxlamaq naminə ölkə daxilində süni gərginliyin yaranmasında maraqlı olmaları istisna deyil. Odur ki, 19 oktyabr aksiyasında, xüsusilə icazəsiz aksiyalarda onların marağının olması mümkündür: “Prezident də ağıllı, uzaqgörən siyasətçi kimi islahatlara qarşı olan həmin adamların nələr etdiyinin fərqindədir. Əslində prezident həmin çıxışı ilə o adamlara stop mesajını da çatdırmış oldu. Prezidentin çıxışı sabotaj siyasəti aparan dairələrə siqnal idi. 19 oktyabrda keçirilən mitinqdə, ümumiyyətlə, ölkədə mitinqlər vasitəsilə gərginliyin yaranmasında siqnal ünvanı olan həmin adamların da marağı ola bilər. Həmin gün Bakı küçələrində baş verənlərin analizi onu deməyə əsas verir ki, bu aksiya daxildə islahatlara dirənişin küçəyə yansıması idi, sanki bir növ prezidentin müşavirədəki çıxışına cavab olaraq. Lakin həmin adamların müxalifətlə gizli işbirliyinin olduğu haqqında birmənalı iddia etmək üçün əlimizdə konkret yetərli dəlillər olmalıdır. Bunu daha çox münbit vəziyyətdən qrup maraqları üçün fürsət kimi istifadə olunması adlandıra bilərik. Bax, bunu iddia etmək üçün bir sıra ciddi əsaslar var. Məsələn, cəmiyyət və sosial media və sair kimi platformalarda mitinq və ətrafında baş verən mövzuların müzakirəsi zamanı susqunluq, bir sıra hallarda isə prosesə körükləyici münasibət və s. kimi addımların müşahidə olunması da əsas verir”.

Etibar SEYİDAĞA,